Şəhidi qocaltmaz illərin yaşı,
Şəhid yatan torpaq oyaqdır yatmaz,
Şəhidi ağlasın bahar yağışı,
Ona anaların göz yaşı çatmaz.
Ölümün gözünə dik baxmaq cəsarətdir. Öləcəyini bilə-bilə bir qarış torpağı düşmən əlinə keçməsin deyə geriyə baxmadan düşmən gülləsinin önünə keçərək özü ilə birlikdə onu da ölümə sürüklənəndir ŞƏHİDLƏR! Arxada kim qalar, kim acı çəkər, kim məndən sonra dərdə düçar olar demədən, hətta düşünməyə belə fürsət olmadan güllənin, tankın qarşısına nər kimi çıxanlardır ŞƏHİDLƏR! Vətən əldən getməsin deyə canını heçə sayanlardır ŞƏHİDLƏR! B.Vahabzadənin dediyi kimi, “cəsarət tumunu əkənlərdir ŞƏHİDLƏR!”.Bu yazımızda Daşkəsən rayonunda doğulub boya-başa çatmış Elşən Natiq oğlu Quliyev və Allah aşiqi Daşkəsən rayonunun gənc mərsiyəxanı şəhid Elnur Sahib oğlu Bağırovdan danışmağı borc bildik. 21 dekabr 1992-ci ildə Daşkəsən rayonunda dünyaya göz açan Elşən Quliyevin uşaq vaxtlarından vətənə, torpağa olan bağlılığı böyüdükcə daha da qabarmış, dərinləşmişdi içində. Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini 7 il davam etdirdi. Atası Quliyev Natiq Musa oğlu da Birinci Qarabağ döyüşlərinin veteranı olub. Atasızlığın necə bir hiss olduğunu dadan hər zaman zəhmətə qatlaşaraq böyüyən, hər çətinliyin öhdəsindən alnı açıq gələn qəhrəmanımızın həyat yolu övladının da həyat yolundan yan keçmədi. Elşən 27 sentyabrda başlayan vətən müharibəsində Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Onun döyüşlərdə göstərdiyi mərdlik və qəhrəmanlığından döyüş yoldaşları göz yaşları və qürur hissi ilə ağız dolusu danışırlar. Elşənin nəşi uzun sürən axtarışdan sonra tapılaraq ailəsinə təhvil verilmiş, doğulduğu ay – dekabrın 12-də Daşkəsən rayon şəhidlər xiyabanında dəfn edilmişdir. Ailənin yeganə oğul övladı olan şəhidimiz Elşənin vətənə əmanət 2 övladı – oğlu və yaşı tamam olmamış qızı Nəzrin bala yadigar qalıb. Qızının üzünü görmək çox təəssüf ki, Elşənə qismət olmadı. Övladları böyüdükcə onun kimi qəhrəmanın, qorxmaz igidin, uca şəhidlik məqamı ilə hər zaman fəxr edəcək. Və Elşənin müqəddəs ruhu övladlarının yoluna daima işıq saçacaqdır.Daşkəsən rayonunun mərsiyəxanı şəhid Elnur Sahib oğlu Bağırov 16 aprel 1993-cü ildə Daşkəsən rayonunda anadan olmuşdur. 2000-2011-ci illərdə İmadəddin Nəsimi adına Daşkəsən rayon 1 sayılı orta məktəbdə oxumuş, 5 iyul 2011-2013-cü ilin yanvar tarixlərində Daşkəsən rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 14 may 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi Xoşbulaq kəndində hərbi xidmətini davam etdirmişdi. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı böyük şücaət göstərərək 28-dən 29-na keçən gecə şəhadətə yüksəlmişdir. İtkinlər arasında uzun müddət axtarılan şəhidimizin nəşi 69 gün sonra tapılaraq 6 dekabr 2020-ci il tarixində Daşkəsən rayon şəhidlər xiyabanında dəfn edilmişdir. Prezidentimiz tərəfindən E.Bağırov ölümündən sonra vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunmuşdur.Şəhid qardaşlarım, siz peyğəmbərlikdən sonra gələn ən uca məqama yüksəldiniz. Sizin kimi mərd, ürəyi vətən eşqi ilə çırpınan oğullar kitablarda dastan, dillərdə əzbər olaraq əbədi yaşayacaqsınız. Cəsarətin və mərdliyin rəmzi olan şəhid qardaşlarım, məkanınız cənnət, şəhadətiniz mübarək, ruhunuz əbədi şad olsun.
sia.az