Siyasət

  • 2 212

Ermənistan cəmiyyətini düşündürməli olan SUALLAR – TƏHLİL

image

Ermənistan öz yanlış siyasəti, işğalçılıq meyilləri sayəsində indi bölgədə hamıdan geri qalıb və bu ölkə ictimaiyyətinin ümidsizlik girdabına düşməsi də bu mənada anlaşılandır. İndi artıq erməni cəmiyyəti yaxşıca düşünməli və doğru qərar qəbul etməlidir ki, düşdüyü vəziyyətdən çıxış yolu tapa bilsin. Bunun üçün isə, Ermənistanın niyə indi belə dəhşətli vəziyyətdə olduğu, bu vəziyyətə gətirib çıxaran səbəblərin nələr olduğu barədə suallara ermənilər artıq cavab tapmalıdır.

İllər boyu Ermənistanı idarə edən Qarabağ klanının hakimiyyəti bu ölkədə normal qarşılandı, separatçılıq, işğalçılıq siyasəti də dəstəkləndi. Həmin dövr ərzində Ermənistan ictimaiyyətində cəmiyyətin dəyişdirilməsinə can atılmasının aktiv əlamətləri görünmədi. Qarabaq klanının hakimiyyəti dövründə Robert Koçaryana da, Serj Sarkisyana da çox şeylər bağışlandı və ermənilər onların cinayətkar rejiminə göz yumdu, əməlləri də görməməzliyə vuruldu. Səbəb isə həmin rejimin Qarabağ ərazilərini işğal etməsi, həyasızcasına həmin əraziləri öz torpaqları elan etməsi, ikinci qondarma dövlət qurmaq cəhdləri idi və ermənilərin torpaq üçün olan iştahası sanki gözlərini tutmuşdu deyə bütün bu cinayətlər sanki görünmürdü.

Qarabağ klanının artıq arxayınlaşması da müşahidə olunurdu və bu arxayınlıq o həddə çatmışdı ki, Serj Sarkisyan səlahiyyət müddətinin, hakimiyyətinin uzanacağına qəti şəkildə inanırdı. Hətta o, dövlət əmlakını mənimsəməklə, qanunsuz yolla topladığı milyardlarının sehrli gücünə də bərk arxayın idi və elə hesab edirdi ki, bununla nəyə isə nail ola biləcək, lakin ona heç nə kömək etmədi. Ona elə gəlirdi ki, Qarabağın işğalında özünəməxsus roluna görə də ona hər şey bağışlanacaq və bunu o öz həyatının ən böyük səhvi də hesab edə bilər. Beləki, bir müddət sonra erməni cəmiyyəti özünü aldanmış hesab etməyə başladı və Serjin bu arxayınlığı ona baha başa gəldi. Ermənistan cəmiyyəti bu dəfə küçə nümayişləri ilə Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırdı ki, guya bununla ağ günə çıxacaq, amma qara gündə olmalarının əsl səbəbini, işğalçılıq siyasətini etiraf edərək, bundan imtina etmədiklərinə görə, qonşu dövlətlərlə münasibətlərdəki gərginliyi aradan qaldırmadıqlarına görə hələ də ümidsiz vəziyyətdədir.

Sözsüz ki, erməni cəmiyyəti məxməri iniqlab dediyi küçə nümayişlərindən çox şeylər gözləyirdi və parlaq gələcək arzusunda idi. Ermənilər bu inqilabdan fərqli şeylər gözləyirdi və demokratik cəmiyyət quracaqları xəyallarını da gizlətmirdilər. Elə zənn edirdilər ki, sadəcə demokratiya deməklə onu əldə edəcəklər və Qərb də buna görə onları əllərində saxlayacaq, hər zaman da dəstəyini, maddi yardımını əsirgəməyəcək. Küçə nümayişçisi Nikol Paşinyan da onlara qızıldan dağlar vəd edir və ermənilərə hədsiz dərəcədə böyük, hətta sərhədsiz ümidlər verirdi. Amma belə olmadı. Əvvəla, Ermənistan kimi bir işğalçı ölkə ilə demokratiya arasında hər zaman elə bir məsafə olub ki, bu məsafəni aradan qaldırmaq üçün küçələrdə belində çanta gəzərək qışqırmaq, yaxud quru vədlər kifayət etməz. Bu reallığı Qərb də gördü və şahidi oldu ki, Ermənistanda demokratiya da hər şey kimi qondarmadır. Digər tərəfdən, erməni xalqının illərdir ac olan qarnını demokratiya vədləri ilə doldurmağın mümkünsüzlüyünü elə erməni xalqı da, Paşinyanın özü də, üstəlik Qərb də gördü. Göründü ki, bu xalqın, bu ölkə vətəndaşlarının vəziyyətini az da olsa yaxşılaşdırmaq üçün yalançı vədlər heç nəyə yaramır.

Baş nazir postunu boş, əsassız vədlərlə ələ keçirən Nikol Paşinyanın kardinal dəyişikliklər barədə verdiyi sözlərin mənasız olduğunu başda elə onun özü olmaqla, bütün erməni cəmiyyəti qısa müddət ərzində anladı. Anladı ki, bunlar nəinki baş vermədi, heç mümkün olmasına ümid də yoxdur. Bu ümidsizlik nədən əmələ gəldi? Ümumiyyətlə, niyə belə oldu? Bu suallar indi erməni cəmiyyətini daha çox maraqlandırmalıdır. Ermənistan vətəndaşları bu zamana qədər olanları, verilən vədləri, yalançı iddiaları bir daha xatırlamalı düzgün nəticə çıxarmalıdır. Süni şəkildə yaradılan miflər ermənilərə nə verdi? Hanı bəs dırnaqarası “cəsur” erməni silahlı qüvvələri, hansıki cəmi 44 gün ərzində diz çökdü? Bəs Sarkisyanların, Koçaryanların, ümumiyyətlə Qarabağ klanının aqibəti nə oldu? Özündən çox razı olan beli çantalı küçə nümayişçisi ən qısa zaman kəsiyində niyə aciz vəziyyətə düşdü və niyə təslim olması barədə kapitulyasiya sənədini imzaladı? Bunlar hələ də erməni cəmiyyətini ayıltmadımı? Görmədilərmi ki, kimlərinsə oyunlarının qurbanı kimi hər zaman bəlalara düçür olurlar?

Uzun zaman erməni xalqına dırnaqarası “Böyük Ermənistan” qurulacağı vəd edilib və bu iddiaya görə, daha doğrusu bu mif səbəbindən həmin xalqın nələr çəkdiyi də tarix boyu özünü göstərib. Bölgədə sığınacaq alan, sonra da həmin torpaqların onlara məxsus olduğunu iddia edənlər daha sonra çox böyük xülyalara düşüblər. Bu xülyalara düşmələri də səbəbsiz olmayıb, çünki hər dövrün erməni manipulyatorparı, avantüristləri öz maraqları naminə erməni xalqını oyunlarına alət ediblər. Yəni, illüziyalar yaradan erməni avantüristləri mənsub olduqları xalqı bəlalarla üz-üzə qoyublar. Bu xalqın isə özünəməxsus olan xisləti, torpaqlarını genişləndirmək niyyəti onların alətə çevrilməsinə gətirib çıxarıb. Ermənilər, daha doğrusu haylar tarixən köçəri olduqları üçün onların vətəni heç zaman olmayıb və həmin xalqın daim torpaq, vətən arzusu, yaxud yanqıları bəllidir, amma bu onlara haqq vermir ki, qonşu dövlətlərin, xalqların torpaqlarına iddialı olsunlar, həmin torpaqların onların özlərinə məxsus olduğunu desinlər. Məhz bu haqsızlıqları hər dəfə başlarına bəlalar açıbsa da, görünür bu zamana qədər bundan dərs çıxara bilməyiblər. Ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarını işğal etmək, soyqırım, etnik təmizləmə siyasəti yürütmək niyyəti ilə qırğınlar törədən ermənilərin sonda hansı acılar yaşadıqları da bəllidir, ötən əsrin sonlarında bir də həmin niyyətə düşdüklərinin, Qarabağ ərazisini işğal etdiklərinin bu dəfə müharibədə məğlubiyyətə, itgilərə səbəb olduğu da. İstər ötən əsrin əvvəllərində, istərsə də sonunda məkrli niyyətlərinin ermənilərə verdiyi acılar, ağrılar yetərincə çoxdur və bütün bu acıların fonunda bir zərrə belə nə torpaq qazanıblar, nə də gün-güzəran. Əksinə, erməni xalqı hələ də səfalət içərisindədir və hər dəfə süni yaradılan miflərə, iddialar görə sonda rəzil duruma düşüblər. Bütün bu faktlar ermənilərin ağıllarını başlarına toplamaları üçün yetmədimi?

Niyə belə oldu, nəyi səhv etdilər, sualı indi erməni xalqını düşündürən ən vacib sual olmalıdır. İşğalçılıq siyasəti, terrorçuluq, separatçılıq sonda onlara nə verdi? Bu siyasət onları bölgədə marginallaşmış hala saldı, beynəlxalq layihəldən məhrum etdi, küncə qısılmış hala düşürdü, həmin ölkə vətəndaşlarını aclıq və səfalət içərisində inlətdi və hələ də inlədir. Nikol Paşinyanın daxili auditoriyaya hesablanan vədlərinə inanmayan, ümidini itirən ermənilərin kütləvi şəkildə ölkələrini tərk etmələri təsadüfi ola bilərmi? Ola bilməz, ona görə ki, bu hal kütləvi xarakter alıb və yaxın zamanda Ermənistanda kiminsə yaşamaq istəməsi, qalıb-qalmayacağı da hələ sual altındadır. Ümumiyyətlə, Ermənistan cəmiyyətini düşündürməli olan çox sayda suallar var ki, onlara doğru cavab tapılmazsa, artıq səhv addım atılarsa, doğru olmayan yol seçilərsə həmin ölkədə növbəti fəlakətlərə yol açılmış olacaq.

Digər xəbərlər