Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb
Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir". Ötən dövr ərzində şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Həmin kateqoriyadan olan şəxslərin mənzillə təminat prosesi davamlı olaraq həyata keçirilir və 2025-ci ilə qədər yekunlaşdırılması üçün dövlət tərəfindən vacib addımlar atılır. Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. "Şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir" – deyə Cənab Prezident bildirib. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir.
VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİNİN PROTEZLƏ TƏMİNAT PROSESİ YEKUNLAŞIR
Statistik rəqəmlərə nəzər salsaq görərik ki, şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Bu dəstək mexanizmi həmin şəxslərin gündəlik həyatında hiss olunan və mühüm rol oynayan ödənişlərdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında verdiyi tapşırığına əsasən, müharibə əlilləri yüksək texnologiyalı protezlərlə təmin edilməkdədirlər. Belə ki, 324 nəfər müharibə əlili yüksək texnologiyalı 338 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 124 nəfəri I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 128 ədəd müasir potezlə təmin olunublar. 200 nəfəri isə 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə yaralanaraq ətrafları amputasiya olunmuş qazilərdir və həmin şəxslərə ümumilikdə 210 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir. "Genium" tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir. Bütün bunlarla yanaşı 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Son 3 ildə isə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub.
11 MİNƏDƏK MÜHARİBƏ ƏLİLİNƏ PROAKTİV QAYDADA ÖDƏMƏ TƏYİN OLUNARAQ BANK HESABLARINA KÖÇÜRÜLÜB
Şəhid ailələrinə və qazilərə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün bunlar bir daha təsdiqləyir ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlət qayğısı və diqqət davamlıdır.
Həyata ardıcıl olaraq keçirilən tədbirlərin davamı olaraq Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. İlk olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. Proqram "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
BİRDƏFƏLİK ÖDƏMƏNİN MƏBLƏĞİ ƏLİLLİYİN DƏRƏCƏSİNƏ GÖRƏ TƏYİN EDİLİB
Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat təyin edilib.
Xatırlatmaq yerinə düşər ki, Cənab Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının növbəti Prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı.
Bütün bu addımlar Prezident Cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Nəzakət ƏLƏDDİNQIZI