PDF Oxu

Siyasət

  • 788

Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi mühüm əhəmiyyətə malikdir - ŞƏRH

image

18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı “Kazinforma” geniş müsahibə verir. Müsahibə zamanı Cənab Prezident İlham Əliyev iki ölkə arasında nəqliyyat, logistika, neft-qaz sahəsində əməkdaşlıq, eyni zamanda yaşıl enerji sahəsində birgə işdən, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən söhbət salıb.

Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasındakı həqiqi strateji tərəfdaşlıq və müttəfiq münasibətlərdən, ikitərəfli əməkdaşlığın günü-gündən inkişaf etməsindən, dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsindən və bütün bunların gələcəkdə hər iki ölkə üçün verəcəyi imkanlardan da müsahibəsi zamanı bəhs edir.

Qeyd etmək lazımdır ki, son üç ildə Prezident İlham Əliyev yeddinci dəfədir ki, Qazaxıstana səfər edir. Üç il ərzində Prezident Kasım-Jomart Tokayevin Qazaxıstanın inkişafı üçün gördüyü işlərin diqqət çəkdiyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu kimi halları müşahidə etməsindən məmnun olduğunu bildirərək qeyd edir ki: “ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istəyirəm”. Daha sonra Prezident İlham Əliyev Füzuli şəhərində Kumanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə də qardaş Qazaxıstana öz minnətdarlığını bildirir.

Azərbaycan və Qazaxıstan arasında ötən illər ərzində təqribən 170 sənəd işlənib hazırlanmışdır ki, bu sənədlər siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələri əhatə edir. Buna görə də Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında imzalanan Müqavilə xüsusi əhəmiyyət daşıyır. Həmin müqavilə iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sektorlarda inkişafı üçün etibarlı təməldir.

Müsahibə zamanı Prezident İlham Əliyev ötən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı ilk iclası keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətindən də bəhs edərək, qeyd edir ki, “Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.

Azərbaycanla Qazaxıstan eyni zamanda beynəlxalq və regional təşkilatlar, həmçinin BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və b. çərçivələrdə də əməkdaşlığı qoruyub-saxlayır. Hər iki dövlət bir-birini beynəlxalq arenada dəstəkləyir və bir çox mühüm məsələlərdə ortaq mövqeyi bölüşür.

Cənab Prezident İlham Əliyev son illərdə Azərbaycan və Qazaxıstan arasındakı iqtisadi-ticari əməkdaşlıq məsələlərinə də toxunaraq, bu sahədə də əməkdaşlığın spektrinin çox geniş olduğunu qeyd edir. Müsahibə zamanı İlham Əliyev qeyd etdi ki, iki ölkə arasında iqtisadi-ticari qarşılıqlı fəaliyyət uğurla davam edir, “hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıq faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub”.

Azərbaycanda bu günə kimi 250-ə yaxın Qazaxıstan kapitalı kommersiya strukturu qeydə alınıb. Bu da iqtisadi qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm zəmin hazırlayır. Bildirmək lazımdır ki, 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar, 2025-ci ilin yanvar-avqust aylarında isə bu rəqəm 547 milyon dollar həcmində olmuşdur. Prezident İlham Əliyev qeyd etdi ki, həmin artım “Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır”.

Müsahibə zamanı Prezident İlham Əliyev nəqliyyat-logistika, həmçinin neft-qaz sektoru, yaşıl enerji sahəsində əməkdaşlıq məsələlərinə də aydınlıq gətirir. İki ölkə arasında “nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır”.

Tranzit daşımaları 2024-cü ildə iki ölkə arasında 20 faiz artaraq, 3.5 milyon tondan çox olub. Orta Dəhliz isə ölkələr arasında səmərəli əlaqələrin təmin edilməsində mühüm rol oynayır. Orta Dəhlizin inkişaf və istismarı üzrə “2022-2027-ci illər üçün Yol Xəritəsi” də imzalanıb ki, bu, Türkiyə, Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, həmçinin “əlavə yük axının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur”.

Qazaxıstanla Azərbaycan arasında neft-qaz sektorunda da güclü əməkdaşlıq davam etdirilir, SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1.5 milyon ton Qazaxıstan neftinin tranziti ilə əlaqədar beş saziş imzalanıb. Bundan başqa 2024-cü ildə tranzit həcmlərinin mərhələli formada artımı və tariflərin aşağı salınması haqqında da saziş imzalanıb.

Prezident İlham Əliyev “Kazinforma” müsahibəsi zamanı Türk Dövlətləri Təşkilatının da inkişafına münasibət bildirir. O, 2009-cu ildə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatının türk xalqları və ölkələri arasındakı əməkdaşlığa mühüm təsirindən, Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündən bəhs edərək, bildirir ki, “bu yüksək səviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artıırlmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır”.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Digər xəbərlər