Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası zaman keçdikcə daha da böyüyür, nəsillərin yaddaşında xüsusi yer tutur. 8 Noyabr məhz belə günlərdəndir. 2020-ci ildə Vətən müharibəsi zamanı Şuşanın azad olunması Azərbaycanın hərbi və siyasi tarixində yeni səhifə açdı. 44 günlük müharibənin ən həlledici məqamlarından biri olan bu qələbə xalqımızın illərlə gözlədiyi arzunu gerçəkləşdirdi, işğal altında olan torpaqlarımızın azadlığına aparan yolu tamamladı.
Şuşanın azad edilməsi Azərbaycan dövlətinin qətiyyətli mövqeyinin, xalqın birliyinin və ordunun yüksək döyüş hazırlığının nəticəsi idi. Prezident İlham Əliyevin Şuşanın azadlığını elan edərkən səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri tarixi hadisənin mahiyyətini ifadə etdi. Dövlət başçısının bu müraciəti yalnız qələbə xəbərini deyil, həm də Azərbaycanın öz torpaqlarında yeni həyat qurmaq əzmini əks etdirirdi.
Bu Zəfərin təməlində güclü dövlət, müasir ordu və ardıcıl siyasi strategiya dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf istiqaməti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və dövlətçilik ənənələrinin gücləndirilməsinə xidmət etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və ordu quruculuğu ölkəmizin hərbi potensialını əhəmiyyətli dərəcədə artırdı. Vətən müharibəsində əldə olunan nəticələr Azərbaycanın öz gücünə arxalanaraq tarixi məqsədlərinə nail ola bildiyini təsdiqlədi.
Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri Qarabağın sosial, iqtisadi və mədəni həyatını yenidən formalaşdırmaqdır. Şuşa bu prosesin mərkəzində dayanır. Tarixi şəhərin bərpası zamanı onun özünəməxsus memarlıq üslubunun, milli ruhunun və mədəni irsinin qorunması əsas prioritet kimi müəyyənləşdirilib. Şəhərin Baş planı əsasında həyata keçirilən quruculuq işləri müasir infrastrukturun yaradılması ilə yanaşı, tarixi dəyərlərin yaşadılmasını da nəzərdə tutur.
Şuşanın beynəlxalq əhəmiyyətinin artması onun bərpa və inkişaf prosesinin mühüm nəticələrindən biridir. Azərbaycanın mədəniyyət paytaxtı statusunu daşıyan şəhər 2022-ci ildə “Şuşa İli” çərçivəsində geniş tədbirlərə ev sahibliyi edib. 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi tanınması Şuşanın regional və beynəlxalq səviyyədə mövqeyini daha da gücləndirib.
Şuşanın mədəni həyatının yenidən canlanması da diqqətəlayiqdir. Uzun fasilədən sonra Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının doğma şəhərdə keçirilməsi Azərbaycanın mədəni ənənələrinin davamlılığını göstərir. Bu tədbirlər Şuşanın yalnız tarixi məkan olmadığını, eyni zamanda, canlı mədəniyyət mərkəzi kimi fəaliyyət göstərdiyini nümayiş etdirir. 101 kilometrlik Zəfər yolu isə şəhərə gediş-gəlişi təmin etməklə yanaşı, xalqımızın qayıdış iradəsini simvolizə edir.
Şuşanın gələcəyi ilə bağlı ən mühüm məqam doğma sakinlərin öz evlərinə dönməsidir. 23 oktyabr 2026-cı il tarixinə olan məlumata əsasən, Şuşa şəhərinə 377 ailə, 1 411 nəfər, Böyük Qaladərəsi kəndinə 17 ailə, 78 nəfər, Kiçik Qaladərəsi kəndinə isə 26 ailə, 90 nəfər köçürülüb. Beləliklə, bu ərazilərdə ümumilikdə 420 ailənin 1 579 üzvü məskunlaşıb. Bu rəqəmlər insanların doğma torpaqlarında təhlükəsiz və firavan yaşayışının təmin edilməsi istiqamətində görülən işlərin konkret ifadəsidir.
Bu gün Şuşada yeni həyatın təməli qoyulur. Quruculuq layihələri, tarixi abidələrin bərpası, mədəni tədbirlər və insanların geri dönüşü şəhərin gələcəyə doğru inkişaf etdiyini göstərir. Şuşanın dirçəlişi Azərbaycanın tarixi irsə sahib çıxmaqla yanaşı, müasir və dayanıqlı gələcək yaratmaq niyyətinin təzahürüdür.
8 Noyabrın tarixi əhəmiyyəti yalnız qazanılmış qələbə ilə ölçülmür. Bu gün həm də azad edilmiş torpaqlarda həyatın bərpasını, xalqımızın öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək iradəsini ifadə edir. Şuşa Zəfərin başlanğıcında qazandığımız qüruru gələcək nəsillərə ötürən, Azərbaycanın gücünü və milli birliyini yaşadan müqəddəs şəhər olaraq daim yüksələcəkdir.
Gülnar Abbasova
YAP Babək rayon təşkilatının fəal üzvü