PDF Oxu

Siyasət

  • 1 116

Azərbaycan-Qazaxıstan əlaqələrində yeni dönəm - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” informasiya agentliyinə geniş müsahibə vermişdir. Dövlət başçısı müsahibəsində Azərbaycan–Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsini yüksək qiymətləndirmiş, iki ölkə arasında strateji tərəfdaşlığın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulamışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Qazaxıstanı dərin tarixi, mədəni və mənəvi köklər birləşdirir. Bu dostluq əlaqələri bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlətlərarası münasibətlər “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə” əsasında daha da möhkəmlənir. Müsahibə zamanı Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq məsələlərinə də toxunaraq bildirmişdir ki, iki ölkə arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar artmaqdadır. Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması, dəniz nəqliyyatı və liman infrastrukturunun genişləndirilməsi bu sahədə əməkdaşlığın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyev həmçinin “Orta Dəhliz”in (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əhəmiyyətini vurğulamış, bu layihənin həm Azərbaycan, həm Qazaxıstan, həm də bütün Türk dünyası üçün strateji prioritet olduğunu bildirmişdir. O qeyd etmişdir ki, nəqliyyat və loqistika sahəsində birgə fəaliyyət regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Prezident İlham Əliyev müsahibədə Xəzər dənizinin ekoloji problemlərinə də diqqət çəkmiş, su səviyyəsinin azalması məsələsini ciddi narahatlıq doğuran qlobal problem kimi dəyərləndirmişdir. O, bu istiqamətdə bütün sahilyanı dövlətlərin birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd etmişdir. Prezident İlham Əliyev, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdiyini, Türk dünyasının birliyi və həmrəyliyinin gələcək inkişafın əsas şərti olduğunu vurğulamışdır. Mədəni, elmi və humanitar sahələrdə əlaqələrin genişlənməsi iki qardaş xalq arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir. Müsahibə ümumilikdə Azərbaycan–Qazaxıstan münasibətlərinin gələcək istiqamətlərini müəyyən edən əhəmiyyətli siyasi bəyanat kimi qiymətləndirilir. Prezident İlham Əliyevin çıxışı ölkəmizin xarici siyasətində Türk dünyası ilə əməkdaşlığa verilən xüsusi önəmi bir daha təsdiqləmişdir.

Könül İbrahimova

Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər