Sosial

  • 5 177

İlham və Fərizə: bir sevgi hekayəsi OÇERK

image

Həyat sevgilərlə, bu sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Sevgi-bu müqəddəs hiss kimini xoşbəxt, kimini bədbəxt edir, kimi onu bir ömür doyunca yaşayır, kimi isə sevgi adlı yolçuluqda nakam bir yolçuya çevrilir. Bu yolda görünən yalnız xatirələr və xəyallar olur.1990-cı ilin 20 Yanvar faciəsi də minlərlə vətəndaşımızı nakam bir yolun yolçusuna çevirdi. O insanları ki, onlar ən ülvi sevgilərdən olan azadlığa qovuşmaq üçün neçə günlər idi ki, bir yola çıxmışdılar. Bu yolda onları nələrin gözləməsindən isə xəbərsiz idilər. Heç ağıllarına da gəlmirdi əslində qarşıda onları gözləyənlər.

***
1990-cı ildə 70 il idi ki, əldə etdiyimiz müstəqilliyimizi zorla əlimizdən alıb bizi əsarət zəncirlərinə bənd etmişdilər. 70 il idi ki, sovet imperiyasının qurub-yaratdığı “böyük vətənin” bir parçasına çevrilmişdik. Bu 70 ildə nə planlar hazırlanmışdı. Hazırca da saxlanırdı ki, 15 müttəfiqdən biri başını qaldıran kimi bu planlar işə düşsün. Çünki imperiyanı qorumaq üçün yalnız güclərdən istifadə olunmalı idi. Qırğınlar törədilməli, ölkələrə hərbi texnikalar göndərilməli, nəyin bahasına olursa-olsun, onların başlarının qalxmasına imkan verilməməli idi.Azərbaycan isə tarixin müxtəlif dönəmlərində azad yaşamaq üçün mübarizəyə qalxmış, azad olmaq istəmiş, bunu çətinliklə əldə etsə də, əlindən alınmış, azadlığı qan rənginə boyanmışdı. Elə həmin rəng də nə vaxtsa xalqın bu hislərinin yenidən alovlanmasına səbəb olacaqdı...
***
Yanvarın 19-dan 20-nə keçən gecə artıq aylar idi ki, azərbaycanlılar azadlıq hislərinin yenə də illər öncəki kimi alovlanması səbəbi ilə meydanlara çıxır, azadlıq mücadiləsinə qoşulurdular. Həmin gün isə bu mübarizənin qarşısını almaq üçün çoxdan bəri hazırlanan plan həyata keçirilməli idi. İmperiyanın qaniçən ordusu Bakıya girməli və azadlıq sözünü dilinə gətirən insanları susdurub getməli idi.Planlaşdırılan kimi də oldu. Azadlıq meydanında minlərlə insanın üstünə tanklar, texnikalar yürüdüldü. Yaşlı, uşaq, gənc, qoca, qadın, kişi deyilmədi, bütün meydan, ətraf güllə yağışına tutuldu. Həmin gecə nə həyatlar susdu, nə arzular yarımçıq qaldı. Azadlıq meydanının azadlıq fədailəri bir gecənin qurbanına çevrildilər...
***
Onlar arasında faciədən 33 il keçməsinə baxmayaraq sinəmizi hələ də göynədən, ailələrinin təməli cəmi altı ay öncə qoyulmuş İlham və Fərizə adlı gənclərimiz də vardı. Xeyr, Fərizə o meydanda deyildi. O meydandakı İlhamın, bəli, 6 ay öncə ailə qurduğu İlhamın qəlbində idi.İlham o gecə Azadlıq meydanına dostları ilə getmişdi. Lakin qəlbində Fərizəni də aparmışdı. Seçib sevdiyi, ailə həyatı qurduğu, bir ömür bir yerdə yaşlanmağa söz verdiyi Fərizəni. Fərizə ona “getmə” demişdi. Lakin azadlıq eşqi də Fərizəyə olan sevgisi qədər ülvi olan İlham bu yoldan qala bilməmişdi. “Gedirəm, amma tez gələcəyəm, narahat olmayın”,- deyərək, arxasınca narahatlıqla baxan ana-bacısına, sevgilisinə söz vermişdi.Lakin söz verməklə deyil. O dəhşətli gecədən kim sağ-salamat çıxacağına söz verə bilərdi ki... Bu söz sadəcə bir təsəlli idi. Arxada narahat keçirənlərə verilən bir ümid və təsəlli.O gecə evlərdən bayıra çıxardıqlarını ölümə aparırdı. Bu ölüm yolçuluğunda yalnız təsadüf nəticəsində sağ qalmaq mümkün olardı. Bu mümkünlər isə mümkünsüzlərin içərisində idi. Onları qurtaran yalnız bir alın yazısı, tale payı ola bilərdi...
***
Fərizənin həmin gecə gözlərinə yuxu gedə bilərdimi? Əsla. Sanki ürəyinə dammışdı İlhamın geri qayıtmayacağı. Deyirlər axı, candan sevəndə olacaqlar sənə agah olur. Fərizə də İlham evdən çıxarkən ona agah olan bir hisslə anasına “qoyma, ana, İlhamı getməyə qoyma”,- demişdi. Lakin İlhamı saxlamaq olardımı? Biz axı İlham kimi minlərlə oğullarımızı görmüşük. Vətən sevdalı, torpaq məhəbbətli oğullarımızı. Onları nədən, haradan saxlasan da, Vətən, torpaq adı olan yerdən əsla saxlamaq mümkün deyil.Azadlıq meydanına toplaşanlar da Vətənimiz üçün, onun azadlığı, müstəqilliyi, asılılıqdan qurtuluş yolu, azad yaşaması üçün toplaşmışdılar. İlhamı Vətənin azadlığına gedən bu yoldan kim saxlaya bilərdi. Buna kimin gücü çatardı...İlham addımlayırdı... Qəlbində sevgilərlə addımlayırdı. Vətən üçün ölümə doğru addımladığını bilməsə də, irəliyə doğru dostları, tanıdıqları ilə birgə addımlayırdı. Onların hər birinin də qəlbində Vətəndən savayı sevgilər vardı: yar sevgisi, ata sevgisi, ana sevgisi, övlad sevgisi... Və yaşamaq sevgisi...Lakin o gecə qətlə yetirilən yüzlərlə insanın ürəyində minlərlə belə sevgilər nöqtələndi. Tək Vətən sevgisindən başqa. Çünki həmin an Vətən sevgisi bütün sevgiləri üstələmişdi. Ölümün bir addımlığında belə heç kim, heç bir qüvvə onu nöqtələyə bilməzdi. Elə buna görə də Vətən oğulları canlarından keçdilər, lakin Vətən üçün iradələrindən gönmədilər. Şəhid oldular, yaralandılar, qazi oldular, “Vətən sağ olsun”,- dedilər, bir addım da geri çəkilmədilər...
***
O gecə İlhamın da həyatına son nöqtəni qoydu. Lakin hələ evdəkilər bundan xəbərsiz idi. Fərizə çox narahatlıq keçirirdi. Səhərədək evdə o yana-bu yana var-gəl etmişdi. Saatlar ötür, lakin İlham qayıtmırdı. Ağlına, ürəyinə gələn başına gəlmişdi. Dünyalar qədər sevdiyi həyat yoldaşı şəhid olmuşdu. Xəbərsizdi. Xəbərsizdi ki, gecə İlham nə qədər qan itirib, şam işığında əməliyyata alınıb, həkimlər nə qədər cəhd göstərsələr də onu xilas edə bilməyiblər. Xəbərsizdi, hamı kimi, İlhamın ata-anası, bacıları, qardaşı kimi o da xəbərsizdi o qanlı gecənin sevdiyi insana nələr etdiyindən.Səhər açılacaqmı? Fərizə tək bunu düşünürdü. Bu qara gecəni hansısa bir gün işığı aydınladacaqmı? “İlahi, açılsın səhər, bəlkə İlhamdan bir xəbər gətirər yeni səhər”,- deyirdi, vurnuxurdu. Lakin saatlar bir-birini əvəz edir, saatın əqrəbləri öz dəyişməz ahəngi ilə eyni işi görməsi ilə artıq Fərizənin səbrini tükəndirirdi. O, İlhama nə isə olduğunu artıq gün kimi aydın görürdü. Lakin bu fikirləri dərhal özündən kənarlaşdırır, onların ürəyinə, ağlına yaxınlaşmasına imkan vermirdi.O qara xəbər isə qapının ağzındaca dayanmışdı. An axtarırdı ki, içəriyə girib Fərizənin dünyasını qana boyasın, alt-üst etsin bu evdə. Cəmi 2-3 gün əvvəl İlhamla köçdükləri bu yeni evdə. Min bir xəyal qurduqları, bütün otaqları artıq xəyallarındakı istəklərlə doldurduqları, pərdələrini asdıqları, çilçıraqlarını yandırdıqları bu evə an qərib idi ki, bu acı xəbər girsin. Fərizənin həyatını darmadağın etsin...
***
Al qan içində olan İlhamı xəstəxanadan birbaşa evə gətirə bilmirlər. Çünki bunu görənlərin ürəyi elə o andaca partlaya bilərdi. Qardaşı onu məscidə aparıb yudurdur, sonra gətirir evlərinə.Axşamdan bəri sükuta dalan Fərizə 20 Yanvar “hədiyyəsini” alır o səhər. O hədiyyə Fərizənin gəncliyini alır, ona vaxtsız bir qocalıq bəxş edir. Xəyallarını, arzularını, istəklərini alır, yerinə bütün sualları, istəkləri sükutla qarşılamaq kimi bir durğunluq verir. Bir andaca dünyası başına yıxılan Fərizə artıq heç nə düşünmür. Sadəcə İlhamın yanında olmaqdan başqa heç nə...Fərizəni aldığı qərardan heç kim döndərə bilmir. Evdə onun qərarını hərəkətlərindən hiss edirlər, ona fikrindən vaz keçmək üçün yalvarırlar. Lakin Fərizə sanki kar olmuşdu. İlhamı bir daha görə bilməyəcək gözləri kor olmuşdu. Onu içindən gələn bir səs-2 aylıq körpəsinin səsi də yolundan qaytara bilməyəcəkdi.Fərizə öz ailəsini İlhamın yanına daşıyırdı. Bətnindəki körpəsi ilə İlhama doğru yolçuluğa çıxırdı. O, yalnız sevdiyinin yanında xoşbəxt ola bilərdi. Bətnindəki körpə yalnız İlhamın yanında doğula, dünyaya gələ bilərdi. İlhamsız Fərizə də, körpəsi də tənha, yetim idi. Bu səbəbdən İlhamın yanında olmaqdan başqa çarə görə bilmədi Fərizə. Özünə də, körpəsinə də qıydı. Düşmənin qıydığı İlhama çatmaq, onun yanında olmaq üçün...
***
Elə həmin günlər İlham və Fərizə adlı bir dastan yarandı. Bir sevgi hekayəsi dastana çevrildi. Bu dastan indiyədək oxuduğumuz, tanış olduğumuz dastanlardan çox fərqli bir dastandır. Çünki burada Vətən sevgisi bütün sevgilərdən yüksəkdə dayanır. İlhamın Vətənin azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qatılması, bu yolda mücadilə edərək şəhid olması və sevgilisi-həyat yoldaşı Fərizənin İlhamın yoxluğunda özünün var olmasını heç cür görə bilməməsi bu dastanı bütün dastanlardan fərqli edir. İndiyədək oxuduğumuz bütün dastanlardan...30 iyun 1989-cu ildə qurulan bir azərbaycanlı ailəsi 6 ay sonra belə bir sonluqla nöqtələnir. İlham Vətən uğrunda, Fərizə İlham uğrunda, bətnindəki körpə isə həyatın amansızlığı uğrunda şəhid olurlar. İndi Şəhidlər xiyabanında 2 qəbirdə 3 can uyuyur: bir ailənin 3 üzvü. İlham, Fərizə, bir də Vətən. Bəli, Vətən qoyuram onların övladlarının adını. Çünki Vətən uğrunda mübarizənin övladıdır o. Çünki Vətən yolunda ölümün gözünün içinə dik baxan, gəncliyindən, həyatından keçən atanın övladıdır. Vətənin Vətən adlı övladıdır.Fərizə isə Azərbaycan qadının ümumiləşmiş obrazıdır. Şəhid anası, şəhid yoldaşı obrazıdır. Oğlu şəhid olmuş qarayaylıq, saçları ağappaq olan analarımızın, əri şəhid olmuş, saçının bir tərəfini ağ, bir tərəfini qara hörüb övlad böyüdən qadınlarımızın obrazıdır. Nişanlısı, sevgilisi Qarabağ müharibələrində, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən savaşlarda şəhid olan, qəlblərinə ömürlük bir düyün vurulan qızlarımızın obrazıdır. Bütün oxuduğumuz dastanlardakı qadın obrazlarından fərqli bir obrazdır. Elə bunun üçün də 30 iyun Azərbaycanda Sevgililər günüdür. Qoy bütün ailələrimiz beləcə, Vətən sevgisi ilə qurulsun. Biz var olduqca Vətənimizi şəhidlərimiz, qazilərimiz kimi qoruyaq. Onların hər biri gənc nəsillərə nümunədir. Gənclərimizin onlardan əxz etməli çox məqamlar var.

Mətanət Məmmədova

Digər xəbərlər