Məktəblərimiz qorxunc bir məkana çevrilir
Kələfi elə dolaşdırıblar ki, ilmənin ucunu tapa bilmirsən. Haradan başlayasan, harada qurtarasan, necə edəsən ki, baş verənləri sinirə, uda biləsən. Udmaq olmur axı. Çox yox, 10 il əvvəl yüz il düşünsəydim də, məktəblilər haqqında belə bir yazı yazacağım ağlıma gəlməzdi. Artıq məktəblərimiz qorxunc məkana çevrilib. Valideynlər övladlarını məktəbə göndərmək istəmirlər, çünki təhlükəsizliklərindən əmin deyillər. Uşaqlar da məktəbə getmək istəmirlər, döyülməkdən, bullinqdən qorxurlar. Uşaqlar olub “vor zakon”, məktəb olub “zona”.
Məktəb məktəblikdən çıxıb
Bir neçə gün öncə məşqçi Kamil Zeynallının bu barədə bir paylaşımı da sosial şəbəkələrdə yayılmışdı: “İnanın Allaha, məktəblərdə azyaşlılar arasında o qədər biabırçılıqlar var ki. Zorakılıq, narkomaniya və digər hallar yaşanır. O qədər biabırçı şeylər olur ki, polis vaxtında üstünə düşür, qarşısını alır. Bu il nə qədər şagird tutublar. Elə pis videolar çıxmışdı ki. 14-15 oğlan bir nəfəri aparır davaya ki, niyə bizim sinifin qızına “ilişmisən”. Aparırlar bir yerə həmin məktəbliyə qarşı nalayiq, alçaldıcı hərəkətlər edirlər. Orta məktəbdə azyaşlı qızlar, oğlanlar var ki, çantalarında elektron siqaret, əldə gəzdirilən qəlyanlar olur. Məktəblərin ayaqyoluları şagirdlərin çəkdiyi siqaretlə, qəlyan tüstüləri ilə doludur. Qızlı-oğlanlı hamısı çəkir”.
Bu günlərdə sosial şəbəkələrdə bir video da paylaşıldı. Tv proqramların birinə çıxan bir valideyn məktəblə bağlı ciddi ittihamlar irəli sürdü. Valideynin dediyinə görə onun qızının tərbiyəsi məktəbdə pozulur. İddiaya görə 10-12 yaşlı məktəbli qızların əksəriyyətinin sevgilisi var. Əksəriyyət bunu inkar etsə də, o qadının dediklərində həqiqət var. Məktəblər artıq təlim-tərbiyə verməkdə acizdir. Təhsil verməyin ödəsindən gələ bilməyən təhsil ocaqları tərbiyə məsələsində nə qədər bacarıqlı ola bilər ki?
Əksəriyyət məktəbdə baş verən zorakılıq hallarını əks etdirən videoları ürək ağrısı ilə seyr edir. Kimi günahlandıraq? Övladına tərbiyə verməyən valideyni, tərbiyələnmək istəməyən uşaq, amalı, məqsədi təhsil yox rüşvət olan direktorlar, dərs cədvəli satan müavinlər, tərbiyəsiz uşaq əlində naçar qalan müəllimlər, döyülən yaxud döyən şagirdlər, bütün bunlara gözünü yumub, qulağını tıxayan nazirlik – sizcə, hansı daha çox günahkardır?
Müəllimi niyə yazıqlaşdırdılar?
Məktəblərdə ən böyük boşluq nədir, bilirsinizmi? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Daha müəllim nə təhsil verir, nə təlim verir, nə də tərbiyə. İşi-gücü səhərdən-axşamacan lüzumsuz kağız-kuğuz işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır. Başını qaldırıb sinifə baxa bilmir ki, nə baş verdiyini görsün. Onun bu halı ailəsindən tərbiyə, nəzarət görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir. Bilirəm, çox kobud olacaq, amma yazmağa məcburam. Bu vəziyyətlərdə qız şagirdlərin ayağına, sinəsinə, belinə toxunmağa cəhd halları da baş alıb gedir.
Cinsi zorakılıqlar, təcavüz, pedofiliya, narkomaniya faktları da məktəblərimizdə yetərincədir. Şagirdinə cinsi orqanını çəkib göndərən direktorlar da gördük, şagirdinin bədəninə toxunmağa cəhd edən müəllimlər də. Bütün bu hallar aşkarlandıqca yalnız bir açıqlama verilir: “Tədbir görülür”. Bəs hanı o tədbirlərin nəticəsi? Niyə düzəlmir məktəblərdəki vəziyyət? Şagirdlər müəllimin üzünə üfürür siqaretin tüstüsünü. Bütün səlahiyyətləri əlindən alınmış müəllim nə edəcək bu vəziyyətdə?
Bıçaq, beşbarmaq, təsbeh gəzdirən məktəbli
Böyük təəssüf hissi ilə deyim ki, məktəblərdə əxlaqsızlıq bu sürətlə davam etsə, yaxın bir neçə ildə faciəvi mənzərə olacaq. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. “Kəpənək” deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meyilli olan nəsil yetişib. Onlar ilk baxışda bıçağa bənzəməyən bu silahla- bıçaqla lovğalıq edirlər, qısnama zamanı hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli soyuq silah aşkarlanıb.
Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahları sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar. Əslində, məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilər. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də, məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür. Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərərverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də, baş verən hadisələr sübut edir ki, əslində, vəziyyət təhlükəli həddi çoxdan ötüb.
Qız valideynləri boşuna qorxmur
Qızların məktəbdə zorakılığa, təcavüzə məruz qalması, ətrafının təzyiqi ilə siqaretə, narkotikə, qəlyana aludə olması faktları tez-tez mediada, sosial şəbəkələrdə yayılır. Bəzən mediadan kənar qalan hadisələr də olur ki, uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar. Ən yaxşı halda valideynləri məktəbə çağırılıb xəbərdarlıq edilir, ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır.
Məktəbli qızların bullinqə məruz qalaraq intihar etməsi məsələsi də həmişə aktual olan məsələdir. Məktəblilərin votsap qruplarında hansısa qızın bədən əzasını müzakirəyə çıxaran oğlanlar bu intihara rəvac verirlər. Uşaq ağlı ilə məktəbli sevgilisinə çılpaq fotosunu atan qızların bullinqi elə bu addımdan sonra başlayır. Məktəbdə bütün şagirdlərin smartfonunda həmin fotolar olur, qruplarda paylaşılır, bir neçə dəqiqə ərzində bütün sosial şəbəkələrdə yayılır. Nəticə də ya intihar, ya da zorakılıq olur.
Ekspert: “Hamı günahı bir-birinə atır”
Təhsil eksperti Ramin Nurəliyev deyir ki, məktəblilər arasında son zamanlarda təhsilimizə yad olan davranışlar artmaqda davam edir: “Azyaşlı oğlan uşaqlarının bir-birilə dalaşması, zəif şagirdlərə qarşı psixoloji təzyiq, siqaret çəkmək, müəllimlərə qarşı hörmətsizlik, güc tətbiq etmək, kəsici və deşici alət kimi soyuq silah gəzdirmək, qız şagirdlərinə qarşı cinsi istismar artıq məktəblərimizdə müşahidə olunan hallardır. İlk növbədə bu kimi zorakılıq hallarının mənbəyini araşdırmaq lazımdır. Bu kimi halların səbəbkarları cəmiyyətlə yanaşı, məktəb və valideyndir”.
Ekspert deyir ki, neqativ hallar baş verdikdə valideyn günahı məktəbdə, məktəb də valideyndə görür: “Bəli, cəmiyyətin günahı var, amma bununla yanaşı valideyn nəzarəti və məktəbin də verdiyi nümunəvi təhsil sistemi olmalıdır. Bugünkü uşaqlar sosial mediada, filmlərdə, real həyatda gördükləri neqativ halları öz həyatlarında tətbiq etmək marağındadır. Yaş hədlərini nəzərə alarıqsa, bu kimi hallara maraq hissinin formalaşmasını təxmin edə bilərik. Valideyn nəzarəti, təhsil yeri və ətraf mühiti yaxşı olmayan uşaqlar mənfi yollara daha tez düşür”.
Ramin Nurəliyev uşağın tərbiyəsində ailə ilə yanaşı, məktəbin də xüsusi əhəmiyyət kəsb etdiyini düşünür: “Məktəblərimizdə tərbiyə sistemi kifayət edirmi? Məktəb psixoloqları öz funksiyasını lazımınca yerinə yetirirmi? Məktəb rəhbərliyi nizam-intizam qaydalarını düzgün tətbiq edirmi? Bu kimi suallara cavab, həqiqətən, düşündürücüdür. Məktəb hər hansı bir neqativ halı valideynə bildirməlidir. Valideyn də üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu da uşağın həm təhsilinə, həm də tərbiyəsinə müsbət təsir edir”.
Orta məktəblərdəki vəziyyəti şərh edən ekspert deyir ki məktəb rəhbərliyi və sinif rəhbəri valideyn ilə kifayət qədər ünsiyyətdə deyil, şagird müəllimdən və məktəb rəhbərliyindən çəkinmir: “Niyə? Çünki məktəb rəhbərliyi şagird davranış qaydalarına uyğun olaraq nizam-intizam sistemini həyata keçirmir. İlk növbədə məktəb rəhbərliyi özü bu qaydaları bilməli, sonra onu pedoqoji heyətə öyrətməli və tətbiq etməlidir. Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” yalnız kağız üzərində- layihələrdə öz əksini tapır. Tətbiqdə, demək olar ki, yox səviyyəsindədir. Bu gün bir şagird məktəbdə cibində soyuq silah gəzdirirsə, sinif yoldaşlarına qarşı zor tətbiq edirsə, müəllimə qarşı tərbiyəsizlik edirsə, qız sinif yoldaşına qarşı cinsi istismar edirsə, bunun günahkarı təhsil sistemimiz və məktəb rəhbərliyidir.”
Niyə təhsil sistemimiz?
Ramin Nurəliyev bu suala belə cavab verir: “Bu gün 15 yaşına gələn qız uşaqlarını məktəbə göndərməkdən çəkinən valideyn varsa, bunun günahkarı kimdir? Qız uşaqlarının məktəbdə cinsi zorakılığa məruz qalması, siqaret çəkməsi, eşq macəralarının formalaşması, təhsildən yayınmasının səbəbkarı kimdir? Bir tanışım, uşağımı məktəbə göndərmək istəmirəm deyir. Məktəbdə şagirdlər təhsildən başqa hər şeylə məşğul olur. Uşağımın pis mühitdə böyüməsini istəmirəm deyir. Qız yoldaşları mənim qızıma:- ayıb olsun sənə, sənin "oğlan dostun" yoxdur, deyirlər”.
Ekspertin sözlərinə görə təhsil ocağımız pis mühit kimi diqqətdə qalmamalıdır: “Bəli, tərbiyə ilk olaraq ailədən gəlir, amma mühitin, təhsilin də tərbiyədə böyük rolu var. Ailədə bu kimi neqativ hallara rast gəlmək demək olar ki, yox səviyyəsindədir. Amma məktəblərdə çoxdur. Bu kimi halları bütün məktəblərimizə şamil etməsək də, təəssüf olsun ki, çoxu bu vəziyyətdədir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı müəyyən işlər görməlidir.”
Göründüyü kimi, səbəblər çoxdur, amma deməliyik ki, burada ən böyük günah valideynlərin üzərinə düşür. Məktəbdəki şagirdlər valideynlərin əsəridir, onların verdiyi tərbiyəni nümayiış etdir. Bir sözlə şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, biz gələcəyimizi artıq itiririk. Təəssüf ki, bu, belədir.
Lalə Mehralı