17 il əvvəl, 2006-cı ilin mayında İran hökumətinin hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin İran hökumətinin rəsmi mətbu orqanında təhqir olunmalarına qarşı etirazlar başlandı. Bu hadisə tarixə Cənubi Azərbaycanda etirazlar, Xordad hadisələri və ya Milli Qiyam Günü kimi düşdü.
İran İslam Respublikası Xəbər Agentliyinə aid olan qəzetin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində “Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək?” başlıqlı karikatura yayımlandı. Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə? (nəmənə Cənubi Azərbaycanda “nə” anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir: “İsti yay günləri yaxınlaşır. Yenə də həşəratlar ətrafımızı saracaqlar. Həşəratlar qorxulacaq heyvanlar deyillər. Amma məsələ onların üzsüz olmalarıdır, insan onlarla nə edəcəyini bilə bilmir. Bunun üçün sizə həşəratlar qarşısında həşəratlaşmamanız üçün bəzi taktikalar öyrətməliyəm. Məsələ həşəratların insan dilindən anlamamalarıdır. Həşərat dilinin dilbilgisi çətin olduğuna görə, özlərinin 80 faizi öz dillərində danışmaq yerinə başqa dillərdə danışmağı tərcih edərlər. Həşəratlar öz dillərini özləri belə anlaya bilmədikləri halda, siz necə anlayasınız?! Bu səbəblə onlarla sözlü müzakirə etmə yolları mümkün olmur və zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur”.
Beləliklə, hekayədə doqquz “şirin” üsul içərisində həşaratlartın bütün xüsusiyyətləri, onlarla mübarizə, hansının daha təhlükəli olması, təhlükəlilər ilə daha qəddarcasına davranmaq kimi nüanslar göstərilir.
Bir sözlə, açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.
Bu karikaturanın yayımlanmasından 5 gün sonra Azərbaycan türkü olan tələbələr Tehran Universitetində hadisəyə etiraz etmək məqsədilə nümayiş təşkil etdilər. ISNA xəbər agentliyinin verdiyi məlumata görə, öz dillərinə edilən təhqiri pankartlar və şüarlarla protest edən azərbaycanlı tələbələr ədalət anlayışını hər fürsətdə dilə gətirən hökuməti qınamışdılar.
Şüarlar arasında “Haray, haray, mən Türkəm”, “Türkün dili ölməz, fars dilinə dönməz”, “Azərbaycan əyilməz, Türkün beli bükülməz”, “Ya azadlıq, ya ölüm”, “Rədd olsun fars faşizmi” şüarları yer almışdı.
Bir həftə boyunca Azərbaycan türklərinin yaşadığı şəhər və qəsəbələrdə davam edən etiraz mitinqləri İslami Şura Məclisində də əks-səda tapdı. Türk kökənli millət vəkillərindən Əkbər Aləmi, Rza Rəhmani, Kərim Şafei, Eşrat Şayeğ və s. İslami Şura Məclisində nitq söyləyərək qəzetin adı keçən yayımını sərt şəkildə qınadılar. Mövzu ilə bağlı Prezidentin, Mədəniyyət və İslami İrşad nazirliyinin məsuliyyət daşıdığını bildirdilər.
Amnesty International təşkilatının bildirdiyinə görə isə minlərlə yox, yüzlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilib, onlarla Azərbaycan türkü isə öldürülüb. Rəsmi hakimiyyət isə etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlayıb. Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək, işğəncə görmüş, 150 nəfər öldürülmüş (itkin düşmüş), bir çox şəxs isə şikəst qalmışdır. Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırıb, ya da Urmiya gölünə atıb. Buna görə də hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.
Hadisənin nəticəsi isə belə oldu ki, əvvəlcə adı çəkilən qəzetin rəsmiləri və karikaturaçı Azərbaycan türklərinə qarşı edilən bu alçaldıcı hadisəni səhv başa düşülmə kimi şərh etdilər, lakin artan təzyiqlər nəticəsində, hekayənin yayımlandığı tarixdən 9 gün sonra -21 may 2006-cı ildə qəzet rəsmiləri üzr istədi və karikaturanı çəkən şəxs olan Mana Neyestaninin işdən qovulduğunu bildirdilər. O və baş redaktor Mehrdad Qasımfar həbs edildilər. Və məlum olan digər hadisələr...
İran İslam Respublikasının hakim dairəsi olan molla rejimi tarixin bütün dövrlərində cənubda yaşayan soydaşlarımız kimi, Azərbaycana qarşı da birmənalı mövqedə olmayıb. Bunun da elə tarixi səbəbləri var. İranda milyonlarla azərbaycanlının yaşaması, onların hər an azadlıq mübarizəsinə qalxması qorxusu, zamanında bir dövlətin iki hissəyə bölünməsi məsələsinə qayıtması, bununla bağlı tələbləri Azərbaycanın tarixi torpaqlarında köklənmiş molla rejiminin daim qorxusu, təşvişi, həyəcanı olub. Bu səbəblərdən də o tayda yaşayan azərbaycanlıların zaman-zaman öz dillərində danışmaq, təhsil almaq və digər sosial hüquqlarını məhdudlaşdırmaqla onları elə qorxulu bir rejimin vətəndaşına çevirməyə çalışıblar ki, səsləri çıxmasın, başlarını qaldırmasınlar. Lakin molla rejimi unudub ki, onlar azərbaycanlıdır, damarlarından azəri qanı axır və istənilən vaxt bu qan coşub o insanları azadlıqları, hüquqları uğrunda mücadiləyə səsləyə bilər.
Molla rejiminin Azərbaycana qarşı münasibətlərində tarixi faktlara nəzər salaq. 1990-cı illərdə Birinci Qarabağ Müharibəsində İran Ermənistanı silah-sursatla, ərzaqla, müxtəlif tələbat malları ilə təmin edirdi. Birinci Qarabağ Müharibəsindən sonra Ermənistan ərazilərimizə nə qədər silah-sursat toplamışdırsa, beton lövhələr yığmışdırsa, hamısı İranla birgə əməyin nəticələri idi.
Həmçinin də İkinci Qarabağ Müharibəsində-44 günlük müharibə dövründə İran tərəfdən dəfələrlə Ermənistana yardım aparan silah-sursatla, ərzaqla dolu maşın karvanı tutulmadımı? Minlərlə soydaşımızın evləri qarət olunanda, daşınanda, qapı-pəncərəsi, dam örtüyü çıxarılıb İrana satılanda molla rejimi bu insanların onların din qardaşları olduğunu xatırladımı? Ermənilər məscidlərimizi dağıdıb, müqəddəs ocaqlara İslamda haram buyurulmuş heyvanları bağlayanda İran bir İslam ölkəsi kimi susa bilməzdi. Bu, ən azından günah idi. Lakin İran susurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İrandan olan jurnalistin Vətən müharibəsində terrorçu qruplaşmalarının iştirakı iddiası ilə bağlı sualında da bu mövqeni gördük. Prezident İlham Əliyev bu suala sərt reaksiya verdi: “Siz bunu sual formasında verə biləsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.
Daha sonra Bakıda keçirilən təntənəli Zəfər paradında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” misralarını söyləməsi ilə İran partladı və iç üzünü ortaya qoydu. Şeir parçasına Cavad Zərif özünün Twitter hesabında atmaca ilə cavab yazdı: “Ərdoğana deyilməyibmi ki, Bakıda səhv oxuduğu şeir Arazın şimal bölgələrinin öz doğma torpaqları olan İrandan zorla ayrılmasından bəhs edir! O Azərbaycan Respublikasının müstəqilliyinə qarşı danışdığını başa düşmədimi? Heç kim əziz Azərbaycanımız haqqında danışa bilməz”, - yazan İran Xarici işlər naziri əslində Güney Azərbaycana yönəlik misralardan qıcıqlandığını gizlədə bilmədi.
Ardınca İran molla rejiminin Zəngəzur dəhlizinin açılması ilə bağlı narazılıqları ilə qarşıladıq. Ermənistanın sərsəm hakimiyyət nümayəndələrini qızışdırmalarını, onlara ağıl vermələrini, 10 noyabr Bəyannaməsinə əsasən ermənilərin vəzifələrini həyata keçirmələrinə maneçilik yaratdıqlarını müşahidə etdik. İran bu dəhliz üçün tərəfindən yol verilməyəcəyi fikrini də ürəyində saxlaya bilmədi. Bəli, bütün bunlar Böyük Zəfərdən sonra molla rejiminin kürkünə birə düşməsindən qaynaqlanmadımı?
Tehranda Azərbaycan səfirliyində Orxan Əsgərovun qətli isə hadisələrin kulminasiya nöqtəsi oldu.
Bu hadisələri xatırlatmaqda məqsədim 17 il öncəyə deyil, elə ötən 17 ildə bir-birinin ardınca cənubda yaşayan soydaşlarımıza İran molla rejiminin təhqir və təhdidlərinin davam etdiyini vurğulamaqla yanaşı, həm də bu taydakı azərbaycanlıların isti aşına su çiləməsini vurğulamaq, onlara bu kimi hallara nə zaman son qoyacaqları sualını verməkdir.
Həqiqətən də Azərbaycan İranla həmişə qonşuluq münasibətlərini qoruyub saxlayıb. Bütün bunların fonunda baş verən hadisələr yersiz və əsassızdır. Bu səbəbdən də İranın molla rejiminin hərəkətlərinə çəki-düzən verməsinin vaxtı çatıb. Çünki qonşu ilə münasibətsizliyin zamanın heç bir dönəmində faydası olmağını bütün dünya bilir.
Mətanət Məmmədova