PDF Oxu

Sosial

  • 4 000

Hərbi hazırlıq təlimi: Məktəbdən orduya

image

Gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında, Azərbaycan Respublikasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.

İbtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırışaqədərki hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir.

Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir.

İHH tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər tərəfindən tədris olunur. Əsgəri xidməti başa vurmuş, həmçinin bir təhsil müəssisəsində İHH proqramını tam bitirmiş şəxslər, başqa bir təhsil müəssisəsinə keçdikdə İHH dərslərinə cəlb olunmurlar. Bu şəxslərdən hərbi rəhbər köməkçisi kimi istifadə edilə bilər. Gənclərin ibtidai hərbi hazırlığına Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəhbərlik və nəzarət edilir.

Təhsil müəssisələrində “Çağırışaqədər Hazırlıq” fənninin tədrisi prosesində gənclər Respublikamızın Müdafiə qüdrətini, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarından irəli gələn vəzifələri Silahlı Qüvvələrin vəzifələrini, Nizamnamələrin tələblərini öyrənir, gənc əsgər səviyyəsində bilir və bacarığa yiyələnirlər. Çağırışaqədər Hazırlıq fənninin əsas məqsədi gəncləri ölkənin müdafiəsinə hazırlamaqdan ibarətdir. Bu dərsin əhəmiyyəti həm də gənclərin hərbi xidmətə getdikləri ilk aylarda cəlb olunduqları təlim dövründə daha tez nəticə əldə etmələrinə, habelə silahla davranmağı daha peşəkar qaydada öyrənmələrini tezləşdirməyə yardım etməsidir.

“Çağırışaqədər Hazırlıq” dərsliyindəki mövzularda Silahlı Qüvvələrin yaranması və inkişaf tarixi, hərbi qulluqçuların vəzifələrindən, Hərbi Nizamnamələrdən, Hərbi And və Hərbi Himn, Döyüş Bayrağı haqqında əsasnamələrdən məlumat verilir, atəş hazırlığı, taktiki hazırlıq, hərbi topoqrafiya, fövqəladə hallar və onların təsnifatlı barədə, sağlam həyat tərzi və tibbi yardım qaydaları haqqında şagirdlərə bilik verir, bacarıq və vərdişlərin aşılanmasına kömək edir.

Hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə il boyu 68 saat və həftədə 2 saat olmaqla “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur. Fənnin tədrisi Gənclərin İbtidai Hərbi hazırlıq Əsasnaməsinin 29 may 1998-ci il qərarına uyğun olaraq tənzimlənir. Fənni tədris edən müəllimlər Azərbaycan Dövlət Pedeqoji Universitetinin hərbi hazırlıq və fiziki təlim fakultəsini bitirən məzunlar və eyni zamanda, silahlı qüvvələrdən ehtiyata buraxılan zabitlərdir.

Məktəblərin əyani vəsaitlərlə təchiz edilməsi istiqamətində işlərin aparıldığı da bildirilir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 308 ümumtəhsil məktəbinin 100-ə yaxınında “elektron silah” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində məktəblər atış simulyatorları ilə təchiz olunub. Bu da dərslərin inovativ üsullarla keçirilməsinə imkan verir. Şagirdlər hər tədris ilində proqram materialına uygun olaraq elektron silahdan atəş açır, atışın əsas və qaydalarını öyrənir, həmin silah komplektinə daxil olan digər AK-74 avtomatını söküb yığırlar, darağa patronun doldurub boşaldılması qaydaları öyrədilir. Təlim minaları, təlim qumbaralarının təyinatı və quruluşu haqqında məlumatlar verilir, mülkü müdafiə hazırlığı üzrə əleyhqazın geyinib çıxardılması və ilk tibbi yardım qaydaları, yaralının təhlükəli zonadan çıxarılması qaydaları praktik olaraq yerinə yetirilir.

Lakin hərbi rəhbərlər orta məktəblərdə hərbi kabinetlərin və maddi-texniki bazanın olmamasını bu sahədə dərsliklə yanaşı, əsas problemlərdən biri kimi görürlər. Bəzi yerlərdə məktəblər yaxınlıqda yerləşən hərbi hissəslərlə dostluq və əməkdaşlıq münasibətləri yaradaraq, əyani dərsləri hərbi hissələrdə keçir. Lakin bu da qaneedici deyil, qalıcı həll yolu mütləqdir. Çünki vətənin müdafiəsinə gedəcək gənclərin ibtidai hərbi savadı və bacarığı onların 1 addım öndə olması deməkdir.

Lalə Mehralı

Digər xəbərlər