Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
Məktəbli formaları bəlli satış mərkəzlərində təklif edilirdi və məktəblərdə bununla bağlı xüsusi tələblər var. Belə ki, məktəb rəhbərliyi valideynlərə yeni məktəbli formasını məhz məktəbin tələb etdiyi mağazadan almağı tapşırır. Tələbin yerinə yetirilib-yetirilməməsini öyrənmək üçün də həmin mağazadan foto və ya qəbz tələb edilir. Aydın görünür ki, məktəb rəhbərliyi mağazanın satışından payına düşən faizi alır.
Bəzi məlumatlara görə, keçən il yeni formanın rəngini seçib şagirdlərə aldıran məktəblər bu il həmin formanı qəbul etmirlər. Valideynlərə məktəbin tapşırdığı mağzadan yeni rəng forma almağı tapşırıblar. Hətta 4 rəng formanı bəyənməyib çəhrayı, bənövşəyi rəngdə forma tələb edən məktəblər də var.
Təyin edilmiş satış nöqtələrindən və ayrı-ayrı mağazalardan fərqli olaraq Sədərək Ticarət Mərkəzində formalar nisbətən münasib qiymətə təklif edilirdi. Avqust ayının ilk ongünlüyündə bu bazarda məktəbli formaları Bakı Tikiş Evinin təklif etdiyi qiymətlərdən dəfələrlə aşağı qiymətə satılırdı, üstəlik geyimlər BTE-nin təklif etdiyindən qat-qat keyfiyyətli parçalardan hazırlanmışdı.
BTE-nin xüsusi satış nöqtələrində 15 manata təklif etdiyi köynəyi Sədərəkdəki satıcılar 8-10 manata təklif edirdi. BTE-də ətək və şalvar 25 manatdan təklif edilirdi, Sədərəkdə ölçüsünə görə 10-15 manat qiymət qoyulmuşdu. Həmin ərəfədə BTE-nin 30 manata satışa çıxardığı jaketi Sədərəkdə ölçüsündən asılı olaraq 12-18 manata satırdılar. Lakin məktəblərin açılmasına az qalıb deyə indi Sədərək Ticarət Mərkəzində də məktəbli geyimlərinin qiymətləri artıb. İki gün əvvəl baş çəkdiyimiz bazarda qiymətlər süni şəkildə qaldırılıb. İndi 8-10 yaşa uyğun olan ətəkləri 15-28 manat arasında, köynəyi 13-18 manat aralığında, 16-17 yaşa uyğun şalvarları 25-40 manat arasında, köynəkləri 15-25 manat aralığında satırdılar.
Ümumiyyətlə, dəfələrlə bu mövzuda yazarkən vahid formanın, əslində, vahid olmadığından da yazmışam. Bazar və dükanlarda vahid forma adı altında necə formada, neçə rəngdə paltar təklif edilir. Boz şalvar və ətəyin mən müşahidə etdiyim 3-4 tonu, çaları vardı, mavi köynəyin də həmçinin. İki qarış uzunluğu olan 6-7 yaşa uyğun məktəbli ətəyi də 25 manata təklif edilir, 15-16 yaşa uyğun olan ölçü də. Qiymətlər ölçüyə adekvat deyil.
Yeri gəlmişkən, məktəbli formasının ölçülərində də ciddi problemlər var. Xüsusilə, 9-10-11-ci sinif uşaqları üçün geyim ölçüləri düz gəlmir. Boyu uca və ya çəkisi çox olan uşaqlar üçün təklif edilən ən böyük ölçü belə uşaqların ölçüləri ilə üst-üstə düşmür. Qolu uyğun gələn köynəyin bədəni uyğun olmur, beli uyğun gələn şalvarın ayağı qısa qalırdı. Forma tikişinə başlamazdan öncə bu sahədə ciddi bir monitorinq aparılmalı, məktəblilərin ölçüləri, boyları haqqında orta statistika təyin edilməli idi.
Valideynlər də bu vəziyyətdən narahat idi. 9-cu sinifdə oxuyan oğluna forma almağa gələn Səidə Məhərrəmova oğlunun çəkisinə görə uyğun forma tapa bilmədiyindən şikayətlənirdi: “Bakı Tikiş Evinin bütün satış nöqtələrinə getdik, ayrı mağzalarda da satırlar, hamısına baxdım, amma oğluma uyğun forma tapa bilmədim. Hamısının bədəni dar gəldi. Son çarə kimi bazara gəlmişəm, dedilər sexlərin istehsal etdiyi formalar bir az böyük olur, amma yenə tapa bilmirəm. Oğlum kökdür deyə sifarişlə tikdirim? Axı bunları nəzərə almalı idilər, bütün uşaqlar eyni boyda, eyni çəkidə deyil”.
6 yaşlı qızına ətək alan başqa bir ana şikayətlənir: “Baxın, qızımın boyu balacadır, bədəni də arıq. Bu bədənə 2-3 qarış parçadan ətək tikiblər, qiyməti də 25 manata. Fabrikin satış nöqtələrində standart qiymət qoyublar, kiçik ölçü də eyni qiymətədir, böyük ölçü də. Məncə, bu doğru deyil, istifadə edilən parçanın metrəsinə qoyulan qiymətlə tənzimlənməli idi hazır ətəklərin qiyməti. Satış nöqtələrində 25 manata satılan eyni ətəyi buradan 15 manata aldım.”
Forma satışı ilə məşğul olan Hacı Hüseynəliyevin sözlərinə görə, qiymətləri qaldırmaq məcburiyyətində qalıblar: “Əvvəl satdığımız qiymətə verəcəkdik, çünki bazara varlı adam gəlmir, ehtiyaclı adam gəlir. Amma bazarı sel basanda nə qədər malımız zay oldu, heç nəyə yaramadı, məcbur qiyməti qaldırdıq ki, az da olsa ziyanımızı qarşılaya, ödəyə bilək. Yenə də insaflı satırıq, görürük valideynin imkanı yoxdu, endirim edirik. Hamı bir-biri kimidi, başqasına da əl tutmaq lazımdır. Bax, bu ətəkləri görürsüz? (kiçikölçülü ətəyi göstərir) Bunları fabrikin mağazasında qoyublar 25 manata. İnsafsızlıq edib bunu mən necə 25 manata satım? Yarım metr parçası var. Mən də 15 manata satıram. 1 ay əvvəl bunu 10 manata, 8 manata da satmışam. Sex malıdır deyirlər. Ona görə ucuz satırsan. Nə olur ki, sex malı olanda? And olsun allaha, elə türk malı var ki, 100 dənəsini bizim 1 sex malına dəyişmərəm. Parçası da keyfiyyətlidir, tikilişi də. Bax, astar hissəsindən bilinir tikişin keyfiyyəti. Fabrik malının eləsi var astarı sökük, biçimi əyri, tikişi səhvdir. Əsas olan harada tikilməyi yox, keyfiyyətidir”.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb