Sosial

  • 5 440

Elektrikli beşiklər: sarsılmış körpə sindromu -ARAŞDIRMA

image

Müasir texnologiyanın “bəhrəsindən” biri də elektriklə işləyən beşiklərdir. O beşiklər ki, cərəyana qoşulur və yellənir. Anaların rahatlığına xidmət edən, yaxşı qazanc mənbəyi olan bu beşiklər, bəli, istehsalçıya ağlasığmaz dərəcədə mənfəət gətirir. Bəs onu alıb evinə yerləşdirən, körpəsini o beşikdə yatıran ana-atalara necə, eyni nəticəni əldə etmək imkanı verirmi? Ümumiyyətlə, uşağı yatızdırarkən və yaxud sakitləşdirmək istəyərkən onu yelləmək düzgündürmü? Bu barədə danışaq...

Yelləmək ənənəsi

Hələ qədim dövrlərdən bizdə uşağı yatızdırarkən yelləmə üsulundan istifadə olunub. Bu qərara o dövrün insanları necə və niyə gəliblər, bu barədə danışmaq bir qədər çətin olsa da, lakin bu, belə olub. Ən qədim vaxtlarda uşağı bir döşək örtüyü arasına qoyub iki nəfər o baş-bu başdan tutaraq yelləyirdi. Daha sonra ağacdan yelləncək formasında hörmə kəndir asaraq uşağı orada yelləyirdilər. Evlərdə də bu tipli yelləncəklərdən istifadə olunurdu. Daha sonra isə taxtadan beşiklər düzəldilməyə başlandı. Həmin beşiklər də yellənmə xüsusiyyətinə malik idi.

Beləliklə, uşağı yelləməklə yatızdırmaq qədim zamanlardan bəri istifadə edilən və düzgün olduğu hesab edilən ənənəvi üsuldur, lakin təəssüf ki, belə deyil. Bu cür yatızdırmanın körpələr üçün zərəri çoxdur, bu qayda onların yuxu keyfiyyətini pozur. Körpə sakitcə yuxuya getməli olduğu halda, yellənərək yuxuya getdiyi zaman dərin yuxusu olmur və bu, onun gecə boyu fasilələrlə oyanmasına səbəb olur.

Mütəxəssislər deyir ki, körpələri yelləmək onları yuxuya getməyə məcbur etmir, yalnız körpənin huşunu itirməsinə səbəb olur. Əksər valideynlərin yuxu kimi düşündüyü şey əslində huşun itməsidir. Və ən pis cəhət də ondan ibarətdir ki, körpəni buna alışdırmaq böyüyənədək onda yuxu problemi yarada bilir. Məsələn, baxmayaraq ki, uşaq 5-6 yaşına çatır, yenə də anasından onu yelləməklə yatırmağı tələb edir. Hətta harasa qonaq gedəndə də uşaq anadan onu yellədərək yatırmağı istəyir. Bu da təbii ki, heç də yaxşı hal deyil.

Ənənələrin davamçıları

Biz əslində özümüzdən böyüklərdən gördüyümüz hər şeyi davam etdirmirik. Çox halda yaxşılar qalır bir kənarda, zərərliləri ənənə olaraq yaşatmağa çalışırıq. Bir dəfə də olsun araşdırmırıq ki, bax, anadan olandan bu uşağı silkələyirik, bəs bunun körpəmizə bir zərəri olar, ya olmaz? Rahatlığımız üçün uşağı ayağımıza qoyur, yelləyib təcili yatırdır, bir kənara qoyub işimizin ardınca gedirik.

Lakin qədim dövrlərdən xalqımızın belə bir deyimi də var: bir il uşaq, bir il iş deyiblər. Yəni, əgər ailədə uşaq dünyaya gəldisə, bütün diqqət onun üzərinə yönəlməlidir. Birinci onun bəslənməsi, təmizliyi-gigiyenası, qidalanması, daha sonra digər işlər görülməlidir. Təəssüf ki, müasir dövrdə sosial şəbəkələr, smartfon telefonlar körpələrdən önə keçib. Uşağı ayağında yelləyən əlində telefon sosial şəbəkələri gəzən onlarla ana görmüşük. Bir anda iki, hətta üç işi görmək üçün uşağı yelləməklə yatırmağın isə son nəticəsi xəstəxanalar, həkimlər, dava-dərman olur. Bunu anlamaq lazımdır ki, uşaq ana bətnində olarkən ananın hərəkəti zamanı o, nə qədər ahəstə silkələnirsə, doğulduqdan sonra ondan artıq silkələmək olmaz. Beləliklə, ana uşağı ya yatağına uzadıb ahəstə əl toxunuşu ilə, ya da qucağında ahəstə o yana-bu yana döndərməkdən başqa cür yatırda bilməz.

Bəs belə olacağı təqdirdə biz necə edirik?

Elektrikli beşiklər: can qurtaran əşya

İndi müxtəlif istehsalçıların təqdim etdiyi beşiklər, daşıyıcı və sakitləşdirmək üçün əşyalar var ki, bunların hamısı elektriklə işləyir və yellənir. Deməli, biz nə edirik? Körpəni bu cür beşiklərə qoyuruq, burada yellənərək yatır. Yuxarıda da qeyd etdiyim kimi, əslində dərin yuxuya getmir, yellənməkdən başı gicəllənir, huşunu itirir və nəticədə yuxululuq hiss edir və anaya da bunu hiss etdirir. Ana körpənin çox az yatdığını müşahidə edir. Lakin araşdırmır ki, bu körpə nə üçün az yatır. Hansı ki, bunun səbəbi məhz uşağın beşikdə və yaxud ayaqda yelləməklə yatırılmasıdır.

Belə olan təqdirdə ana həkimə müraciət edir. Deyir ki, uşaq çox az yatır. Həkim də uşağın yuxusunu normaya salmaq üçün təbii ki, dərman yazır. Ana isə həm o dərmanları verir körpəyə, həm də yenidən yellənən beşiyə qoyur. Düşünün ki, bu dəfə nə baş verir. Həm dərman, həm yellənmək bu körpəni hansı vəziyyətə salar?

Bu cür yelləmə beyində qanaxma, travma və ya epilepsiya kimi vəziyyətlərə səbəb ola bilər. Körpəni sərt şəkildə silkələmək hətta onun beyninin zədələnməsinə yol açar, “sarsılmış körpə sindromu” adlı bir vəziyyətə də səbəb ola bilər.

Nədir sarsılmış körpə sindromu? Körpələrin beynində titrəmə səbəbilə meydana gələn zədə və baş travmalardır. Bu sindrom yıxılma, qəza, zorakılıq kimi hadisələrdə müşahidə olunur və yellənərək yatırılan körpələrdə də görülə bilər. Bu, beyində və ətrafında şişlik, təzyiq, göyərmə və qanaxmalara səbəb olur. Körpənin beyninə ciddi ziyan vura və ya hətta ölümlə nəticələnə bilər. İrəli-geri və ya yana silkələməyin fərqi yoxdur.

Təəssüf olsun ki, biz uşağın normal şəkildə yuxuya getməmə səbəblərini araşdırmırıq. Hansı ki, sağlam uşaq normal şəkildə yatmalıdır. Ağlayan körpəni yuxuya vermək üçün yelləyərək yatmağa məcbur etmək bizdə çox rast gəlinir. Valideynlər yatmayan və ağlayan körpələri susdurmaq üçün yelləməni xilaskar kimi görürlər.

Bu cür beşiklərin istehsalı isə sanki anaların canını qurtarıb. Uşağı beşiyə qoyur, beşiyi də elektrik cərəyanına qoşurlar, başlayır yellənməyə, ana da ya telefon əlində sosial şəbəkələrdə gəzişir, ya da mətbəxə keçib görəcəyi işlərə başlayır.

Bəs həkimlər bu barədə nə deyir?

Araşdırma zamanı nevroloq Aynur Zeynalovanın bu barədə mətbuata açıqlaması ilə rastlaşdım: Körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem - vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye - labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır. Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər. Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır.

Körpələri sevmək məqsədi ilə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur.

Pediatr Leyla Məmmədova isə deyir ki, körpəni silkələmədən yuxuya vermək, qətiyyət və ardıcıllıqla ona yaxşı yuxu vərdişləri qazandırmaq mümkündür. Hər şeydən əvvəl, körpənin niyə yatmadığı və ağlamasının altında yatan səbəbi tapmaq lazımdır. Xüsusilə ilk aylarda körpələr qaz ağrısından yata bilmir və ağlayırlar. Bunun xaricində qızdırma, soyuq və çox isti yuxu mühiti kimi səbəblər də onların yuxuya getməsini çətinləşdirir. Ana körpəsi üçün ideal yuxu mühiti yaradarkən, yuxu rejimini də inkişaf etdirməli, onun eyni saatlarda yatması üçün gündəlik rejim yaratmalıdır. Bunları ana yarada bilərsə (əgər körpənin başqa tibbi problemi yoxdursa), onun öz başına yatmasını və oyandıqda özünü dinc hiss etməsini təmin edə bilər.

Yellənən beşik hər an faciə deməkdir

Bu barədə bir fakta nəzər salaq: Amerikada Fisher-Price brendinin Rockn Play adlı yuxu məhsulu yayıldıqdan sonra, 2019-cu ilin aprelində bazardan çıxarılır. Özünü yelləyən beşik ideyası əvvəlcə valideynləri həyəcanlandırsa da, Amerika Pediatriya Akademiyası (AAP) bu məhsulu “ölümcül” adlandırır. Onun son 7 ildə 32 körpənin ölümünə görə məsuliyyət daşıdığı düşünülür. Özbaşına yuvarlana bilən körpələrin (3 aydan yuxarı) bu beşikdə yatarkən qarın üstə çevrildiyi zaman boğularaq başlarının basdırıldığı və hava axınının pozulduğu qərara alınır. Bundan sonra bəzi qurbanların ailələri digər ailələri məlumatlandırmaq üçün bloqlar da yazır.

Həqiqətən də tükürpədici faktdır. Biz bilə-bilə nə üçün övladımızın qəniminə çevrilirik? Bilə-bilə ki, bu cür beşiklərin fəsadı nə ola bilər, usagı yelləmək ona nə verə bilər, yenə də onu alırıq. Hətta tək beşiklə kifayətlənmir, usagı yuxudan durandan sonra isə yellənən masaya əyləşdiririk ki, sakit dayansın.

Beləliklə, körpəmizin bütün günü yellənməklə keçir. Nəticədə isə başgicəllənmədən sakitləşir. Biz isə sakitlik üçün körpəmizi qurban edirik.

Öz işlərimizi vaxtında görmək, seriallara baxmaq, sosial şəbəkələrdə olmaq üçün, görün, nəyi nəyə qurban veririk?..

Belə məhsullardan uzaq olun

-Əgər siz artıq körpəniz üçün belə beşik, masa və ya daşıyıcı almısınızsa, körpənizi orada yatırmayın, oturtmayın, təcili dəyişin.

-Əgər körpə 3 aydan yuxarıdırsa, qətiyyən istifadə etməyin.

-Yellənən masa və daşıyıcısı körpələrin yuxu rejimini poza bilər.

-Onurğasının sağlamlığı üçün tövsiyə edilmir.

- Davamlı istifadəsi balans inkişafına təsir göstərə bilər.

-Körpələrin fiziki inkişafı üçün zərərlidir.

- Onların müstəqil hərəkət etməsinə mane ola bilər.

Necə beşik məsləhət görülür?..

Amerikada aparılan araşdırmalar göstərir ki, son vaxtlar körpələrin çarpayılarına görə ölüm nisbəti artıb. Buna səbəb beşiklərin dekorativliyinə və gözəlliyinə aldanan valideynlərin yanlış seçimləridir.

Beşik nə qədər təhlükəli ola bilər, deməyin! Körpənizin sağlamlığı üçün bir çox detala diqqət etməli və təhlükəsiz sertifikatlı məhsullardan istifadə etmək məsləhətlidir. Məsələn, bir körpə üçün beşik ölçüləri var. Bu ölçülərə uyğun olaraq beşik seçilməlidir. Beşiyin barmaqlıqlarının hündürlüyü ən azı 50 sm, barmaqlıqlar arasındakı məsafə isə 6 sm-dən çox olmamalıdır.

Digər vacib bir detal isə bütün beşiyin hündürlüyünün 120 sm-dən çox olmamasıdır. Keyfiyyətli və orta yumşaq uşaq çarpayıları seçilməlidir. Xüsusilə ana beşiyə qoyacağı döşəklə bağlı son dərəcə diqqətli olmalı, köpük və ya yun yataqlardan istifadədən çəkinməlidir. Körpənin ilişib qala biləcəyi boşluqların yaranmaması üçün beşiyə qoyulan döşək onun ölçülərinə uyğun olmalıdır.

Diqqət edilməli digər təfərrüatar aşağıdakılardır:

-Ön hissəsi tamamilə örtülmüş modelli beşik alınmamalıdır. Körpə qapağı açaraq yerə düşə bilər.

-Təkərli beşikdən istifadədə sabit təkərləri olan model seçilməlidir. Körpə hərəkət edərkən beşiyin də hərəkət etməsi son dərəcə təhlükəli ola bilər.

-Körpəni ani körpə ölümü sindromundan xilas etmək üçün beşiyə əlavə yastıq, oyuncaqlar qoyulmamalıdır.

Mətanət Məmmədova

Digər xəbərlər