Sosial

  • 4 837

24 saat niyə bizə yetmir?

image

Zaman geri qaytarılmayan, ehtiyatda saxlanmayan, pulla alınmayan anlayışdır və hamımızın ona ehtiyacı var. Yoxluğu hava-su qədər hiss olunur, varlığı isə bütün işlərimizə yetərli olacaq qədər bol olmur. Bəlkə də bir çoxu bu düşüncədədir, sanki gün saat olaraq qısalıb, 24 saat anlayışı yetərsiz qalıb. Əvvəl 24 saata yerləşdirdiyimiz işlərimizi indi yerləşdirə bilmirik, zaman yetmir və bizi çox narahat edir, yuxumuzu pozur, işlərimizi qaydasından çıxarır.

Zaman anlayışının həyatımızda bu qədər vacib olmasının bir çox səbəbi var. Bir çoxumuz gündəlik standart rejimə tabeyik, oyanmaq, yemək, iş, gəzinti, yatmaq üçün bəlli bir saatımız var. Əvvəl bizə gen-bol yetən 24 saat indi heç bir planımızı dəstəkləmir, bizi tələsdirir, qaçaqaça salır. Əlimizdə olan məhdud vaxtdan ən məhsuldar şəkildə istifadə etmək həm bizim əlimizdədir, həm də bizdən asılı olmur.

Həyatımız sürətlə axır, illər, aylar, günlər, saatlar inanılmaz sürətlə ömrümüzdən gedir. Saatlar bir-birini qovduqca, günlər tələsdikcə edəcəklərimizin bir çoxunu təxirə salmalı oluruq. Hər kəs üçün standart olan 24 saat kimimizə görə sıxıcı, kimimizə görə məhsuldar, bir çoxumuza görə isə yetərsiz olur. Hər gün planımızın bir neçəsini təxirə salmaqla, məşğuliyyətlərimizi vaxt yetərsizliyindən arxa plana atmaqla qovaqov həyatımızı sürətlə yaşayırıq və bu qaçaqaçın içində necə qocaldığımızın fərqində olmuruq.

Zaman anlayışını necə qəbul etdiyimizi heç düşünmüsünüzmü? Uşaqlar onu məktəbə gedib qayıtdıqdan sonra bir neçə saat həyətdə oynadıqları vaxta hesablayırlar, böyüklər isə işdən sonra nə qədər özlərinə zaman ayıra bildikləri ilə ölçürlər. Yəni zamanı bizə faydalı olduğu zaman məhsuldar sayırıq, işlərimizi yetişdirməyəndə yox.

Zaman anlayışı mücərrəd anlayış olsa da, insan beyni bu anlayışı konkretləşdirərək qavramağa çalışır. Bu qavrama mərhələsində bizə kömək edən bir neçə amili qeyd etmək lazımdır. Lap əvvəllər, hələ saatın, sutkanın nə olduğunu bilmədiyi zamanlarda insanlar gündüzlər günəş, gecələr ay ilə gecə və gündüz anlayışını inkişaf etdirdilər və gün işığına, kölgələrin istiqamətinə görə vaxtı təyin edirdilər. Sonra il, torpağın əkilməsi, məhsulun yetişməsi, biçilməsi vaxtları ilə mövsümlərə ayrıldı, mövsümlər aylara, həftələrə, günlərə bölündü. İnsanların zaman anlayışı elm və texnologiya ilə inkişaf etdi, don dəyişdirdi. İnsan aman anlayışını rəqəmlərlə ifadə etdi. İllər əvvəl nə başlanğıcı, nə də sonu olan zaman anlayışı vardısa daha günlərin, saatların mövcudluğuna alışdı insan. Əvvəl vaxtdan bol heç nə yox idi, indi vaxtdan dəyərli heç nə yoxdur. Bəs bizim zaman anlayışımızı dəyişən nədir?

Bu gün zaman anlayışı konkretləşib və kiçilib. Bunun əksinə dünyamız böyüyüb, çevrəmiz və işlərimiz genişlənib. Qloballaşmadan danışırıq, yaşadığımız coğrafiyanı tərk edərək başqa ölkələrə, başqa coğrafiyalara gedirik, kosmosu fəth edirik. İnsan dünyaya hakim olmağa başladı. Bu böyük dəyişikliyi təmin edən ən mühüm mənbə təbii ki, informasiya və texnologiyadır. İnformasiya və texnologiyaya sahib olan cəmiyyət həmişə daha mühüm və üstün mövqedə olub və bu əbədi olaraq belə olacaq.

Texnologiyanın inkişafı, hər şeyin mekanikadan robotlaşmaya keçdiyi, rəqəmsallaşmanın yüksəldiyi dövrümüzdə zaman da sürətləndi. İndi insanlar daha çox boş iclaslarda, gərəksiz yığıncaqlarda danışmaq yerinə işləmək, istehsal etmək üçün zamana ehtiyac duyurlar. Zamanı planlı istifadə etmək istəyən insanlar ən birinci həyatından gərəksiz məşğuliyyətləri çıxarmalı olur. Lazımsız telefon söhbətləri, lazım olduğundan uzun çəkən iclaslar, məhsuldar olmayacaq görüşlər, plansız iş günü onsuz da sürətlənən zamanı bir az da qısaldır və nəticədə biz heç bir işimizi 24 saata yerləşdirə bilmirik.

Zamanının dəyərini bilən insanlar heç vaxt nə qədər zamanının qaldığına diqqət etmirlər, onlar qalan boş zamanlarında nə iş görə biləcəklərini planlayırlar. Gündəlik öhdəliklərinizin yerinə yetirilməsi üçün cədvəl tərtib etmək çox vacibdir. Effektiv vaxt idarəçiliyi, bütün planlarınızı tətbiq edə bilmək üçün güclü planlaşdırma bacarıqlarına malik olmanızı tələb edir.

Şəxsi stress səviyyənizi tanımaq və işinizə uyğunlaşma bacarığınız zamanınızı düzgün idarə etməyinizə kömək edə bilər. Hansı saatlarda stressə düşür, hansı zaman kəsiklərində narahatlıq hiss edirsiniz, bunu təyin etməli, həmin vaxtlarda özünüzə 5 dəqiqəlik sakitləşmə fasiləsi verməyiniz, bu, geriyə qalan zamanınızı düzgün dəyərləndirməyinizə kömək edəcək. Əks halda axşamadək stressli gəzməli və bütün işlərinizi təxirə salmalı olacaqsınız. Müəyyən bir tapşırığı yerinə yetirmək üçün özünüzə vaxt təyin edin. Bu hədəfləri olan insanların tətbiq etdiyi üsulur və hər zaman effektiv olur.

Əgər fürsətiniz varsa işə başlamadan əvvəl görəcəyiniz işi planlayın və mərhələlərə ayırın. Necə deyərlər, işə başlamazdan əvvəl işə başlayın. Bu, strategiyanızı əvvəlcədən hazırlamağa başlamaq deməkdir və siz bir addım öndəsiniz. İşləyərkən özünüzə fasilə verməyi unutmayın və dincəlmək üçün 5 dəqiqə də olsa vaxt ayırın. Dincəldikdən sonra işə başlamaq daha məhsuldar işləməyinizə kömək edəcək və işinizi tez yekunlaşdıracaqsınız. Bu da o deməkdir ki, zamana qənaət edəcəksiniz və sizin daha çox boş vaxtınız qalacaq. O vaxtı isə fərdi inkişafa, dostlarla görüşə, gözəl bir film izləməyə, yaxşı bir kitab oxumağa xərcləmək olar.

Lalə Mehralı

Digər xəbərlər