PDF Oxu

Sosial

  • 3 296

Sürət zamanı -FELYETON

image

İndi hamı qaçır. Deyirlər ki, qaçmalısan, çünki sürət dövrüdür. Qaçmasan, çata bilməyəcəksən. Odur ki, nə işıqfor, nə keçid... Hamı qaçır, dayanmır...

Görəsən, nə üçün dövlət əziyyət çəkib, vəsait xərc edib lazımı yerlərə işıqforlar qoyub, piyada keçidləri salıb, hətta piyadaların rahatlığı üçün keçidlər də yaradılıb, istər yerüstü, istərsə də yeraltı. Buna ki, əhəmiyyət verən olmayacaqdı, bunlardan ki, istifadə edən olmayacaqdı, nəyə lazım idi bu qədər xərc, vəsait və əziyyət?..

İnsanlar vallah, həyatlarından beziblər. Onları böyük, həm də sürətli magistrallarda görərkən belə qənaətə gəlmək olur. Görəsən niyə həyatlarından beziblər? Axı birimizə bir şey olanda o birilərimiz dünyanı dağıdırıq ki, günah mənim uşağımda, qardaşımda, bacımda, əmimdə, xalamda olmayıb, filankəsdə olub...

Bəs bu iddiaları edənlər niyə bircə kəlmə yaxınlarına demirlər ki, ay bala, ay əzizim yolu düzgün keç. Sənə ayrılan hissə ilə sənə ayrılan vaxtda keç, ölümün gəlməsin.

Bir də baxırsan ki, budur, böyük bir magistral yolda maşın qarışıb insana, insan da maşına. Maşın insana yol verir, hansı ki, özünün keçmək vaxtıdır. Lakin insan maşına yol vermir, hansı ki, özünün keçmək haqqı da, hüququ da yoxdur.

Bir də baxırsan ki, lap yaxında yeraltı keçid var, təhlükəsiz, filansız. Lakin adamlar həmin yoldaca yerin üstündədirlər, maşınların arasından ilan kimi qıvrıla-qıvrıla ötürlər, keçirlər.

Bir də baxırsan ki, yerüstü keçidi qoyub insanlar həmin yolu maşınların arası ilə, avtomobillərin siqnal səsi əhatəsində şütüyərək keçirlər.

Deyirsən, İlahi, bizə görəsən, nə olub? Nə üçün həyatımızdan belə asanlıqla vaz keçirik? Nə üçün bizim üçün yaradılanları görməyə gözümüz yoxdur ? Və ya görən gözümüz yoxdur. Və yaxud da görə bilmirik. Məgər gözlərimizi bizə İlahi- pərvərdigar yalnız baxmaqdan yanamı, dünya işığına kor qalmamaqdan yanamı verib? Bizlərdən heç kimə görməyi nəsib etməyib?

Nə üçün yalnız baxırıq, həm də düz burnumuzun ucuna baxırıq. Yaxşı olmaz ki, bir ayağımızın altına, bir başımızın üstünə, bir aşağıya, bir yuxarıya da baxaq. Axı baxsaq, görməli şeylər çoxdur. Yaxşı bu görməlilərin hamısını görməyək. Ancaq işıqforu, piyada keçid xətlərini, yeraltı, yerüstü keçidləri görək axı. Axı görməsək, maşın vurub bizi öldürəcək, ömrümüzü əlimizdən alacaq...

Hamımız yaxşı bilirik ki, onsuz da bizə nə isə olub? Amma nə olduğunu bilmirik. İndi yolun ortasındakı insanları qoyaq bir kənara, elə həmin yoldakı maşınlardan bir azca danışaq. Onsuz da yeri gəldi, gəlmədi maşınlar siqnallayır. Niyə, nə üçün, nədən ötrü, bunu hələ ki, bilən yoxdur. Amma yolda adam olanda bunu bilmək o qədər çətin deyil ki, bizdən yana siqnallayır. Deyir ki, ay piyada, niyə əcəlinlə oynayırsan, dur o sarı xəttin o tərəfində vaxtını, yolunu gözlə də.

Biz nə edirik, nə maşın, nə sürücü, nə işıqfor, nə keçid, heç birinə məhəl qoymuruq. Çünki bildiyimiz biləyimizdədir. Adət etmişik, ilan kimi maşınların arasında rəqs etməyə.

Deyəndə də deyirik ki, sürət zamanıdır. İndi ki, qaçmadın, demək ki, batdın. Vallah, bu sürət zamanı yəqin o deməkdir ki, yat, qal saat 10-a, 11-ə kimi, sonra da yolda əcəlinlə oyna ki, mən təcili işə, dərsə, filan yerə çatmalıyam. Və yaxud da ki, gedəcəyim hər yerə?..

Nə olardı ki, evdən tez çıxıb bu “sürət zamanı” anlayışını leksikologiyamıza daxil etməzdik də. Axı bu anlayış axırımıza çıxacaq. Hamımızın maşınlar altında canımızı alacaq...

Mətanət Məmmədova

Digər xəbərlər