Sosial

  • 958

Cəmiyyətin qorxunc bəlası TƏHLİL

image

Dünyanı narahat edən, bəşər övladının bəlasına çevrilən, bir çox gənclərin aludə olduğu narkomaniya bu gün demək olar ki, öz sferasını genişləndirib. Cəmiyyət üçün çox qorxulu, təhlükəli olan narkomaniya insan sağlamlığına bərpaedilməz ziyan vurmaqla yanaşı, cəmiyyətdə neqativ halların yaranmasına da səbəb olur. Çünki narkomaniya cinayətkarlığa, zorakılığa və korrupsiyaya rəvac verir, immunçatışmazlığı sindromunun sürətlə artmasına təkan verir. Bunun təsirindən ailələri dağıdılır, ömürlər yarımçıq qalır. Əlbəttə ki, cəmiyyətin yarasına çevrilən "ağ ölüm" sosial partlayışlara səbəb olub. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq cəmiyyətin intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə, bir çox mənfi hallara gətirib çıxarır. Bu, həm də və ən əsası, cinayətkarlığın artmasına səbəbdir. Narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Azərbaycanda da narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən kifayət qədər işlər görülüb. Bu sahədə fəaliyyət, ardıcıl olaraq, davam etdirilir və daha da genişləndirilir. Belə ki, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdə mühüm bir Sənəd oldu. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı", 2007-ci il 28 iyun tarixli Sərəncamla "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər üçün)", 2013-cü il 24 iyun tarixli Sərəncam ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamı oldu.

GƏNCLƏŞƏN NARKOMANİYA

Dövlət Proqramından irəli gələrək respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib və bu davam etməkdədir.

Eyni zamanda, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsullar tətbiq olunur. Son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər bihuşedici maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərə çarpacaq dərəcədə artmışdır. Bu gün narkomaniyanın gəncləşməsi prosesi gedir. Narkotik maddə alverçiləri uşaqlardan sui-istifadə edərək, onlara həmin məhsulları təklif edirlər. Beləliklə, uşaqlarda aludəçilik yaranır.

CƏMİYYƏTİN QORXUNC KABUSU

Bildiyimiz kimi, narkotik maddələr orqanizmə daxil olduqdan sonra psixoloji, hərəki və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. Mütəxəssislərin qənaətinə görə, narkotik maddə asılılığı, saxta xoşbəxtlik hissi verən maddənin müəyyən təsiri əldə etmək üçün lazım olan istifadəsi müddətində ortaya çıxan, fiziki, psixi və sosial problemlərə baxmayaraq, maddə istifadəsinin davam etdirilməsi və bu istəyin dayandırıla bilmədiyi bir vəziyyətdir. Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir. Zamanla zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir.

Əlbəttə ki, narkomaniya yalnız cəmiyyətin narkotik asılılıqdan əziyyət çəkən fərdinin deyil, ümumilikdə cəmiyyətin bir problemidir. Narkotik istifadəçisi birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə təsir edir. Mütəxəssislərin qənaətinə görə, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomanlığın yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin təşkil davamlı olmalıdır. Qorxunc bu kabus gənclərin başı üzərində dolaşmaqdadır. Gənc və yeniyetmələrin sağlam böyüməsi təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil, bu işdə hər kəs bacardığını etməlidir. Cəmiyyətin hər bir vətəndaşının bu istiqamətdə fəallığı mütləqdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər