Sosial

  • 1 309

Daşqın və sel fəlakətlərində insan izi

image

Sel və daşqınlar illərdir dünyanın bir çox yerində böyük itkilərə və tələfatlara səbəb olan təbii fəlakətlərdir. Belə fəlakətlər adətən, güclü yağışlardan sonra çayların məcrasından çıxması, istiqamətini dəyişməsi, dəniz səviyyəsinin qalxması kimi səbəblərdən baş verir. Xüsusilə su ehtiyatları ilə zəngin ölkələr daşqınların qarşısını almaq və seldən qorunmaq üçün doğru su idarəçiliyini bilməlidir.

İqlim dəyişikliyinin təsirlərini daha çox sel, meşə yanğınları və ya quraqlıq kimi fəlakətlərlə hiss edirik. Sel və daşqınların ən mühüm səbəblərindən biri meşələrin qırılmasıdır. İnsanlar illərdir bütün dünyada meşə sahələrini məhv edir, yandırır. Meşələrin qırılması sel və daşqın fəlakətlərinə səbəb olur, çünki meşələrin məhvi təbii ekoloji tarazlığı pozur. Suyu udmaq üçün ağaclar və digər bitkilərə ehtiyacımız var, ağaclar olmadıqda yağış suları daha sürətli axır və eroziyaya səbəb olur. Bu eroziya da öz növbəsində sürüşmələrə və torpaqda qeyri-sabitliyə səbəb olur, nəticədə isə daşqın və subasma fəlakətləri kimi ciddi təhlükə yaranır.

Daşqın fəlakətləri və subasmalar qəfil və intensiv yağıntılar nəticəsində baş verir. Suyun idarə oluna bilməyəcəyi nöqtələrə nüfuz etməsi nəticəsində insan itkisinə, dağıntı və maddi ziyana səbəb olur. Ona görə də suyun idarə olunması, nəzarətdə saxlanma mexanizmləri istiqamətində vacib tədbirlərin görülməsi təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir.

Sel və daşqınlara səbəb olan insan faktoru, əslində, ən böyük səbəblərdəndir. Urbanizasiyanın çox olduğu bu dövrdə şəhərlər həddindən artıq yüklənib, şəhər infrastrukturu isə bu yüklənməyə hazır deyil. Şəhərlərdə bitki örtüyünün məhv edilməsi, şəhər ətraflarındakı meşələrin yandırılması və qırılması da sel sularının qarşısının alına bilməməsi səbəblərindəndir. Plansız sənayeləşmə və plansız şəhərsalma da daşqın zamanı axının istiqamətini dəyişdirməsinə səbəb olur ki bu da fəlakətin baş verməsini qaçılmaz edir.

Bəxtimiz onda gətirib ki, Azərbaycan heç bir okeanla həmsərhəd deyil, buna görə də ölkəmizdə okean qasırğaları, sunamilər, tornadolar baş vermir. Bildiyimiz kimi, hazırda bu cür təbii fəlakətlər okeanla həmsərhəd ölkələrin kabusuna çevrilib. Lakin Xəzərlə qonşuluq da bizə kiçik silkələnmələr bahasına başa gəlir, çox güclü olmasa da, zaman-zaman kiçik zəlzələlər baş verir. Həmçinin paytaxt Bakıda ara-sıra sürüşmə, yəni eroziya baş verməsi də istisna deyil.

Ümumiyyətlə, daşqınlar dünyada çox yayılmış və dağıdıcı təhlükələrdən biridir. Daşqınlar dünyada daha çox, çayın, dənizin, yağış sularının ümumiyyətlə suyun öz səviyyəsindən yuxarı qalxması və ya başqa yerdən gəlməsi və quru səthləri örtməsi zamanı baş verir. Daşqınlar insan tələfatı ilə yanaşı, yollar, dəmir yolları, hava limanları, elektrik xətləri, su yolları və kanalizasiya sistemləri kimi infrastruktura da ziyan vurur və iqtisadiyyata mənfi təsir göstərir. Xüsusilə, daşqın ehtimalı nəzərə alınmadan yaradılan strukturlar və infrastrukturlar bu təbii hadisənin fəlakətə çevrilməsinə səbəb ola bilər.

Qeyd etdiyimiz ki, güclü yağışlar çayların daşmasına və suyun nəzarətsiz şəkildə yayılmasına səbəb olur. Xüsusilə yağıntının miqdarının normadan çox olduğu dövrlərdə daşqın riski artır. Dağlıq rayonlardakı çaylar sularının sürətlə axması səbəbindən daşqın riskini artırır. Yüksək yamaclardan yağış suları sürətlə aşağıya doğru axır və suyun səviyyəsi sürətlə yüksəlir. Bu, daşqınların baş vermə ehtimalını artırır. İqlim dəyişikliyi daşqınlara təsir edən mühüm amildir. Temperaturun yüksəlməsi ekstremal təbii hadisələrin tezliyini və intensivliyini artırır. Bu, daha çox yağıntı və şiddətli tufanlarla nəticələnir, daşqın ehtimalını artırır.

Daşqınlar heç də həmişə yağış yağan yerlərdə baş vermir. Ən günəşli və quru təbiəti olan ərazilər belə uzaq məsafələrdən gələn sel suları ilə daşqına məruz qala bilər. Buna görə də meteoroloji xəbərdarlıqları nəzərə almaq faydalıdır. Daşqınların şiddətli yağış, daşan çaylar, göllərdən əlavə tez əriyən qar, çökən bəndlər səbəbi ilə baş verməsi də mümkündür. Daşqınlar 1-2 sm dərinlikdə və ya bir evin damını örtəcək səviyyədə ola bilər.

Daşqın və sel fəlakətlərindən qorunmaq üçün binanın daxilində və xaricində daha yüksək və təhlükəsiz yerləri müəyyənləşdirmək lazımdır. Zərər görməməsi üçün qiymətli əşyalarınızı, sənədlərinizi, ailə fotolarınızı yuxarı mərtəbələrə daşıyın. Əgər daşqın baş verməsi gözlənilirsə içməli su və qida ehtiyatı yaratmaq lazımdır. Daşqın baş verdiyi zaman suya toxunmayın, çünki elektrik naqilləri ilə təmasda ola və cərəyan ötürə bilər.

Lalə Mehralı

Digər xəbərlər