Sosial

  • 1 671

Yaxşı ki, yoxsunuz, ölülər!

image

Atalarımız deyirdi ki, bir insanı tanımaq üçün bir ömür yetmir. Desəm ki, hələ dünya yaranandan insanları tanımaq üçün “Tiktok” qədər əlverişli yer olmayıb, mənə inanın, həm də çox inanın. Görün, bu sosial şəbəkə necə bir yerdir ki, burada əziyyət çəkib kimi isə tanımaq üçün ömür, beş il, on il lazım deyil, özləri özlərini bir anın içərisindəcə sənə tanıdırlar. Atalarımızın o bir ömrə tanımadıqlarını burada bir baxışla tanımaq olur.

Məsələn, Həsənqulu kişi vardı, Allah rəhmət eləsin, köhnə kişilərdən idi. Sanballı adamdı. Onun bir nəticəsi var. O gün “Tiktok”da görürəm ki, qolu-qıcı döyməli rəqs edir. Baxdım-baxdım, dedim, əhsən sənə, babası adam görəndə utandığından başını salırdı aşağı, salam verəndə adamın gözünün içinə də baxmağa çəkinirdi. Maşallah, bu uşaq gör nə qədər müasirdir. Halal olsun, bala, sənə. Babana oxşama, müasir ol.

Zəhra xalanın da bir qız nəvəsi var. O gün baxıram ki, “Tiktok”da sinəsi-başı açıq, canlı söhbətdədir. Dedim maşallah, gör nə müasir qızdır. Yazıq nənəsi ölənədək yaşmağını ağzından çəkmədi. Köynəyi boğazından bir barmaq aşağı enmədi. Ancaq nəvəsinə bax, bir də, maşallah, olsun. Nə qədər dəbli geyinib, çıxıb milyonlarla insanın qarşısına. Kişi, qadın, uşaq-böyük bilmir, canlıda canlı-canlı da söhbətlər edir.

Həsən kişi vardı, yaxşı tanıyırdım, hamı onun haqqında deyirdi ki, qızdan-gəlindən abırlıdır. Kişinin 5 qızı vardı, oğlu yoxdu. Haqqında camaat deyirdi ki, yazıq o qədər utancaqdı ki, oğlu da olmadı. Utancaqlığın oğlan olmasına dəxlinin nə olduğunu bu günədək dərk etməsəm də, amma bizdə belə bir deyim o vaxt, bu vaxt deyilməkdədir ki, utananın oğlu olmur. Yəqin nəvəsi də bunu eşidib. Deyib babam utancaq olub nə edib ki? Ona görə də utanmağın daşını ətəyindən töküb. O günləri baxıram ki, “Tiktok”da bir qıznan küçənin ortasındaca qol-boyun gəzir, hələ başqa şeylər də vardı, lakin onu deməyə utanıram. Əsla utanması-zadı da yox idi. Elə bil o babanın nəvəsi deyildi. Dedim, maşallah sənə, oğul, nə badə babana oxşayasan. Gəz, dolan, bax belə, afərin.

Hə, hələ kimdən deyim ey, Gülsüm xalanın qızından. Bu yaxınlarda yazıq arvad rəhmətə gedib. Rəhmətlik çox abırlı-həyalı qadın idi. Evdən eşiyə çıxmazdı. Bazar, dükan tanımazdı. O gün baxıram ki, onun da qızı bu “Tiktok”dadır. Çox qəşəng, dəbli, geyinib-kecinib çıxıb camaatın qarşısına, onlara məsləhət verir ki, qayınana ilə belə davranın, ona çox üz verməyin. Baldız ilə belə davranın, hər işinizə qarışmasına yol verməyin. Maşallah, dedim, sənə, çox maşallah. Elə anadan belə qız? Ana bayıra çıxmırdı utandığından, qızsa milyonlara, budur, həyat dərsi keçir. Afərin, bax, müasirlik budur.

Heydər əminin də haqq üçün deyim, hər kəs xətrini çox istəyirdi. Kişi kimi sözünü deyən idi. Ailəsi də bir yumruq idi. Bir barmaq oradan azacıq açıla bilməzdi. Nəvəsi var, qızdı, o gün baxıram ki, “Tiktok”da. Həm də burada nə edir? Dəridən-qabıqdan çıxır, özünü makyaj edir, gənc qızlara necə makyaj etməyi öyrədir. Dedim, maşallah, sənə, belə qız. Ata-baba qayda-qanununun ziddinə belə gedərlər bax. Babası qızlarını qoymurdu ki, üzlərinə bircə qırıq ənlikdən-kirşandan sürtə, ancaq nəvə gör o dövrü, o dövrün qanunlarını necə devirdi. Əhsən sənə, belə qız...

Züleyxa xala da sayılıb-seçilən arvadlardan idi vaxtilə. Sözünün qarşısına söz deyən olmazdı. Oğlanlarını da, gəlinlərini elə yığıb-yığışdırmışdı ki, bir kəlmə artıq söz danışanı ola bilməzdi. Onun da bir nəticəsi var, baxıram ki, bıy, bu da “Tiktok”dadır. Hər gün bir video çəkib qoyur bura, qayınanasını məsxərəyə qoyur. Deyir, ay qızlar, qayınana kimdir ki, mənim işlərimə qarışa. Yoldaşım ona bir dəfə deyib ki, ay arvad, çəkil otur yerində. O da çəkilib dinməzcə oturub. Bir dəfə ki, işimizə qarışmağa duxu çatmır. Dedim, maşallah, Züleyxa xalanın nəticəsi. Halaldır sənə. Qətiyyən nənənə oxşama. Yaxşı eləyirsən, çıx “Tiktok”a, bax belə danış, hərbə-zorbanı gəl. Nə istəyirsən, necə istəyirsən, elə də elə, qoy bütün qızlar səndən gəlin-qayınana münasibətlərini öyrənsinlər. Maşallah sənə.

Hə, yüzlərlə nənələr-babalar var ki, “Tiktok”da nəvələri müasirlik saçırlar ətrafa. Amma hamısından danışa bilmədim, qoy məndən küsməsinlər. Birinci rəhmətə gedənlərin övlad, nəvə-nəticələrindən yazdım ki, onlar artıq yoxdur həyatda. Bu dünyada olsaydılar, onsuz da “Tiktok”dakı əzizlərini görüb rəhmətlik olacaqdılar.

Yaxşı ki, rəhmətə getmisiniz, ölülər. Allah sizə rəhmət eləsin, yaxşı ki, bu günləri görmədiniz. Yoxsa heç vaxt öz əcəlinizlə ölməzdiniz.

Mətanət Məmmədova

Digər xəbərlər