PDF Oxu

Sosial

  • 1 501

Xətai rayonunda böyük İXTİSAR

image

Həqiqətən də, isbata ehtiyac yoxdur ki, hər kəs öz yerində olsa, vəzifəsinin nədən ibarət olduğunu anlasa, işinə nəzarət edə bilsə, həyatda əsla problem olmaz. Məsələn, nə yollar üzərindəki piyada keçid zolağı silinib görünməz olar, nə yol kənarında atomobillərin vurub aşırdığı və aylarla yerinə oturmağı gözləyən bardür olar, nə hansı bir iş üçünsə qazılan, lakin günlərlə əvvəlki formasını almağı gözləyən ərazilər olar, nə də Xətai rayonu, Fəzail Bayramov, 1156 küçəsindəki kimi, bir aydan artıqdır, əvvəl aşıb yanı üstə qalan, daha sonra COP29 tədbirinə görə haradasa gizlədilən, o vaxtdan üzə çıxarılmayan keçid nişanı olar... . O nişan ki, onu sürətlə ötən avtomobillərdən biri vurub yerə salmışdı.

Buradan isə hər gün keçən yüzlərlə insan var. Belə ki, yol nişanı 4 ədəd 24 mərtəbəli yaşayış kompleksinə gedən yol üzərindədir. Və həmin keçid nişanı yolda piyada zolağının olduğunu işarə edirdi.

Biz vəzifəmizi gözü açıq deyil, gözüyumulu icra etdikcə, iş otaqlarından bayıra çıxmadıqca, bilirsiniz nə baş verir? Hadisə baş verir. Kimi küçədə qazılan quyuya düşür, kiminin ayağı aşıb küçədə qalan bardüra ilişib sınır, kimini ağ keçid üzərində qara günlər gözləyir və sair. Eləcə də piyada yol nişanı, hansı hadisələrə vəsilə olacaq, Allah bilir...

Keçid nişanı aşırılan gündən bir neçə günə kimi elə yerindəcə qalmışdı. Sakinlər gözlədilər, gözlədilər, gəlib onu ayağa qaldıran olmadı, çəkib yaxınlıqdakı hasarın dibinə qoydular ki, əl-ayağa dolaşmasın, buradan keçənlərin ayağının sınmasına səbəb olmasın. COP29-a görə də onu yerinə qaytarmadılar, yəqin ki, gəlib aparıb gizlətdilər, axı bu ərazidə çoxsaylı qonaqlar yaşayırdı. Siz baxın ki, onu yerinə basdırmaqdan daha asan aparmağı məsləhət bildilər. Beləliklə, keçid nişanı birdəfəlik yoxa çıxdı. COP bitdi, lakin keçid nişanı da sanki xaricdən gəlmişdi, qonaqlarla birlikdə Vətəninə qayıtdı.

Burada avtomobil bir nəfəri vurub yerə yıxandan sonra məsələ gündəmə gələcək. Çünki keçid nişanını uzaqdan gələn sürücülərin hər biri görürdü. Məhz ona görə sürətlə gələn avtomobillər burada bir qədər yavaşıyırdı. Lakin indi keçid nişanı olmadığı üçün onların əksəriyyəti nə bilsin ki, burada piyada keçidi var...

Xətai rayonunda bu böyük ixtisarları görəsən hansı qurum həyata keçirir? Maraqlıdır, həm də həyat əhəmiyyətli ixtisarları...

Mətanət Məmmədova

Digər xəbərlər