PDF Oxu

Sosial

  • 525

10 qəpiyin söhbətini edirsiniz?.. -FELYETON

image

İki gündür camaat az qalır çörəyin qiymətini qaldıranları öldürsün. Bəlkə də əllərinə düşsələr, vallah öldürərlər. Nədir, nədir ki, çörəyin qiymətini 10 qəpik qaldırıblar. Hə, nə olsun ki?..

Başlamısınız sosial şəbəkələrdə ağzınıza gələni danışmağa. Ay qardaş, ay bacı, çörəyin qiymətini də qaldırıblar, çəkisini də. Nə üçün narahatsınız? İtirdiyiniz nədir ki?

Hələ inanın ki, bu sizə sərf edir. Nə üçün? Ona görə ki, çörəyin qiymətini qaldıranlar deyir ki, əvvəl çörəyin çəkisi az idi, quru olurdu, qiyməti qaldırdıq ki, çəkini də qaldıraq ki, qurumasın, camaata keyfiyyətli çörək sata bilək.

Bax, çörəkçilər sizin qədrinizi belə bilsin, siz də onların haqqını belə verəsiniz? Axı, vallah, bu, doğru deyil. Göydən Allah baxır. Haqsızlıq etmək düzgün deyil.

Səhər tezdən işə gəlirəm. Görürəm, küçədə iki qadın söhbət edir. Biri gileylənir ki, bir bölük külfətəm. Hər gün 4-5 çörək alıram. İndi 50 qəpik artıq verməli olacağam. Onun da üstü quru, içi xəmir olur, içini oyub götürür, qabığını yeyirik. Ay bacı, bu qədər də qiymət qalxar? Hər gün gedirsən marketə ki, dünən gördüyün qiymət yoxdur ey, 1-2, 5 qəpik arta-arta gedir. Bunların heç Allahı yoxdur?

İstədim deyəm ki, ay xala, çörəyin çəkisini o qədər qaldırıblar ki, əvvəl almırdın 4-5-ini, indi onu 3-ü əvəz edir də. Elə bil giley etməyə öyrəşmisiniz ey...

Dedim birdən xala mənə elə söz deyər ki, yapışıb yerimdəcə qalaram, işə yubanaram. Elə buna görə də oradan yavaşca və səssizcə ötməli oldum. Lakin yolboyu öz-özümə deyinməyə başladım: görəsən bizim millət nə üçün bu qədər çörək yeyir? Ay balam, bir halda ki, çörəyin içi də xəmir olur, onda “ətin çiyi ət gətirər, çörəyin çiyi dərd gətirər” kəlamını da xatırlayın da...

Elə hey deyinirsiniz ki, nə üçün çəkimiz artır. Vallah, çörəyi çox yeməkdəndir. Hər gün bir parça çörək ye, görək çəkin nə üçün artır? Yoxsa səhər, günorta, axşam, hər dəfə bir parça çörək, çəki artacaq da.

Beləliklə, vallah çörəkçilər qədrinizi sizdən çox bilir. Yəni, görünən odur. Çörəyin qiymətini 10 qəpik artırmaqla, bir tərəfdən də demək istəyirlər ki, az al, az ye, çəkin və sağlamlığın yerində qalsın.

İndi gəlin, deyin görək, kimin etirazı var? Az yeyin də bu çörəyi. Az yeyin ki, az da danışasınız. Qalxıb, qalxıb da qiyməti. Ağlınız əvvəllərə getməsin, indi nəzarət var, çəkisi də belə artıq olaraq davam edəcək. Belə getsə, heç yeyib qurtara da bilməyəcəksiniz, qırım-qırtanı da toyuq-cücəyə verəcəksiniz.

Bəs nə istəyirsiniz? İndiyədək quru çörəyə verirdiniz 55 qəpik, indi ətli-qanlı, yumşaq çörəyə verəcəksiniz 65 qəpik. Üstəlik həm özünüz qidalanacaq, artığını isə heyvanınıza verəcəksiniz. Bunun qarşısında 10 qəpiyin söhbətini necə edirsiniz?

Qaldı qara çörək növlərinə, onsuz da bu çörəyi alanlar xəstə idi ki, qara çörək alırdı, həm də onu iki günə yeyirdi. İndi onların qiyməti də qalxdığı üçün yedikləri qədəri bir az da azaldıb üç gün yesinlər, burada nə var ki?

Nə qədər az çörək yesəniz, o qədər sağlam olarsınız. Artıq çəkidən yolda yeriyə, bir iş görə bilmirsiniz. Çörəyi az yeyin ki, yerişiniz sürətlənsin, iş görməyə gücünüz çatsın.

Bir sözlə, 10 qəpiyin söhbətini etməyin, vallah ayıbdır, bu, bizə yaraşan söhbət deyil. Bir halda ki, çörəyin elə özünə and içirlər ki, bunu qurumağın qarşısını almaq üçün ediblər, ta bu qədər ağartmayın...

Mətanət Məmmədova

Digər xəbərlər