PDF Oxu

Sosial

  • 1 111

Təhsil məsələləri

image

Vaxtilə maarifpərvər insanlar əziyyət çəkib məktəb açmaq, camaatı savadlandırmaq istəyəndə görəsən düşünərdilər ki, vaxt gələcək məktəblərin sayı-hesabı olmayacaq. Və hələ üstəlik təhsildə necə yeniliklər baş verəcək... Elə bir yenilik ki, heç düşünsəydilər, ağıllarına belə gəlməzdi. Bir neçəsini sadalayaq, onların da ruhu xəbər tutsun ki, təhsildə yenilik necə olur.

İndi elə bir təhsil sistemi yaradılıb ki, dərs ili bitməmiş imtahanlar başlayır. Məsələn, bu dərs ilini götürək. Martın 2 və 9-da buraxılış imtahanları, 4 mayda rus sektorunun şagirdləri üçün Azərbaycan dili imtahanı olacaq. Qəbul imtahanın ikinci mərhələsi (blok imtahanı) may-iyun aylarında keçiriləcək. Nə gözəl, məktəbi bitirməyən şagird həm attestat, həm də ali məktəbə qəbul üçün elə dərs ilinin içindəcə imtahan verir. Hara qədər oxumusan, ora qədər, elə onları bilsən, kifayətdir.

Martda imtahandan sonra, dərsə gələ də bilərsən, gəlməyə də. Məktəb direktorları sağ olsunlar, ötüşdürəcək. Amma orası var ki, valideynin əli gərək bir az cibində olsun.

Elə ki, bu dərs ili getdi, o biri gəldi, yenə olacaq şeylər yenidən başlayır. Məsələn, elə birinci sinifdən başlayaq. Uşağı məktəbə ilk dəfə gedən valideyn əməlli-başlı kisənin başını açmalıdır. Məktəbli forması, ləvazimatı, bunlar bir yana, üstəgəl bunun bayramları, müəllimlər günü, 8 martı var.

Sosial şəbəkələrdə valideyn qrupları var, burada təhsil məsələləri xüsusilə müzakirə olunur. Məsələn, müəllimlər gününə neçə manatdan yığaq, ay qızlar? 8 marta nə edəcəyik?..

İbtidai sinfi bitirəndə lap dəsgah olur. Restoran, kafelər bağladılır, uşaqların ibtidai təhsili bitirməsi qeyd olunur. Onların əziyyətini çəkən müəllimlərin əməyi isə bu dəfə daha yüksək qiymətləndirilir. Daha sonra fotolar, videolar, sosial şəbəkələrdə paylaşılanlar... Və sair. Müəllim ona deyərəm ki, bax bu paylaşım hissədə özünü qoruya bilsin ki, sabah elin dilinə söz olmasın.

Daha sonra uşaqlar yuxarı siniflərə qədəm qoyur, təbii ki, dərslər əvvəlkindən beş qat çətinləşir. Çünki yeni təhsil sistemi əvvəlkilərə bənzəmir. Uşaqlar XXI əsrin uşağı olduğu üçün təhsil də XXI əsrin təhsilidir. Bu dəfə repetitorlara ibtidai siniflərdən daha çox ehtiyac olur. Valideynlər qapı-qapı, ev-ev gəzib uşaqları üçün yaxşı müəllim tapmağa çalışır.

Bu repetitor məsələsinə də son illər o qədər yenilik gətirilib ki, artıq sinifdə dərs zamanı müəllim özünə çox əziyyət vermir, çünki dərsdən sonra hazırlıq olur, dərindən öyrənmək istəyən şagird əlbəttə ki, buyursun hazırlığa.

Daha sonra da yenə dərs ili bitməmiş imtahanlar başlayır. İmtahandan sonra da nə baş verir, yazdım, siz də oxudunuz.

Təhsil məsələsi belədir ki, yeniliyi sevir. Yenilik də bizdə, istənilən qədər. Odur ki, uşaqlarımız çox savadlı, həm də dünyagörüşlü olur.

Allah rəhmət etsin maarifpərvər insanlara, təməlini qoyduqları məktəblər bax indi belə sürətlə irəliyə doğru addımlayır.

Hələ mən elə-belə səthi yenliklərdən söhbət açdım. İnşallah, ölmərik, qalarıq, xırdalıqları da xırdalayarıq.

Mətanət Məmmədova

Digər xəbərlər