Böyük ustalıq tələb edən və xalq yaradıcılığının məcmusu olan xalçaçılıq xalqımızın əsrlərdən bəri yaşatdığı dekorativ tətbiqi incəsənət növlərindən biridir. Xalçaçılıqla böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlar məşğul olub. Həmin xalqlar bu qədim sənəti yaşatmaqla, eyni zamanda öz mədəniyyətlərini də yaşadıblar.
Zaman-zaman evlərimizi ana-nənələrimizin göz nuru olan xalçalar bəzəyib. Odur ki, xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə olunan qiymətli əşyadır. Elə qiymətli olduğu üçün xalça həmişə qızların cehizinə qoşulub, onun yeni evinin ən dəyərli əşyasına çevrilib. Analar hər zaman qürur duyub ki, öz əlləri ilə toxuduğu xalçalar göz bəbəkləri olan övladlarının ana payı, cehizinin ən dəyərli hissəsi olub. Nəinki qızlara, analarımız evlənib evdən ayrılan, öz yuvasını quran oğullarına da ata ocağından pay olaraq xalça hədiyyə edirdilər. Onlar da bu xalçaları evlərində yuxarı başda divardan asar, ana xatirəsinin dəyərini belə verərdilər.
Vaxtilə qəsəbə və kəndlərimizdə evlərdə hana qurular, xalça toxunardı. Xalça çoxyaşlı sənət növü olmaqla yanaşı, həm də özündə böyük bir xalçatoxuma ənənəsini yaşadıb. Bu ənənə hananın qurulmasından xalçanın kəsilməsinədək bir neçə mərasimi birləşdirir. Bu mərasimlərin hər biri isə şer və bayatılarla ifadə olunduğundan xalq yaradıcılığına da töhfəsini verib, onun bir parçasına çevrilib.
Xalça toxumaq ənənəsindən danışaq. Danışaq ki, bu qədim ənənəni unudulmağa qoymayaq.
Qədim Azərbaycan xalçaları
Azərbaycanda xalça sənəti növlərinin yaranması, inkişafı çox qədim tarixə malikdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Müxtəlif rəng çalarlarına malik Gəncə xalçaları isə hər zaman özünəməxsus üslub ilə fərqlənib. Həmin xalçalar ki, adı Qarabağ atları ilə qoşa çəkilib, xaricə göndərilib, sərgilərdə həmişə yüksək yerlər tutub, gələn qonaqlara qiymətli hədiyyə kimi təqdim edilib.
Qərb regionunun təbiətinin də zəngin və rəngarəng olması bölgədə xalçaçılığın inkişafında əvəzsiz rol oynayıb. Belə ki, Gəncə xalçalarını digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də onların toxunmasında əsasən təbii xammal və boyaq məhsullarından istifadə olunmasıdır. Gəncə-Qazax zonasında xalçalar əsasən yundan toxunduğundan seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə 3 kv. m, 1.5x 2(2.5) sm olur. 5-7 rəngdən istifadə edilən bu xalçalarda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir. Vaxtı ilə ipəkçiliyin inkişaf etdiyi Gəncədə ipəkdən toxunulan xalçalar öz gözəlliyi ilə insanı valeh etməyə bilmir. Gəncə-Qazax xalçalarında ilmələrinin sıxlığı bu cürdür: 10 sm-də 25-30, 28-35 ilmə.
Tarixi mənbələrdəki məlumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunmuşdur. X əsrə aid (982-ci il) “Hüdud-əl-Aləm” əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, o cümlədən Muğan öz çuvalları və palazları ilə məşhur olmuşdur; Naxçıvan, Xoy və Salmaz şəhərləri öz zililəri, xalçaları və toxuculuq məmulatı ilə, Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.
Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.
Azərbaycan xalçaları həm də bu gün hər bir azərbaycanlı ailədə yaşadılır. Ya divarları, ya da döşəməni bəzəməklə, həm də evlərə gözəllik və istilik qatır.
Evlərdə qurulan hanalar
Vaxtilə kəndlərimizdə elə ev olmazdı ki, orada iki-üç ildən bir hana qurulmasın. Qadınlar xalça toxuyub həm döşənəcəyə olan ehtiyaclarını ödəyir, həm də toxuduqları xalça-palaz, kilimləri bazara çıxarıb satmaqla, ailə büdcəsinə gəlir gətirirdi.
Hana qurmaq xüsusi bir gün idi və həmin gün elə xüsusi mərasimlə də başlayırdı. Elə ki, hansı bir qadınsa xalça toxumaq istəyir, yəni yununu hazırlayıb, onu, didib, əyirib, rəngləyib, hazır edib, hananın qurulması vaxtı çatardı.
Hana qurmaq üçün kənddə ən məşhur xalçaçı qadın evə dəvət olunardı. Qonşu və yaxın qohum qadınların iştirakı ilə keçirilən bu mərasim çox maraqlı keçərdi. Ev sahibi olan qadın həmin gün üçün şirniyyat, yemək hazırlayar, süfrə açardı.
Elə ki, xalçaçı qadın hananı qurdu, onun toxumaq üçün hazır olduğunu bildirdi, son dəfə əli ilə hananın əriş-arqaşını yoxladı, deməli, hana hazırdır. Belə olanda qadınlar hananın üzərinə konfetlər atar, ev sahibinə gözaydınlığı verər, uğurlar arzulayar, xeyirli olmasını diləyərdi.
Daha sonra isə süfrə ətrafında yemək yeyər, şirniyyatlarla çay içər və evlərinə yola düşərdilər. Bununla artıq məlum olurdu ki, filan evdə hana var. Xanımlar hər gün ev işlərini qaydasına qoyduqdan sonra hana olan evə gələr, bacardıqları qədər kömək edərdilər.
Kəndlərimizdə elə qadınlar vardı ki, necə deyərlər, gözü tərəzi idi. Yəni xalçanı hər hansı bir sxemlə toxumurdu. Beynində qurduğu sxemi tətbiq edər, digər qadınlar isə onun göstərişi ilə hansı yerə hansı rəngi harayadək lazım olduğu qədər toxuyardı.
Uşaqkən biz də kəndə tez-tez gedərdik. Xüsusilə xalça toxunan ərəfədə atam hər həftə bazarlıq edib bizi kəndə yollayardı. Deyərdi, gedin, nənəyə kömək edin. Aldığımı da nənə bişirib, hazırlayıb iməcilərə (xalça toxumaq üçün köməyə gələnlərə iməci deyilirdi) versin. Biz də sevinə-sevinə kəndə gedər, hana qarşısında əyləşər və nənəmin və ya bibimin göstərdiyi sadə yerləri toxuyardıq. Bax, elə buna görə də vaxtilə uşaqlı-böyüklü hər bir qız-qadın xalça toxumağı bacarırdı. Bu, qədim xalçaçılıq sənətinin yaşadılması, eyni zamanda xalça toxuyanlara köməklik idi.
Xalçanın toxunması aylarla çəkərdi. Çünki heç bir qadın səhərdən-axşama hana qarşısında oturub günü tək xalça toxumağa həsr etmirdi. Kənd yerinin işi ağır olar. Hər xanımın səhərdən axşamadək yetərincə işi var: ev işləri, yemək hazırlamaq, paltar-qab yumaq, həyəti süpürmək, axşam mal-qara çöldən gələndən sonra onları sağıb, südü pendir vurmaq, qatıq çalmaq, südü maşına verib yağ-xama hazırlamaq bir qadının gün ərzində gördüyü işlər idi. Odur ki, boş vaxtı olandan-olana, bu da adətən axşam yeməyindən sonra olurdu, hər kəs yığışıb hana önünə keçər və toxumağa başlardı.
Yadımdadır, xalça toxunan axşamlar o qədər maraqlı olardı ki... Qonşu qadınlar bir yerə yığışar, maraqlı söhbətlərlə, deyə-gülə, çay içə-içə xalçanı gecə saatlarınadək toxuyardı. Söhbət və iş o qədər maraqlı olardı ki, bir də baxardıq ki, gecə yarı olub. Nənəm deyərdi ki, ay qızlar, tezdən yuxudan qalxa bilməyəcəksiniz. Hər kəs əlini xalçadan çəksin, işi dayandıraq. Bundan sonra hər kəs ayağa qalxar, nənəm hananın üzərinə bir pərdə çəkərdi. Soruşardıq ki, ay nənə, xalçanın üzünü niyə örtürsən? Deyərdi ki, xalça tam hazır olanadək üzü örtülü saxlanmalıdır, böyüyəndə bilərsiniz.
Daha sonralar anladıq ki, həqiqətən də yarımçıq xalçanın üstünü həm evdəki kiçik uşaqların əl vurmaması üçün bağlayardılar. Həm də nənəmdən öyrəndiyimiz kimi, tamamlanmamış naxışlar evə yanlış enerji ötürə bilərdi.
Unudulmaz hanakəsdi mərasimi
Vaxt ötər, xalçanın hanadan ayrıldığı gün gəlib çatardı. Bu da böyük mərasim şəklində keçirilərdi. Ona hanakəsdi də, xalçakəsdi də deyərdilər.
Qonşu, qohum qadınlar əvvəldən bilərdi ki, filankəs bu gün xalçasını kəsəcək, yəni xalça artıq hazırdır, onu hanadan ayırıb yerə sərəcəklər. Odur ki, qadınlar şirniyyatlarla xalça kəsilən evə yollanardı. Əvvəlcə yenə də kəndin ən məşhur xalçaçı qadını mərasimə başlayardı. Daha sonra bir-iki kişi də hananın yanına gələrdi ki, xalça ağır olduğu üçün onun kəsilib yerə açılmasına köməklik etsinlər. Elə ki xalça hanadan ayrıldı, yerə sərildi, kişilər gedər, qadınlar isə mərasimi davam etdirərdi. Belə ki, xalça yerə səriləndən sonra bu işi hər kəsdən yaxşı bilən qadınlar xalçanın üzərində xüsusi qayçı ilə işə başlayardı. Yəni uzun qalmış sapları doğrayar, xalçanın hər yerini bir olmasına çalışardılar. Bundan sonra xalça tam naxışı, gözəlliyi ilə ortaya çıxardı. Mərasimin bu hissəsindən sonra hər kəs “mübarəkdir” deyər və xalçanın üzərinə şirinlik atardı.
Daha sonra isə yenə də süfrə ətrafında ev yeyəsinin qonağı olar, yemək yeyib, şirniyyatlarla çay içərdilər.
Beləliklə, evlərimizin yaraşığı bir xalça da digərlərinin sırasına qoşulardı. Xalça bir neçə gün yerdə saxlanar, hərdən üzəri aralarında ip qırıntısı qalmasın deyə təmizlənərdi. Sonra həyətdə ağacdan ağaca bağlanan simin üstünə atılıb burada da son dəfə təmizlənərdi ki, istifadəyə verilsin.
Bu prosesdən sonra xalça ya hər hansı bir otağa salınardı. Və yaxud cehizlik üçün toxunmuşdusa, bükülüb, qırmızı lent bağlanıb evin qızının cehizləri yığılan otaqda onların yanına qoyulardı.
Üzərinə adlar yazılan xalçalar
Qızlardan fərqli olaraq, ana-nənələr oğlan övladına verəcəyi xalçanın üzərinə onun adını da yazardı. Bu o qədər gözəl bir ənənə idi ki, üstündən illər keçsə də bu incə məqamı hər dəfə elə incə hisslərlə də xatırlayıram.
İndi də kəndlərimizdə həmin xalçalar evlərdə ya divarda, ya da döşəmədə qalır, üzərində də evin kişisinin adı. Bu ənənə bir tərəfdən ona görə gözəl idi ki, illər sonra da xalçanın kimə aid olduğunu göstərirdi. Digər tərəfdən isə bizim milli-mənəvi, ailə dəyərlərimizin göstəricisi idi. O mənada ki, xalçadakı adlar övladlarımıza olan sevgini özündə əks etdirirdi. Analarımızın öz əlləri ilə balasının evini bəzənməsi, ata evindən pay idi. Təbii ki, evdə valideynlərlə yaşayan övladın da adına xalça olurdu və üzərində də adı.
Bu gün illərdir ki, həmin xalçalar döşəmədə yer alır. Dəfələrlə yuyulub. Lakin rəngi öz təravətini saxlayıb. Eləcə də üzərində kimə məxsus olduğunu göstərən adlar da olduğu kimi xalçanın üzərindədir. Bu adlar həmin evlərdə böyüyən nəvələrə xalqımızın milli dəyərlərindən söhbət açır. Onlara bu xalqın zəngin tarixindən, ənənələrindən danışır.
Daha sonralar adlar yazılan bu xalçaların ənənəsi başqa cür də yaşadılmağa başladı. Naxçıvanda xalçaçı qadınlar var ki, toxuduqları xalçanın üzərinə “Naxçıvan” yazır. Bu, çox gözəl bir ənənədir. Ona görə ki, məlum olduğu kimi ermənilər haqsız olaraq nəinki xalçalarımıza, Azərbaycana məxsus bütün maddi-mədəniyyət nümunələrinə sahib çıxmağa çalışır. Qərb alimi Ulrik Şurman Qafqaz xalçalarına həsr etdiyi kitabında Azərbaycan xalçalarının tarixi və özünəməxsus xüsusiyyətləri “Qafqaz xalçaları” adı altında təqdim edir. Nəticədə, ayrıca bir ölkə kimi nə Azərbaycanın, nə də xalqın adı çəkilir. Erməni xalçalarından bəhs edildiyində Azərbaycan xalçalarından deyil, ayrı-ayrı coğrafi bölgələrdən (Qarabağ, Şirvan və sair) danışılır, bu bölgənin əhalisinin etnik tərkibi saxtalaşdırılır. Qafqaz xalçaları içərisində erməni xalçalarının rolu şişirdilir.
“Əjdaha” motivindən danışılarkən qeyd edilir ki, bu ornamentlər İrandan iqtibas edilmiş və Qafqazda ermənilər tərəfindən yayılmışdır. Bundan əlavə, İen Bennetin Şərq xalçalarına həsr etdiyi kitabında Azərbaycan xalçaçılığının bəzi prinsipial məsələləri təhrif edilmişdir. Bir sıra motivlər erməni motivi kimi verilmişdir. Bütün bunlara görə xalçaların üzərinə insan və yer adlarının yazılması vacibdir. Artıq bunu ölkədə bəzi xalçaçılar edir və hər yerdə bu, belə də olmalıdır. Çünki biz erməni adlı düşmənin nələrə əl atdığını çox yaxşı görmüş bir xalqıq.
Təbii ki, vaxtilə evlərimizdə üzərinə toxunduğu il, şəhərin, kəndin adı, hətta onun ailənin hansı övladı üçün hazırlandığı da həkk olunan xalçaları kim mənimsəyə bilərdi?
Hana quraq, ilmə ataq, xalça toxuyaq...
Bu gün kəndlərdə hana qurulmasına çox təsadüfi halda rast gəlmək olur. Ölkədə xalça fabrik və sexləri fəaliyyət göstərsə də, lakin qadınlarımız əsrlərdən bəri evlərdə yaşatdığı xalçatoxuma sənətini də digər ənənələr kimi tarixin arxivinə göndərib. Bəlkə də internet elə bu ənənələri əlimizdən almaq üçün yaradılan bir vasitə idi. Tez-tez həyatımıza daxil edilən sosial şəbəkələr bəlkə elə xalqları öz adət-ənənəsindən ayırıb tarixindən, mədəniyyətindən uzaqlaşdırmaq niyyətinə xidmət edirdi...
Nə oldu, nə dəyişdi ki, Azərbaycan qadını kirkid-darağı, həvə-toxmağı, qayçı-bıçağı yerə qoyub smartfon telefonları əlinə aldı? Nə oldu ki, vaxt tapan kimi hana qarşısına qaçan, ilmələrdən özünə maraq dairəsi, əyləncə yaradan, asudə vaxtını yalnız hana üzərində ilmələrlə, rənglərin harmoniya ilə quran Azərbaycan qadını indi televizor qarşısında milli-mənəvi dəyərlərimizə zərbə endirən serialları izləyir, telekanalların əttökən verilişlərinin birini belə tamaşa etmədən buraxmır?
Bizə hansı qazandıra bilər: həm mənəvi dəyər, həm də maddi dəyər. Dünənkilər, yoxsa bugünkülər? Odur ki, qadınlarımız bu günün və sabahın xətrinə, övladlarının gələcəyi naminə dərindən fikirləşsin. Xalçaçılıq sənətini yaşatmaq, qızlarımızı işə cəlb edib onlara qədim sənəti öyrətmək, yoxsa əlimizdən smartfonları yerə qoymamaq, övladlarımızın da bu fonda böyüməsinə şərait yaratmaq? Onları Azərbaycan xalçası haqqında tamamilə məlumatsız böyütmək?..
Düşünək və qərar verək: ilmə ataq, xalça toxuyaq. Bu qədim və xalqın ənənələrlə zəngin sənətini unudulmağa qoymayaq!
Mətanət Məmmədova