Bəzən baxdığımız bir filmin, tamaşanın təsirindən həftələrlə çıxa bilmirik. Lakin səhnədə sadəcə aktyorları görürük, ssenari sadəcə aktyor oyunu ilə yaddaşımıza köçür. Bəzən bir kitabı başa vurur, qarşımıza çıxan yaxşı bir yazını nəfəs dərmədən oxuyur, bir rəsm əsəri qarşısında dəqiqələrlə dayanıb məna çalarları içində itib-batırıq, onların unudulmaz təsiri yaddaşımıza əbədi olaraq köçür. Baxdığımız film və tamaşaların, oxuduğumuz kitab və yazıların, sehrinə düşdüyümüz rəsmlərin çox halda sadəcə müəlliflərinin adını öyrənə bilirik. Düşüncələrini cümlələrə, misralara, rəsmlərə köçürən illərlə unuda bilmədiyimiz çoxsaylı insan var ki, biz bəlkə də bir ömür onların üzünü görmürük. Lakin həyatımıza bəxş etdikləri ilə onlar qəlbimizdə və ruhumuzda əlçatmaz bir yerdə olur.
Deməli, hər bir görünən yaxşı nə varsa, onun bir pərdə arxası da var. Orada sənin könlünü fəth edən bir yazıçı, şair, rəssam və kimlərsə... Eləcə də bir müəllim var. O pərdə arxasında görünməyənlərin “məhsuludur” gördüklərimizin hər biri.
Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti adına layiq görülən Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, həyatının 25 ilini jurnalistika təhsili üzrə pedaqoji fəaliyyətə həsr edən Şəhla xanım Şirəliyeva da bayaqdan bəri danışdığım tamaşa, film, rəsm əsəri, kitab, yazı və sair müəllifləri kimi pərdənin arxasında bizim görmədiklərimizdən, lakin heyran olduqlarımızdan biridir. Naxçıvan Muxtar Respublikasında onlarla jurnalistin yetişməsində əvəzsiz xidmətləri olan, onlarla tələbə-müəllim, tələbə-dost, tələbə-ana münasibəti qurmağı bacaran, məhz bu keyfiyyətlərinə görə hər zaman sevilən, dəyərləndirilən unudulmaz Şəhla müəllim.
Mən ali təhsilimi Naxçıvanda almamışam. Şəhla xanımla nə iş yoldaşı olmuşam, nə də rəfiqə. Lakin Naxçıvan kiçik bir şəhər olduğu üçün burada insanların bir-birini tanımaması mümkün deyil, xüsusilə də mətbuat adamlarının. Şəhla xanımla tez-tez mətbuatla bağlı tədbirlərdə iştirakımız yaxından olmasa da, qiyabi tanışçılığımıza səbəb olub. Sonralar qısa bir dövrdə-mən Ali Məclisdə işləyərkən dövlət qurumlarının mətbuat şöbələrinə işə qəbul üzrə komissiyanın üzvü kimi hərdən bir arada olurduq. Esse yazılarının oxunub qiymətləndirilməsində Şəhla xanımın həqiqətən Azərbaycan tarixinə və ədəbiyyatına dərindən yiyələndiyinin, ana dilimizin qrammatik və üslub qaydalarına böyük həssaslıqla yanaşdığını müşahidə etmişdim.
Niyə də olmasın ki?.. Şəhla xanım həyatını elmə, təhsilə verib. İllər onu əsl ziyalı kimi yetişdirib:1994-1998-ci illərdə NDU-nun Humanitar fakültəsində bakalavr, 1998-2000-ci illərdə həmin təhsil ocağında Azərbaycan ədəbiyyatı ixtisaslaşması üzrə magistr təhsili alıb. 2001-ci ildən NDU-nun aspirantura şöbəsində filologiya istiqaməti üzrə elmi fəaliyyətini davam etdirib. 2008-ci ildə “ Naxçıvanda radio-televiziya və ədəbi mühit” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi qazanıb.
Və təbii ki, tək təhsil deyil, təcrübə də bir ziyalının yetişməsində əsas amillərdəndir. Şəhla xanım 2000-2002-ci illərdə NDU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin baş inspektoru kimi əmək fəaliyyətinə başlayıb. 2002-2004-cü illərdə Naxçıvan Təhsil İnformasiya Mərkəzinin koordinatoru, 2001-ci ildən NDU-nun “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. 2013-cü ildən “Jurnalistika və dünya ədəbiyyatı”, 2018-ci ildən “Jurnalistika və kitabxanaçılıq”, 2020-ci il tarixdən isə “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiridir.
Şəhla Şirəliyeva dəfələrlə ölkə səviyyəsində və Rusiya, Türkiyə Almaniya, İngiltərə, Fransa, Avstraliya, Macarıstan, İspaniya və sair kimi ölkələrdə keçirilən beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib. Muxtar respublikanın da ictimai həyatında daim fəal iştirakı ilə seçilən ziyalı qadınlardandır.
30-dan çox elmi məqalənin, 2 monoqrafiyanın, 1 dərs vəsaitinin müəllifi olan Şəhla Şirəliyevanın dərs dediyi yüzlərlə tələbə məhz bu kitab və məqalələri əxz etməklə yetişib, muxtar respublikanın mətbuat aləminə qədəm qoyublar. Onların hər bir uğurunun arxasında müəllim kimi Şəhla xanımın əməyi, zəhməti dayanır. Tək uğurmu, xeyir. Şəhla xanım eşitdiyimə görə həm də tələbələri ilə dost, ana münasibəti quran bir müəllimdir. Qızların sirdaşı, oğlanların yolgöstərəni olan Şəhla xanım bəzən onların anası-məsləhətkeşi olub, bəzən tələbələrinin yaşına enib dostlarına, rəfiqələrinə çevrilib. Odur ki, hansı tələbəsindən onun haqqında soruşsan, xoş xatirələr bir-birini əvəz edib günlərlə davam edəcək söhbətin mövzusu ola bilər.
Şəhla xanımın Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülməsini həm bir qadın, həm də həmkar kimi böyük sevinclə qarşıladım. Və özümə borc bildim deyim, qəlbimin diktəmi etdiyini deyim, bilmirəm, hansı səbəb oldusa, məni kompüter qarşısına əyləşib bu yazını yazmağa vadar etdi. Son cümlələrini yazdığım bu an düşünürəm ki, yaxşı ki, yazını yazmağa başlamışam. Axı yazmasam, olmaz. Həqiqətən də elə məsələlər var ki, ondan yazmasam, rahatlıq tapa bilmirəm. Eləcə də pərdənin arxa tərəfində olan, lakin milli mətbuatımıza onlarla tanınmış jurnalisti bəxş edən Şəhla xanımın bu sevincinə qatılmamaq olardımı? Əsla...
Təbrik edirəm sizi, Şəhla müəllimə. Yazının hər cümləsində o gülər üzünüz, ziyalı baxışlarınız, qayğıkeş ana, ləyaqətli həyat yoldaşı simanız gözlərim qarşısında canlanıb və mənə bu yazını yazmaq üçün anbaan ilham verib. Sizi sevənlərin, nə qədər dəyərli ziyalı olduğunuzu görənlərin hər biri daha yüksək təltiflərə layiq görülməyinizi arzulayır və inanır ki, qarşıdakı illərdə bu istəyi də gerçək olacaq.
***
Bəli, biz izlədiyimiz bir filmin, bir tamaşanın, dəqiqələrlə baxdığımız bir rəsmin, oxuduğumuz bir kitabın, yaxşı bir yazının pərdə arxasındakı müəllifi ilə hər zaman yaxından tanış olmağa çalışaq. Çünki pərdənin arxa tərəfindəkilər olmasa, nə bir film, nə bir rəsm əsəri, nə bir kitab, nə də bir yazı ola bilər. Orada Şəhla müəllim kimi həyatını jurnalist kadrların yetişməsinə həsr edən müəllimlər də var. Deməli, pərdənin arxa tərəfini görə bilək ki, digərləri kimi, oxuduğumuz yaxşı yazıların müəllifini yetişdirən müəllimləri də tanıyaq.
Görmədiyimiz görünənlərin əməyini qiymətləndirməyə gəlincə, bu, bizim dəyərimizdir.
Mətanət Məmmədova