“Əkinçi”nin 150-ci ildönümü ərəfəsində Fəxri Xiyabandayam, Həsən bəy Zərdabinin məzarını ziyarət edirəm, hər bir jurnalist kimi borcum olaraq... Salamlar olsun müqəddəs ruhuna, Həsən bəy! Bilirəm, harada bir qəzet redaksiyası varsa, sənin ruhun oradadır. Hələ o da ola sələfinin yolunu böyük tarixi nailiyyətlərlə davam etdirən xələfin – 34 yaşlı “Səs” qəzeti. Onu da bilirəm ki, ruhun şad, xürrəmdir. Nə az, nə çox, düz 7 illik mücadilə, olmazın əzab-əziyyəti ilə, qarşıdurmalarla “Əkinçi”nin nəşrinə nail olub, Azərbaycanda milli mətbuatımızın banisinə çevrilməyini, ilk mətbu orqanın ardınca minlərlə qəzetlərin işıq üzü görməsini, ölkəmizdə sadiq davamçılarından ibarət böyük jurnalist ordusunun yaranmasını, mətbuatımıza söz azadlığının, müstəqilliyin verilməsini, illərlə bir mətbuat fədaisi yanarlığı ilə hər vilayətin qəzetinin o vilayətin güzgüsü olması gərəyi ilə bağlı arzularının reallaşmasını 150-dən ötən 365-lər sənə təfsilatı ilə çatdırıb.
Həsən bəy, mən də bu 150-nin bir qərinəlik dövrünü həyatımın bir hissəsinə çevirən mətbuat adamı kimi, nə qədər haqqım olduğunu bilmirəm, amma ustada üz tutub ötən 365-lərdə mətbuatımızla bağlı olanlardan, keçənlərdən ona – millətinin mənəvi yükünü söz yükünə çevirib illərlə çiyinlərində daşıyan, elə həmin yüklə də bu dünyadan əbədiyyətinə köç edən qocamanla söhbət etmək istədim. Sən bütöv bir millətin, xüsusilə də biz qəzetçilərin əzizisən. Sənin mürtəce qüvvəllərin təqibləri, həbsləri, evinə basqınları ilə, ailənin hər an təhlükə ilə üz-üzə qalması, işindən kənarlaşdırılmağın, yaşayış yerindən uzaqlaşdırılmağın, ev dustağına çevrilməyin hesabına, lakin bu mübarizədən dönmədən yaratdığın mətbuatla, bir də Həsən bəy Zərdabi adı, şəxsiyyəti ilə minlərlə jurnalist qürur duyur: sənin davamçılarına çevrilə bildiyimiz, ötən hər günün tarixini yazdığımız, bu günü gələcəyə götürə bildiyimiz, ictimai həyata güzgü tutmağı bacardığımız üçün. Sənin “Əkinçi”nin böyük zəhmətkeşliklə toxum səpib cücərtdiyi “tarlalar” həm də bu gün minlərlə jurnalistin çörək ağacıdır. Söz əkib cümlə biçən, müasir dövrün ictimai həyatının fəal “Əkinçi”lərinə çevrilən hər birimiz sənin ruhuna duaçıyıq, ustad. Bilirsənmi nəyə görə? Səndən öyrənmişik mücadiləni, mübarizədən əl götürməməyi. Səndən öyrənmişik insanların haqqı olanların haqqında yazmağı, həyata güzgü tutmağı, düzü düz, əyrini əyri görməyi...
Həsən bəy, bir qədər əvvəldən danışım sənə. Səndən sonra bilirsənmi nələr oldu? “Əkinçi”nin adı ilə bağlı nə qədər fikir ayrılıqları yarandı. Qəzetə nə üçün məhz “Əkinçi” adının qoyulması ilə bağlı bir çox tədqiqatçılar ayrı-ayrı mülahizələr irəli sürdülər. Onlardan bəziləri söylədilər ki, “Əkinçi” elə lap əvvəldən kənd təsərrüfatı məsələlərini əks etdirən bir qəzet olmalı imiş. Bununla qətiyyən razılaşmadıq. Çünki yaxşı bilirdik ki, qəzetə verilən “Əkinçi” adı təsadüfi deyildi. “Əkinçi” adı elə onun demokratikliyinin göstəricisi idi. Bunu da bilirdik ki, sən o dövrdə qəzetə diqqətçəkən ad verə bilməzdin. İllərlə çar müstəmləkəçilərinin süründürməçilik əzablarına tab gətirib, qəzet çıxarmaq üçün icazə alanda bilirdin ki, qəzetin adı da, orada yazılanlar da zərrəbinlə analiz ediləcək. Buna görə də çarizmin diqqətini çəkməyən ad altında, sərlövhələr altında nəzərində tutduqlarının hamısını həyata keçirməyə başladın. Axı bu barədə özün də “Həyat” qəzetində dərc edilmiş “Rusiyada əvvəlimci türk qəzeti” adlı məqaləndə yazırdın: “Bizim qubernator... general Staroselski, doğrudur, xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə də Qafqazın yerli əhlini artıq dost tuturdu... mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izn aldım”.
Səni sevənlər, davamçıların sübut etdilər, Azərbaycan Respublikası Elmlər Akademiyası yanında Respublika Əlyazmaları fondundan əlyazmalarını araşdırdılar və əsl məqsədini ortaya qoydular: “Əkinçi”nin qarşısında, hər şeydən əvvəl, siyasi vəzifə dururdu və əkinçilik vəzifələri ona tabe idi. Dini mövhumata qarşı mübarizə, dini məktəblərin pislənməsi, yeni, dünyəvi elmlərin geniş təbliği, xalqı azadlığa çağırmaq, geniş maarif uğrunda mübarizə əkinçilik məsələləri dairəsindən çox-çox kənara çıxırdı. Qəzetin bölmələrinə ayrı-ayrı adlar qoyulmasına baxmayaraq, onlar adları çəkilən bu məsələlərlə üzvi sürətdə bağlı idi. Sənin öz dilinlə həmin misallardan biri... “Əkinçi”, 14 aprel, 1876-cı il. “...Mənim dostum...mənə yazır ki, haçan elmi-əbdan bəhsindən əl çəkəcəksiniz və o bəhsin qəzetdə işi nədir? Ondan əlavə yazır ki, ol qədər qəzetdə elmi təhsil etmək xüsusunda yazırsınız ki, qorxuram bu ən qərib zamanda xalqın qəzet oxumaqdan rəğbəti kəsilsin... Salisən, qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikbədindən xəbərdar olub onun əlacının dalıncan olsun... Pəs, dostum, doğru deyiblər ki, əlhəqq mürrün (doğru söz acı olur). Amma bizə hökm olub ki: qülil-həqq və löv kanə mürrün (deyin sözün doğrusunu acı da olsa)!”
Söz yox ki, bəylərin, mülkədarların əlində cəmləşən torpaqların onların əlindən alınaraq kəndlilərin xüsusi mülkiyyətinə, istifadəsinə verilməsinə çox cidd-cəhd göstərirdin. Təhqirlərə, təzyiqlərə, hədə-qorxulara məruz qalsan da, bir kəndli ideoloqu kimi onlara hüquqlarını anladır, qorxmazlığın və cəsurluğunla qoluzorlulara qarşı çıxır, kəndlini aldadan, əməyini istismar edənlərlə mübarizə aparırdın.
Nəhayət, Həsən bəy, bunu əvvəldən anlamalı idik ki, çarizm doğru söz danışanların dilini kəsdiyi, susdurduğu halda, təbii ki, milli mətbuat yaratmaq təşəbbüsündə olanlara imkan verməzdi. Çünki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdi. Avropada, Rusiyada – gözünün qarşısında milli mətbuatının yaranmasının xalqa, millətə müsbət nəticələrini görür, müstəmləkə siyasətində bunun heç də yaxşı nəticə verməyəcəyini, sözün kütlələrin şüurunda inqilab yaradacağını gün kimi aydın bilirdi. Elə məhz buna görə də ictimai quruluşda dönüş yarana biləcəyinə əmin olan çarizmin ən ehtiyat etdiyi sahə mətbuat idi. Bax bunlara görə sən o qədər incidildin, acılar çəkməyə məhkum oldun... Amma qalib gəldin...
150-dən ötən 365-lərdə nələr, nələr oldu... Bitdimi sandın, ustad?.. Mübarizə apardığın çarizmin mürtəce ünsürlərinin yerini sənin vəfatından cəmi 10 il sonra yeni bir “ittifaq” burjuaziyası aldı. Düz 70 il... Əgər sənin dövründəki çarizm siyasətini 70 il əsarətində yaşadığımız sovetlər birliyinin müstəmləkəçilik siyasəti ilə müqayisə etsək, xalqın eyni bəlalara düçar olduğunun, nəyi əldə etməkdə ləngidiyinin yalnız bu siyasətlə bağlı olduğunu aydınca görərik. Məgər 1917-18-ci illərdən 1990-cı illərədək xalqın yaşadıqları – müstəqilliyinin zorla əlindən alınması, 70 il rus imperiyasının əsarətində yaşaması, torpaqlarının erməni əli ilə işğalı, repressiyalar, ləkələr, qırğınlar, qanlar, xalqın saysız-hesabsız şəhid verməsi tarixən davam etdirilən bu siyasətin bəhrələri deyildimi? Bu xalqın başının çəkmədiyi bəlalar qalmadı…
Həsən bəy, banisi olduğun milli mətbuatın milli azadlıq hərəkatında nə qədər böyük rolu oldu, bilirsənmi? Qanında onsuz da azadlıq toxumu olan və mətbu çağırışlarla bu toxumların cücərərək azadlıq fədailərinə çevirdiyi azərbaycanlılar qanlar, qırğınlar bahasına 1991-ci ildə müstəqilliyimizi bərpa etdilər. Müstəmləkədən yaxa qurtardıq, müstəqil olduq. Lakin birinci – 1918-ci ildə qazandığımız müstəqillik qədər itirilmək təhlükəsində idi budəfəki müstəqilliyimiz də. Təsadüfə bax, elə mətbuat günündə – 22 iyulda gəldi xilaskarımız – böyük şəxsiyyət Heydər Əliyev. Vətəninin dar günündə – Azərbaycanı düşdüyü bəlalardan xilas etmək, müstəqilliyini qorumaq üçün gəldi. Bu gəlişlə xalq da xilas oldu, müstəqilliyimiz də, xilaskarın özü isə xalqın Ümummilli Liderinə çevrildi. O Xilaskar sənin yaratdığın mətbuatın əsl dostu, qədirbiləni oldu. O gəlişlə ölkəmizdə azad mətbuat formalaşdı, mətbuat üzərindəki 70 illik senzura sistemi ləğv edildi. Yüzlərlə qəzet redaksiyası yarandı. Jurnalistlərə söz, mətbuat azadlığı verildi. Onlar üçün fəxri adlar təsis olundu, əməkləri qiymətləndirildi, mənzil-məişət şəraitləri yaxşılaşdırıldı. Jurnalistlərin hər hansı problemini deyə biləcəkləri ünvan – Mətbuat Şurası, daha sonra Medianın İnkişafı Agentliyi yaradıldı. Ən qürur duyulası hal isə o oldu ki, jurnalistlər dördüncü hakimiyyətin nümayəndələrinə çevrilib birinci hakimiyyətin bütün sahələrdə köməkçiləri oldular.
Həsən bəy, ötən 365-lərdə “Əkinçi”nin yubileyləri haqqında sərəncamlar imzalanıb, təntənəli bayram tədbirləri keçirilib. Budur, “Əkinçi”mizin – Azərbaycan mətbuatının yubileyini qeyd edirik. Ölkəmizin Prezidenti cənab İlham Əliyev “Azərbaycan mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. “XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir”. Sərəncamda deyilən bu sözlər mətbuatımızın dünəninə – sənə – Həsən bəy Zərdabi şəxsiyyətinə və bugününə – biz jurnalistlərə verilən böyük dəyərdir.
Ey böyük ustad, ey böyük sələf, 34 yaşlı xələfin “Səs” qəzetindən də xəbər almaq istəyərsən, bilirəm. Odur ki, mən danışım, sən dinlə. Ölkəmizdə “Səs” kimi həm müstəqilliyimizlə yaşıd, həm də müstəqilliyimizin bərpasında, ondan sonrakı Azərbaycanın mürəkkəb ictimai-siyasi həyatında sözünü deməyi bacaran çox az sayda qəzet var. “Səs” qəzeti respublikanın ağır günlərində bir qrup ziyalının Ümummilli Lider Heydər Əliyevə təkidlə Bakıya-hakimiyyətə gəlməsi üçün ünvanladığı məktubu və onun cavabını çəkinmədən səhifələrində nəşr edən qəzetdir. Hansı ki, həmin dövrdə buna və digər haqlı səsinə görə təzyiqlərlə, təhdidlərlə qarşılaşmalı olmuşdu. Lakin “Səs” bugünkü Azərbaycan üçün hələ 30 il əvvəl öz haqq səsini qaldırmış, böyük uzaqgörənliklə Ulu Öndərimzin mövqeyindən çıxış edərək xalqın qurtuluşunu böyük Liderdə görmüşdür. Sonrakı illərdə də qəzet missiyasını ləyaqətlə yerinə yetirmiş, dövlət siyasətinin düzgün təbliğatçısına çevrilmişdir.
Bu qəzet sənin ənənələrinə sadiqliyi ilə bir qərinədir ki, ölkəmizin dünənindən bu gününə, bu günündən gələcəyə öz saldığı körpü ilə yollanır. Bu qəzet artıq qəzetlikdən məktəbədək ucalıb. Ölkəmizdə nə ziyalılar həyat yollarına bu qəzetin cığırıyla çıxıblar, ictimai-siyasi həyatın aparıcı qüvvələrinə çevriliblər. Ulu Öndərimiz də vaxtilə bu qəzetə yüksək qiymət verərək demişdir: “”Səs” qəzeti mənim üçün çox əziz və artıq Partiyamızın tarixində möhtəbər yer tutmuş qəzetdir. Bu qəzet qorxmadan ziyalıların mənə müraciətini və mənim cavabımı dərc edib… İndi də durmadan modernləşir, yaxşılaşır, arzum budur ki, daha da modernləşsin, yaxşılaşsın…”.
Həsən bəy, Azərbaycan mətbuatı ötən 30 ildən artıq dövrdə çətin və sınaqlarla dolu bir yol keçib. Yuxarıda da qeyd etdiyim 70 il, onun ardınca 1918-ci ildə qazandığımız, lakin əlimizdən alınan müstəqilliyimizin 1991-ci ildə bərpası illərindən üzü bu yana nə tarixi hadisələrlə qarşılaşıb. Bütün bu hadisələr kütləvi informasiya vasitələri tərəfindən tarixin səhifələrinə köçürülüb. Biz jurnalistlər 90-cı illərdə Birinci Vətən Müharibəsini, bu xalqın acılarını, başına gətirilən min bir oyunu qələmə almışıq. Həmin müharibədə verdiyimiz minlərlə şəhiddən, sağlamlığını itirən minlərlə qazidən yazanlar olmuşuq. Bu xalq 90-cı illərdə torpaq itirib, biz o torpaqlara həsrət soydaşlarımızdan, qaçqın, köçkün, didərgin statusu ilə yaşayan insanlardan ürək ağrısı ilə yazanlar olmuşuq.
Zəfərəqədərki illərdə dövlətimizin başçısı torpaqlarımızın qaytarılması üçün bütün beynəlxalq qurumlara üz tutdu. Lakin bizim haqq səsimizə səs verən olmadı. Biz jurnalistlər dövlət rəhbəri tərəfindən ölkəmizin inkişafı, eyni zamanda onunla paralel aparılan ordu quruculuğu, torpaqlarımızın geri alınması üçün görülən tədbirlərdən davamlı yazmışıq.
Həsən bəy, bilirsənmi, 2020-ci ildə, “Əkinçi”nin 145 illik yubileyindən cəmi 2 ay sonra nə baş verdi? Ermənilərin yeni torpaq iddiaları ortaya çıxdı. Bu dəfə səbir kasamız daşdı. Dövlətimizin başçısı onları susdurmağın vaxtı çatdığını bəyan etdi və İkinci Vətən Müharibəsi başlandı. Xalq öz Liderinin ətrafında birləşib “dəmir yumruğ”a çevrilərək onu düşmənin başına endirdi. Bütün dünya Azərbaycanın hərbi taktikasına, birliyinə, həmrəyliyinə heyran qaldı. Biz 2020-ci ilin payızının 44 günü ərzində düşmən üzərində Zəfər çaldıq. Bu dəfə də minlərlə şəhidimiz, qazimiz oldu. Lakin şərəf işimizi həll etdik, torpaqlarımızı geri aldıq. Neçə jurnalistimiz cəbhədən reportaj hazırlayarkən şəhid oldu. Bütün şəhidlərimiz, həm də həmkarlarımız üçün çox kədərləndik, lakin Zəfərimiz üçün də çox sevindik. Biz oğullu-qızlı- hamımız canımızdan keçməyə hazırıq. Təki bir qarış torpağımız düşmən əlinə keçməsin. Axı torpaq namusdur.
Həsən bəy, bilirsənmi, biz necə xoşbəxt jurnalistlərik? Çünki Zəfərdən, qələbədən yazmaq nəsibimiz oldu. O torpaqlara gedib onları görmək qismətimiz oldu. Düşmən o yerlərdə daşı daş üstündə qoymayıb, xəbərin olsun. Lakin o torpaqların ətri eyni ətirdir: doğma ətir... Biz artıq Qarabağa qayıdırıq, Böyük Qayıdış başlanıb. Zəngilanın Ağalı kəndinin sakinləri, laçınlıların, ağdamlıların və sair soydaşlarımızın bir qismi dədə-baba yurdlarına qayıdıblar. Qarabağda bərpa işləri sürətlə aparılır. Yaxın gələcəkdə bütün rayonların sakinləri öz evlərinə qayıda biləcək. Bütün bunlardan mərhələli şəkildə yazmaq, bilirsənmi, nə qədər xoşdur?
Bütün bunları sənə çatdırmağımdan yəqin çox məmnun qaldın, Həsən bəy. Çünki ruhun narahat idi. Yaratdığın mətbu orqanın davamçılarının 30 ildə dayanmadan-durmadan bu mövzuda yazması böyük əndişənə çevrilmişdi. Gözün aydın, gözümüz aydın, ta torpaqlarımız azaddır.
Böyük ustad, ruhun şad olsun, qəbrin nurla dolsun. Çox xoşbəxt insanmışsan. Xoşbəxtsən, ona görə ki, əsr yarım bir dövrün yaddaşlarda qalanı, xatırlananısan. Həm də həyatın ən vacib sahəsi, insanlara hava və su qədər vacib olan mətbuatda. Xoşbəxtliyin bir də ondadır ki, 150 il öncə “Əkinçi” ilə birgə səpdiyin toxum 150-dən ötən hər 365-də elə inkişaf edib, şaxələnib, köklənib, cəmiyyətin elə bir gərəkli sahəsinə çevrilib ki, indi artıq heç kim həyatını mətbuatsız təsəvvür edə bilmir...
İyulun 19-da Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı mətbuatımız və jurnalistlər haqqında səsləndirdiyi dəyərli fikirləri ümumilikdə 150 illik tarixi yola verilən qiymətdir: Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram. Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır.
Mətanət Məmmədova