Xəbər verdiyimiz kimi, Azadlıq Hərəkatçıları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinin qalibi olmaqla “Dilimiz varlığımızdır” silsilə verilişlərin hazırlanması və efirdə nümayişi” layihəsini həyata keçirirdi. Layihə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Suverenlik və Konstitusiya ili” elan olunmasına həsr edilmişdi. Aldığımız məlumata əsasən layihənin icrası uğurla başa çatmışdır. Layihənin yekunları ilə bağlı layihə rəhbəri, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzovun fikirlərini oxuculara təqdim edir.
- Layihə günümüzün çox vacib problemlərindən birinə həsr edilmişdi. Sirr deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət Dili kimi təsbit olunan Azərbaycan dilinə münasibət heç də hər yerdə ürəkaçan deyil. Milli varlığımızın inikası olan Ana dilimizə, Dövlət dilimizə bir sıra sahələrdə qeyri-normal münasibət “Suverenlik və Konstitusiya ili”ndə bu layihəni icra etməyə bizi sövq etdi. Layihənin icra planına uyğun olaraq televiziya verilişlərinə hazırlıq məqsədilə müxtəlif sahələrdə dilimizdən istifadədə yol verilən qüsurlarla bağlı monitorinq keçirildi. Monitorinqdə bu sahədə səriştəsi olan dilçi alimlər – AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Monitorinq Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Sevinc xanım Əliyeva, ADPU-nun müəllimi, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülara xanım Əmirova, habelə tanınmış kino xadimi, Respublikanın Xalq Artisti, aktyor və kino-rejissor, Azərbaycan Respublikası Kino Agentliyinin bədii şurasının üzvü, Prezidentin fərdi təqaüdçüsü Əbdül Mahmudbəyli və digər sənət adamları, ziyalılar bizə yaxından kömək etdilər. Birmənalı deməliyik ki, araşdırmalar nəticəsində gəldiyimiz qənaət ondan ibarət oldu ki, Azərbaycan Respublikasının Dövlət və hakimiyyət orqanlarının, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dilimizə böyük qayğı və həssalıq göstərməsinə rəğmən bir sıra sahələrdə Azərbaycan dilinə, yumşaq desək, ögey münasibət var. Xüsusilə müstəqil kino yaradıcılıq təşkilatlarının istehsal etdikləri filmlərdə, reklam sahəsində, elektron mediada, televiziya proqramlarında vəziyyət dözülməzdir. Bütün bu sahələr üzrə monitorinq zamanı aşkar edilən faktlar ümumiləşdirildi və televiziya verilişlərində istifadə olundu. Həmçinin, hər bir verilişin əvvəlində tamaşaçılara təqdim etmək üçün səkkiz dəqiqəlik video-xülasə hazırladıq. Video-xülasədə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Uu Öndərin siyasətinin müdrik, yaradıcı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilimizin qorunması və inkişafı ilə bağlı genişmiqyaslı fəaliyyətlərindən söhbət gedir. Məqsədimiz hər kəsə xalqımızın taleyində misilsiz tarixi xidmətləri olan hər iki qüdrətli şəxsiyyətin Ana dilimizə həssas münasibətini bir daha xatırlatmaq və əlaqədar təşkilatları, eləcə də cəmiyyətin ziyalılarını bu baxımdan daha ciddi məsuliyyət daşıdıqlarını onların diqqətinə çatdırmaqdan ibarət olmuşdur. Birmənalı deyərdim ki, layihə çox yüksək səviyyədə başa vuruldu. İyul, avqust aylarında SƏS TV onlayn televiziyası ilə efirə gedən bütün verilişlər ictimaiyyətin ciddi marağına səbəb oldu. Bizə ünvanlanan yüzlərlə sual, rəy və təkliflər də bunu sübut edir. Layihədən çıxardığımız ən mühüm nəticə ondan ibarət oldu ki, ibtidai siniflərdən başlamış bütün təhsil pillələrində dilimizlə bağlı xüsusi proqramlar hazırlanıb həyata keçirilməlidir. Dilimizi qəsdən korlayan qurumlara və fiziki şəxslərə qarşı ciddi tədbirlər görülməlidir, ayrı-ayrı qurumlar və fiziki şəxslər qanuni məsuliyyətə cəlb edilməlidirlər. Əks-təqdirdə, görünən odur ki, dilimizə münasibətdə bəzi qurumlar və bəzi insanlar məsuliyyətlərini anlamayacaqlar.