“Anhedoniya, əslində, hamımızın tanıdığı və müxtəlif səviyyələrdə yaşadığı bir vəziyyətdir. Anhedoniya həyatdan zövq almama vəziyyəti deməkdir. Bu vəziyyətin əlamətləri arasında həyata laqeydlik, əvvəllər zövq verən fəaliyyətlərdən həzz ala bilməmək, həddindən artıq yuxu və ya yuxusuzluq, həddindən artıq yemək istəyi və ya iştahsızlıq, zəiflik və tükənmə, konsentrasiyanın olmaması, depressiya əhval-ruhiyyəsi, yavaş qavrayış və hərəkətlər daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Onun sözlərinə görə, səbəblərə nəzər saldıqda yenə geniş spektrlə qarşılaşırıq. Maddələrdən istifadə etdikdən sonra həzz səviyyəsinin azalması (tolerantlığın inkişafı), travmadan sonra xarici aləmdən uzaqlaşma, genetik meyl, müxtəlif dərmanların yan təsirləri nəticəsində əhvalın dəyişməsi, hormonal dəyişikliklər nəticəsində anhedoniyaya meyillilik kimi amillər, xroniki xəstəliklər nəticəsində orqanizmdə baş verən dəyişikliklər və aşağı sosial-iqtisadi səviyyənin anhedoniya ilə əlaqəli olduğu bilinir.
Y.Əsgərova onu da qeyd edib ki, tədqiqatçıların anhedoniyanı sosial və fiziki olmaqla iki qrupda araşdırırlar. Sosial anhedoniyada insanlarla vaxt keçirməkdən həzz alınmasa da, fiziki anhedoniyada qida, idman, musiqi və seksuallıq kimi fiziki stimullara biganəlik müşahidə edilir. Başqa sözlə desək, əgər insan sosial mühitlərdə heç bir duyğu oyada bilmirsə, bu mühitlərdə özünü yalnız mühitin tələblərini yerinə yetirməyə çalışırsa, özünü heç bir qrupa aid etmirsə və tək yaşamağa üstünlük verirsə, onun müxtəlif səviyyələrdə sosial səviyyələri ola bilər.
“Digər tərəfdən, sizi həyəcanlandıran heç bir fiziki fəaliyyət yoxdursa və fiziki cəhətdən məmnunedici fəaliyyətlərə qarşı emosiyalar hiss edə bilmirsinizsə, müxtəlif dərəcələrdə fiziki anhedoniyanız ola bilər. Özündə anhedoniyanın varlığını müşahidə edən insan bunu dəyişə bilərmi? Anhedoniyanın çoxlu müxtəlif səbəblərini nəzərə alsaq, qəti və yeganə həll üsulu olduğunu deyə bilmərik. Ümumiyyətlə, həyatımızda müsbət hisslər doğuran situasiyaları təsvir etmək, həyatımızda baş verən müxtəlif hadisələrlə qarşılaşaraq özümüzdəki müsbət komponentləri tanımaq qabiliyyətini artırmaq, bu məqsədlə sevgi və minnətdarlıq meditasiyaları etmək, mənəvi cəhətdən səxavətli olmaq üçün ətrafımızdakılara, həyata şükür etməyi inkişaf etdirmək anhedoniyanın aradan qaldırılması üçün təklif olunan üsullardan biri kimi irəli sürülür. Müəyyən xəstəliklərin baş verdiyi hallarda kömək almaq ən yaxşı seçim ola bilər. Şüurlu və ya şüursuz həyata laqeydlikdən yarandığı hallarda həll yolu gözümüzün önündə dayanır. Necə ki, özümüzü laqeydliyə öyrəşdirmişik və zaman keçdikcə müvafiq zehni bölgələrimizi kütləşdirmişik, həyatı doya-doya yaşamağa və müsbətləri görməyə çalışaraq zamanla zehnimizi bu istiqamətdə gücləndirə bilərik”, - deyə Y.Əsgərova qeyd edib.
Afət Tahirqızı
Məhdud sayda buraxılan avtomobil cəmi 20 avtomobildən ibarət olacaq…
Psixiatr bu iki vəziyyəti necə müəyyən edəcəyinizi izah edir...