PDF Oxu

Sosial

  • 982

Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

image

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda anım tədbiri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, anım tədbiri dəyirmi masa formatında təşkil olunub. Tədbirdə Milli Məclisinin deputatı Sabir Hacıyev, MDB PA Şurası Baş katibinin müavini – Milli Məclisin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycan icmasının nümayəndələri və baş konsulluğun əməkdaşları iştirak ediblər.

Çıxışçılar Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib, bu terror aktının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Xocalı faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətin verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapıb və məhz onun təşəbbüsü ilə Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarına əsasən 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan edilib.

Eyni zamanda 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, Xocalının işğaldan azad olunması ilə şəhidlərimizin ruhunun şad olduğu vurğulanıb.

Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri keçirilib, sənədli film nümayiş etdirilib və faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi verilib.

Digər xəbərlər