Bu xalq torpağı namus hesab edir. Bu namus haqqında danışmağın zamanı, anı yoxdur. Hər an danışmalıyıq. Danışdıqca da işğalı unutmamalı, Zəfərin qüruru ilə yaşamalıyıq. Çünki torpaqlarımız erməni işğalında qaldıqca, yuxularımız şirin, başımız, qamətimiz dik ola bilməzdi. Biz özümüzdə güc hiss edən kimi o torpaqları geri almaq üçün ayağa qalxacaqdıq. 2016-ci ilin aprelində, 2018-ci ilin mayında, 2020-ci ilin iyulunda, 2020-ci ilin sentyabrında olduğu kimi. Bu gündən baxanda 9 il əvvəldə bir abidə görünür: Aprel abidəsi. Bu abidə adi abidə deyildi, məşəlli bir abidə idi, o, Zəfərə gedən yolu işıqlandırırdı. Apreldən maya, maydan iyula, iyuldan sentyabra uzanan yolun sonundakı Zəfəri... O Zəfər ki, itirdiyimiz generalımızla, polkovnikimizlə, minlərlə qurbanımız, yüzlərlə qazimizlə ona nail ola bildik.
Böyük yolun başlanğıcı
Böyük Zəfərə aparan yol öz başlanğıcını 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq dörd gün davam edən döyüşlərdən, 2018-ci il may ayının 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında həyata keçirilən Günnüt əməliyyatından, 2020-ci ilin tarixi iyul günlərindən götürmüşdü. Bu yolun başlanğıcında biz artıq torpaqlarımızı işğaldan azad etməyə hazır olduğumuzu bəyan etmişdik. Odur ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Beləliklə, Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.
Dövlətimizin başçısı iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.
Artıq vaxt gəlib çatmışdı, 2020-ci il bu zamanı reallaşdırdı. 30 ilin əvvəlində itirdiklərimizi 30 ilin tamamında geri almağa qalxdıq. İki 30 arasındakı zaman kəsiyi bu ölkəni əsarətdən müstəqilliyə, iqtisadi böhrandan inkişafa, ordu yoxluğundan ordu varlığına gətirib çıxarmışdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bütün sahələrin inkişafı üçün hazırladığı konsepsiya sonrakı illərdə uğurlu nəticələri ilə ölkəmizi dirçəltmiş, ərazi bütövlüyümüz məsələsini gündəmə gətirmişdi. Ötən illərdə ölkədə gənc nəslin vətənpərvər ruhda böyüməsi, torpaqların işğalı səbəblərinin olduğu kimi anladılması onların hər birində o ruhu formalaşdırmışdı ki, Vətən üçün bir əmr yetər.
Aprel döyüşləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə, 1994-cü ildə atəşkəs haqqında imzalanan sazişdən bəri ən şiddətli döyüşlər idi. Hələ də düşüncələri 1990-cı illərdə qalan ermənilərin bu dəfə də üstünlük əldə etmə kimi yanlış fikirləri elə həmin dörd gündə alt-üst oldu.
Aprel döyüşləri bir abidəyə çevrildi. Məşəlli bir abidəyə... Yanarlığı ilə xalqa qarşıda işıqlı yolun, o yolun sonunda isə Zəfərin olduğuna işarə verdi.
Düşmənə verilən aprel dərsinin davamı
Lakin düşmən düşmənliyində, tamahkar tamahkarlığında qalar, deyiblər. Erməni olasan, tamah dişini çəkib atasan, bu mümkün olan iş deyil. Həm də 1990-cı illərin havası yuxarıda da qeyd etdiyim kimi, bu tayfanı nədənsə tərk edə bilmirdi. Bu səbəbdən aradan dörd il ötəndən sonra yenidən baş qaldırdılar. Bu dəfə isə özlərinin də vurğuladığı kimi, böyük hazırlıqla. 2020-ci ilin iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Silahlı Qüvvələrimizin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid oldu, 5 nəfər yaralandı, onlardan biri daha sonra aldığı yaralardan dünyasını dəyişdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki vermişdi.
İyulun 13-də də qızğın döyüşlər getmişdi. Tovuz istiqamətində tərəflərin bir-birinə qarşılıqlı zərbələr endirməsi yenə də davam etmişdi. Ermənistan kütləvi informasiya vasitələri Ermənistan hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yaysalar da, Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını, mövqelərin əvvəlki qaydada qaldığını bildirmişdi. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmuşdu.
14 iyul döyüşləri isə yaddaşımıza həm ağır, həm də silinməz hadisə ilə həkk olundu. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdu. Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçumuz da həlak oldu. Bu döyüşlərdə yaralananlaratımız da var idi. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olmuşdu.
Biz torpaqlarımız-namusumuz uğrunda general-mayorumuzu, polkovnikimizi itirdik. Bununla sübut etdik ki, bu ölkədə sıravi əsgərdən tutmuş general- mayoradək, polkovnikədək hər kəs ərazi bütövlüyü uğrunda canından keçməyə hazırdır. Ta ki, Vətən tam olsun. Ta ki, əzəli torpaqlarımız, ata-baba yurdlarımız düşmən tapdağı altında qalmasın.
14 iyul hər bir azərbaycanlının qəlbində bir abidə ucaltdı. Bu abidə Polad Həşimov və İlqar Mirzəyev abidəsidir. Bu abidədə iyul döyüşlərində canından keçən bütün döyüşçülər iki yüksək rütbəli zabitimizin ətrafında birgə ucalıb. Bu abidə elə bir abidədir ki, əsrlər sonra da torpaqlarımızın azadlığına gedən yolda xatırlanacaq. Onların əziz xatirəsi hər zaman anılacaq, gələcək nəsillərə qürurla danışılacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bildirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.
Beləliklə, iyul döyüşləri bizim qürurumuzla yanaşı, həm də aprel döyüşləri zamanı düşmənə verilən dərsin davamı oldu.
Aprel abidəsi Zəfər abidəsinə çevrildi
Apreldən sentyabra-Zəfərə gedən yolda bu abidə həm də məşəl oldu. Həşimov və Mirzəyev bu məşəli əlləri ilə yandırıb bu yolu işıqlandırdılar. 44 günlük payızda əldə etdiyimiz Zəfər bu məşəllə işıqlandı, 44 günün hər bir şəhidi, qazisi bu məşəlin şölələrində əllərini isidib payızın sazağında, soyuğunda düşmənlə mübarizə apara bildilər.
Bu abidə ətrafına cəmi iki aydan sonra minlərlə şəhidi, yüzlərlə qazini topladı. Onlar abidədə dəmir yumruğa çevrildilər. Bütün dünyaya sübut etdilər ki, müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında cəmlənmiş yumruqlardır. Yeri gələndə düşmənin başına çırpılmağa hazır olan bu yumruqlar bir daha torpaqlarımızın bir qarışının belə itirilməsinə imkan verməyəcək.
2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt əməliyyatı qələbələri ilə 2020-ci ilin Tovuz döyüşlərində ermənilərin gücsüzlüyünü ortaya qoydu, eləcə də Tovuz döyüşləri sentyabrda başlayacaq İkinci Vətən Müharibəsinə zəmin yaratdı. Artıq yeni torpaqlar iddiasında olan düşmənə bundan gözəl cavab ola bilməzdi. Ermənini yerində oturtmağın zamanı gəlib çıxmışdı.
Aprel, may və iyul döyüşlərindən görünür ki, yetərincə dərs almayan düşmən sentyabr ayında yeni hücum əməliyyatlarına başlayanda bunu sübut etdirdi ki, bəli, o, həmin döyüşlərdən ibrət dərsi götürməyib. Belə olan təqdirdə isə onları yerlərində oturtmaqdan başqa çarə qalmadı.
Sentyabrın 27-də Ali Baş Komandandan əmr alan Azərbaycan Silahlı Qüvvələri hücuma başladı. Birinci Vətən Müharibəsindən başlanan yol İkinci Vətən Müharibəsində başa çatdı. Bu yolun hər addımında maneə olan erməni cəmi 44 gün içərisində elə yerində oturduldu, elə diz çökdü ki, əsrlər sonra da özünə gələ, səsini çıxara, Azərbaycan torpaqlarına tərəf baxa bilməz.
Bəli, 44 günlük müharibə həm Birinci Vətən Müharibəsi, həm də aprel, may, iyul döyüşlərinin iştirakçılarının qisası ilə nəticələndi. Eyni zamanda, minlərlə qaçqın, köçkün, didərgin adını illərlə üzərində daşıyan insanların intiqamını aldı düşməndən. Onların 30 ildə çəkdikləri torpaq həsrətinin, ata yurdu yanğısının, doğma ev-eşik nisğilinin səbəblərini cavablandırmağı tələb etdi düşməndən.
Düşmən tamahının, yalan və fırıldağının, qəddarlığının, illərdən bəri həyata keçirdiyi işğalçılıq siyasətinin, törətdiyi soyqırımı və faciələrin hər birinin cavabını aldı. “Böyük Ermənistan” xülyası nəhayət ki, əsrlər sonra XXI əsrdə boşa çıxdı. Ermənistanın vətəndaşına tutduğu divan da meydana çıxdı. İnsanları zorla döyüşməyə vadar etdiklərinin, bunun üçün küçələrdən gəncləri, qadınları, qocaları zorla maşınlara yığılıb cəbhəyə göndərdiklərinin, bütün bunların isə burada yaşayanların etirazına səbəb olduğunun şahidi olduq. Şahidi olduq ki, bu tayfa həqiqətən də yer üzündə görünməmiş vəhşi bir qəbilə imiş. 30 ildə daşı daş üstündə qoymadıqları rayonlarımızda gördük ki, onlar tək insan qatili deyil, həm də o insanların yurdlarının qatili imişlər.
Torpaqlarımız bir-bir azad olduqca, üçrəngli bayrağımız doğma torpaqlarımızda dalğalandıqca, Zəfər dalğası ilə düşmənin bağrı çatladı, gözləri kor oldu.
O apreldən bu aprelə
Budur, o apreldən bu aprelə bizi düz 10 illik zaman fasiləsi ayırır. 2016-cı ilin apreli, 2026-cı ilin apreli. O apreldən bu aprelədək 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı, 2020-ci ildə İyul döyüşləri, həmin ilin sentyabrda başlanan Vətən müharibəsi, 44 günlük müharibənin Zəfərlə bitməsi, 2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri, Qarabağın tamamilə işğaldan azad olunması və soydaşlarımızın ata-baba yurdlarına qayıtması üçün görülən genişmiqyaslı quruculuq və bərpa işləri tariximizin şanlı səhifələrini təşkil edir.
Azərbaycan bu gün torpaqlarını ləyaqətlə qoruyur. 30 il sonra işğaldan azad etdiyi torpaqları isə göz bəbəyi kimi mühafizə edir. Biz son nəfərimizədək canımızdan keçərik, lakin bir qarış torpağımızın düşmən əsarətinə keçməsinə razı olmarıq. Bunu düşmən hələ də anlamayıbsa, özündən küssün, bu fikirdə olarsa, qarşıda onu nələrin gözləyəcəyini düşünsün.
Hər aprel o apreli qürurla yada salır. Aprel döyüşləri bir abidə yaradıb: igidlik, qəhrəmanlıq abidəsi. Zəfərə gedən yolun üzərində olan bu abidə daim qürurla dayanacaqdır. Neçə aprellər sonra da...
Mətanət Məmmədova
Oyanma tez-tez sidik ifrazı istəyi ilə müşayiət olunur...