Müasir texnologiya, internet resursları imkan verir ki, hər kəs sözünü desin, hansı mədəniyyətə, səviyyəyə, biliyə malik olduğunu milyonlarla insanla paylaşa bilsin. Bunun müsbət tərəfi ondan ibarətdir ki, yaxşılar paylaşılır, çox insanın görməsi, maariflənməsi, öyrənməsi ilə nəticələnir. Pis tərəfi isə odur ki, çoxsaylı insan etik davranış qaydalarını hələ öyrənməli olduğunu, mədəni səviyyəyə yüksəlmək, biliyini, təhsilini artırmaq ehtiyacını da milyonlarla insana təqdim edir.
İki-üç gün əvvəl Dənizkənarı Milli Parkda yaşıllığa sitəm edənlərin içərisində hətta blogerlərin də olduğu xoşagəlməz hadisəyə münasibət bildirmək istəyirəm, çünki hadisə kiçik hadisə deyil, ictimai qınaq istəyir.
Blogger hər hansı bir sahə üzrə bilik və bacarığını, təcrübələrini, səyahət gündəliyini insanlarla bölüşən şəxsdir. Məqsəd b(v)loqlar paylaşmaqla gündəm yaratmaq, insanlara faydalı olmaqdır. Onları təbiət gözəllikləri, texnoloji yeniliklər, səyahətlər, moda və sair ilə bağlı bölüşdükləri videolarla, yazdıqları yazı ilə məlumatlandırmaqdır.
Təəssüf ki, çox şahidi oluruq ki, özünü cəmiyyətə bloger kimi tanıdan, lakin öz fəaliyyəti ilə bağlı məlumatı, hətta etik davranış qaydaları haqqında təsəvvürü olmayan şəxslər var. Məsələn, indi çoxsaylı gənci bahalı həyata- “parlaqlıq”, “kübarlıq”, “zənginlik” ehtiva edən, yaxşı yaşayışa çağıran, ən bahalı ticarət mərkəzlərindən, tanınmış markalardan geyinməyə səsləyən, ən bahalı kafe-restoranlarda yemək-içmək kimi videolarla aşıq edən blogerlər az deyil. Bəzən məlumatlandırma, maarifləndirmə dərəcəsini aşan, bəzən ümumiyyətlə, uyğun gəlməyən, bəzənsə bloger fəaliyyəti ilə əsla uzlaşmayan belə videolar blogerlik fəaliyyətidirmi?
Məsələn, dənizkənarı parkda yaşıllığa sitəm etməklə vloq yaratmaq da heç bir halda blogerlik fəaliyyəti ola bilməz. Sən get gözəllik salonuna, bəzən-düzən və oradan üz tut dənizkənarı parka ki, güllərlə çoxsaylı şəkillər çəkdirib vlog paylşacam, olar, əlbəttə. Lakin güllərin içərisində deyil, kənardan, güllərin göründüyü bir yerdən. Gül sahəsinə girmək, oranı ayaqlamaq, o tərəfə çevrilmək, bu yana dönmək, əyləşmək, uzanmaqla müxtəlif pozalarda şəkil çəkdirmək ki, mən bunu səhifəmdə paylaşacam, bu, heç bir etik davranışa uyğun deyil. İkincisi, güllər də sənin kimi canlıdır, onlara bu sitəmi etmək çoxsaylı canlını məhv etmək deməkdir. Üçüncüsü, o güllərin hər biri üçün bir dəfə əylib onları əkən insanlar var, bu hərəkətlər onların əməyinə çox böyük hörmətsizlikdir.
Bu hadisənin paytaxtda baş verməsi daha dözülməz haldır. Çünki hadisəni törədənlər arasında yeri gələndə rayon-kəndləri bəyənmənlərlə, oradakı insanlara “kəndçi” deyib sayğısızlıq nümayiş etdirənlərlə də qarşılaşmışıq. Paytaxtın mərkəzində yüksək şəhərli mədəniyyəti sərgisi budur?
Kiminsə səhifəsində video paylaşması məqsədilə təbiətə, insanların istirahəti, zövqü naminə salınmış yaşıllıqlardan onları təhqir edərək vloq yaratmaq istəyinə düşməsi belə günahdır.
Deyirəm bəlkə bizlər də günahkarıq? Çünki son vaxtlar blogerlərdən yuxarı başa dəvət edirk.etdiklərimiz var. Hətta qonağı olduğum televiziyalardan birində xəbər saatında baş verən hadisə barədə blogerdən məlumat alınması ilə də qarşılaşmışdım. O vaxt düşünmüşdüm ki, bu jurnalistlər haradadır ki, televiziya hadisə barədə xəbəri blogerdən alır? Həmkarlarımdan biri bir tədbirdə iştirak etmişdi. Orada da blogerlər qarşıdakı, jurnalistlər isə arxa sıralarda əyləşdirilmişdi. Ona görə, geyirəm bəlkə, bizdə də bir qədər günah var ki, kimisə kiminsə yerinə qoyuruq və sonra görürük ki, vay, yerləri səhv salmışıq.
İndi yenə deyəcəksiniz ki, köhnə fikirliyəm, geridə qalmışam, indi internet əsridir. Yaxşı, bunu deyənlər müasir fikirli olsunlar və blogerlərə məktəblərdə müəllim, xəstəxanalarda həkim, uşaq bağçalarında tərbiyəçi kimi fəaliyyətlərlə məşğul olması üçün qapıları açıq elan etsinlər.
Maraqlıdır ey, niyə məhz jurnalistika? Niyə yoldan keçən də, yolçuluq ərzində yorulan da nəfəsini jurnalistikada dərməlidir? Bura məgər hər hansı bir dayanacaqdırmı, istirahət mərkəzidirmi?
Hə, sual verən ola bilər ki, jurnalistikanı niyə söhbətə qatdın, belə cavab verim: ona görə jurnalistikadan söhbət açdım ki, həm yerləri səhv salmayaq, həm də onu bilək ki, etik davranış qaydaları jurnalistika fakültələrində dərs kimi keçilir. Yəni, jurnalistlər onu sonradan yox, təhsil dövründə əxz edirlər.
Demək istədiyim odur ki, birinci özümüzə hörmət hisssini formalaşdıraq, sonra harada necə hərəkət edəcəyimizi, nə danışa biləcəyimizi dərk edək, daha sonra edəcəyimiz hərəkətə və yaxud hansı sənətlə məşğul olacağımıza qərar verək.
Məsləhət də görürəm ki, elə hərəkətlər edək ki, çəkdiyimiz videoları səhifəmizdən silmək məcburiyyətində, məsuliyyətində, qorxusunda qalmayaq.
Mətanət Məmmədova
Futuroloq Pereslegin: Bəşəriyyət bu əsrdə Ayda şəhərlər tikəcək...
Qidanın düzgün saxlanması yalnız onun dadına deyil, həm də təhlükəsizliyinə birbaşa təsir göstərir..?
Alimlər izah edir..?