PDF Oxu

Sosial

  • 583

Bir ömrün adı: Əjdər İsmayılov -FOTO

image

Bu gün filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun doğum günüdür. Azərbaycan elminin ədəbiyyat, türkologiya və filologiya sahələrində dərin iz qoyan bu görkəmli şəxsiyyət təkcə alim kimi deyil, həm də ictimai-siyasi xadim olaraq yadda qalıb. O, 91-lərdən biri, Yeni Azərbaycan Partiyasının qurucularından biri kimi ölkənin siyasi tarixində də öz sözünü deyib.

Əjdər İsmayılov köklü və vətənpərvər bir nəslin davamçısı idi. Bu nəslin nümayəndələrində müşahidə olunan milli ruh, dövlətçilik düşüncəsi və ziyalılıq ənənəsi onun həyatında və fəaliyyətində açıq şəkildə hiss olunurdu. Bu dəyərlər bu gün də onun ailəsində yaşamaqdadır.

1938-ci il aprelin 23-də Naxçıvanın Şərur rayonunun Çomaxtur kəndində anadan olan Əjdər İsmayılov erkən yaşlarından elmə maraq göstərmiş, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alaraq dövrünün ən nüfuzlu alimlərindən dərs almışdır. Tələbəlik illərindən yaradıcılığa başlayan alim sonrakı illərdə müəllim, məktəb direktoru, mətbuat işçisi kimi çalışmış, həyatını elmə və maarifçiliyə həsr etmişdir. Onun elmi fəaliyyəti xüsusilə türkologiya və ədəbiyyatşünaslıq sahəsində əhəmiyyətli olmuşdur. "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kimi fundamental əsərlərində tarixi həqiqətləri araşdırmış, ciddi elmi arqumentlərlə mövqeyini ortaya qoymuşdur. Eyni zamanda Hüseyn Cavid yaradıcılığı ilə bağlı tədqiqatları Azərbaycan filologiya elminə dəyərli töhfələr vermişdir.

Əjdər İsmayılov yalnız elmi fəaliyyəti ilə deyil, həm də vətəndaş mövqeyi ilə seçilən ziyalılardan idi. Türkçülük ideyasına sadiqliyi, milli dəyərlərə bağlılığı və dövlətçilik prinsipinə verdiyi önəm onun həyat yolunun əsas xəttini təşkil edirdi. O, sözün həqiqi mənasında elm fədaisi idi.

Onu tanıyanlar professoru yüksək mədəniyyətə malik, prinsipial, qətiyyətli və mənəvi dəyərlərə bağlı bir insan kimi xatırlayır. Onun həyat fəlsəfəsi sadə, amma dərin məna daşıyan bir fikirdə cəmlənirdi: "Vətəni qoruyun."

84 illik ömrünü xalqına, dövlətinə və elmin inkişafına həsr edən Əjdər İsmayılov bu gün fiziki olaraq aramızda olmasa da, qoyduğu irs və ideyalar yaşayır. O, öz ömrü ilə bir məktəb, bir nümunə yaratdı.

Zeynəb Mustafazadə

Digər xəbərlər