Bu gün-30 aprel haqqında fəxrlə danışdığımız, qürur duyduğumuz Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılması günüdür. Ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan xüsusi təyinatlılar çoxlarımızın tanımadığı vətəndaşlarımızdır. Lakin tanımadığımız bu şəxslər haqqında çox məlumatlı olduğumuz üçün onlar bizim tanımadığımız tanışlardır. 2020-ci ildə İkinci Vətən müharibəsində döyüş əməliyyatları zamanı yazdıqları tarix, göstərdikləri çeviklik, bacarıq, taktika ilə, bəzənsə yüksəklikləri sinələrinin gücü ilə fəth edərək düşmənə dərs verən xüsusi təyinatlıların hünərinə, rəşadətinə, qəhrəmanlığına daha yaxından şahid olduq. Beləliklə, tanımadığımız, lakin bizə çox yaxından tanış olan bu Vətən övladları haqqında qəlbimizdə bir abidə ucaltdıq: bizim aslanların, igidlərin abidəsini.
Xüsusi Təyinatlı Qüvvələrin yaradılması 27 il əvvələ-1999-cu ilə təsadüf edir. Həmin il Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli Lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb.
Sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi təyinatlı qüvvələrə yüksək diqqəti sayəsində bu sahədə davamlı nailiyyətlər əldə olunub. Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.
Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək sağlamlıq, eyni zamanda böyük bacarıq, dözüm, qabiliyyət tələb edir. Ağır təlimlər, hərbi imtahanlar və iradə nümayişindən sonra bu qüvvələrə təyinat almaq mümkün olur. Həmin qüvvələrin üzvlərinə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.
Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, Vətən sevgisi və ölümü gözə almamamq həlledici amillərdən idi.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə 2022-ci il aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışı zamanı ətraflı söhbət açıb: “Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi. Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin, bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik.
Xüsusi Təyinatlı Qüvvələrin mənsubları döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüblər, eləcə də müxtəlif orden və medallarla təltif olunublar.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir. Onların sırasında müxtəlif tipli snayper silahları, pulemyotlar, tapançalar, tank əleyhinə idarəolunan raket kompleksləri, qumbara və qumbaraatanlar, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və sair var. Yerli sənayemizin istehsal etdiyi məhsullar da Xüsusi Təyinatlı Qüvvələr tərəfindən döyüşlərdə uğurla istifadə edilib.
Nəticədə isə bizim aslanlar, igidlər elə bir taktika nümayiş etdiriblər ki, illər, əsrlər sonra da bu, onların qəhrəmanlığı barədə hər söhbətin mövzusu olacaq. Dövlətimizin başçısı: Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq.
Vətən sevgisi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri sırasında birləşən hər bir övladımızın ürək döyüntüsüdür. Onlar bu sevgi və bilik və bacarıqlarını daha da artırmaqla verilən hər bir tapşırığı əzmlə yerinə yetirmək iqtidarındadır. Vətən onların nəfəsi, canıdır.
Bizim aslanlar və igidlər, gününüz mübarək olsun! Sizinlə qürur duyuruq!
Mətanət Məmmədova
Adi pəhriz və qeyri-aktiv istirahət fəaliyyətləri bədəndə dönməz prosesləri tətikləyə bilir...
Bu, Avrostatın son məlumatları ilə sübut olunur..?
Etanol neyrotoksin kimi təsir göstərir və zamanla sinir hüceyrələrini məhv edir. Lakin insanlar beyninin necə qocaldığını hiss etmirlər...