PDF Oxu

Sosial

  • 822

Bu, sənsən?..

image

Söz yox ki, hər bir qadın, xüsusilə də gənc qızlarımız hər gün güzgü qarşısında bəzənib-düzənmədən, makiyaj etmədən bayıra çıxmırlar, bu da təbiidir, çünki qadın baxımlı olmalıdır. Kimi universitetə, kimi işə, kimi toy-düyünə, kimi gəzməyə yollanır. Nəzərə alsaq ki, dövrümüzün dəblərindən biri də şəkil çəkdirməkdir, gün ərzində evdən çıxan qadınların əksəriyyətinin heç olmasa, bir necə şəkil çəkdirməməsi mümkün deyil.

Müxtəlif pozlarla çəkdirilən bu şəkillər isə hökmən sosial şəbəkələrdən birində nümayiş edilməlidir. Çünki dövrümüzdə özünü nümayiş, reklam etdirmə, tələbə, iş yoldaşlarına, qohumlara göstərmək kimi də bir dəb var. Elə ki, fotolar çəkildi, həmin dəqiqə paylaşıla bilməz. Gərəkdir ki, bu fotolar müxtəlif proqramlar vasitəsilə arzu olunan formaya salınsın, daha sonra paylaşılsın.

Sağ olsunlar, yeni texnologiyanın imkanlarını hər gün bir qədər də artıranlar. Son vaxtlar elə proqramlar var ki, onu əvvəldən seçməklə effektli şəkil çəkdirmək olur. Lakin bəla oradadır ki, bəzi qızlar həmin fotoların da üzərində bir qədər işləməli olur: ya burun kiçildir, ya dodaq böyüdür, ya da sızanaqlarını bir qədər də gizlədir, daha sonra paylaşırlar.

Həmin şəkillərə baxdıqca, lap yaxından tanıdığın birinin axı əslində o olmaması adama çox qəribə gəlir. Belə bir sual çıxır meydana ki, biz kimi aldadırıq? Axı əslində bu fotodakı sən deyilsən. Effektdən son həddə qədər istifadə edib özünü dəyişdirməklə deyil, sən, bu, deyilsən. Sən səhər güzgüdə gördüyün sənsən, sosial şəbəkələrdə paylaşdığın sən deyilsən.

Onsuz da kimin harada hansı fotosunu paylaşmasından asılı olmayaraq bir çərçivəsi var və həmin çərçivədəki hər kəs onu yaxşı tanıyır. Qaldı, kənardakı tanımayan insanlar, onlar da nə vaxtsa qarşılaşa və əslində necə olduğunu görə bilirlər.

Elə söhbətin bu yerində sosial şəbəkələrdən birində tanış olduğum qadın yadıma düşdü. Hər gün onu həmin sosial şəbəkədə görürdüm. Qadın o qədər gənc, gözəl görünürdü ki, adam baxdıqca baxmaq istəyirdi.

Günlərin birində bir tədbirdə həmin qadınla rastlaşmalı oldum. Salamlaşdıq, görüşdük, həyatda da tanış olduq. Lakin gördüm ki, o, heç də mənim indiyədək tanıdığım qadın deyil. Düzdür, çirkin qadın yoxdur, o da gözəldir. Lakin mənin hər gün gördüyüm gənc qadın deyildi. Nə üz dərisi gördüyüm kimi təravətli idi, nə gözlərinin altı parlaq və qırışsız. Gözlərinin altı həm qara ləkəli, həm də qırışlı idi. Üzü mən gördüyüm şəffaflıqda deyildi. O saat anladım ki, müasir dövrün fotolarla aldatdıqlarından biriyəm. Ürəyimdə sual verdim:-Bu, sənsən? Cavabını da təəssüf ki, özüm verməli oldum. Xeyr, bu, o deyil. Sən aldanmışlardansan...

Mətanət Məmmədova

Digər xəbərlər