Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasında Lənkəran rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib. Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovun, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyevin, Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovun, Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayevin və Şura üzvlərinin iştirak etdikləri yığıncaqda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Yığıncağın rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda qan tökən, can qoyan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Hesabat dövrü ərzində görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verən Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov deyib:- Şuranın üzvləri həmişə rayonun ictimai-siyasi həyatında fəal iştirak edib, cəmiyyətin müxtəlif sahələrində qarşılarında duran vəzifələri layiqincə yerinə yetiriblər.
Natiq, həmçinin dövlət tərəfindən ağsaqqallara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən dəstəyə görə ağsaqqallar adından dərin minnətdarlıq edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxışında dövlətimizin inkişafında ağsaqqalların və ziyalıların mühüm rol oynadığını vurğulayıb, rayon Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərini Şuranın fəal və məqsədyönlü fəaliyyətinin göstəricisi kimi qiymətləndirib. Akademik cari ilin aprelin 23-də keçirilən Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına cənab Prezident İlham Əliyevin müraciət ünvanladığını, Ağsaqqallar Şurasının fəaliyyətinə yüksək qiymət verildiyini və ağsaqqallıq institutu qarşısında yeni fəaliyyət istiqamətlərinin müəyyən olunduğunu bildirib.
Xalqımızın qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsinin milli irsimizin mühüm dayaqlarından olduğuna toxunan Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, ağsaqqalların cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanılmasıda, milli dövlətçilik ənənələrinin davam etdirilməsində, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində, gənclərin mənəvi tərbiyəsində, onların milli dəyərlərə bağlı, vətənpərvərlik ruhunda və sağlam həyat tərzi əsasında yetişməsində müstəsna xidmətləri vardır.
Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev çıxışında Ağsaqqalların cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını deyib.
Hesabat məruzəsi ətrafında çıxış və müzakirələr aparılıb, Şuranın fəaliyyətinin daha da gücləndirilməsi, ictimai təşəbbüslərin artırılması və gənclərlə işin genişləndirilməsi ilə bağlı təkliflər verilib.
Sonda hesabat qənaətbəxş hesab olunub, açıq səsvermə yolu ilə rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb, Eldar Hüseynov yenidən Lənkəran rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Sonda Şuranın fəaliyyətində yaxından iştirak edənlərə Fəxri Fərman təqdim edilib.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü