PDF Oxu

Sosial

  • 1 799

Demoqrafik disbalans: evlənmə və uşaq doğumu azalır, boşanma çoxalır- səbəblər və həll yolu nədir? - ANALİZ

image

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində 26837 nikah və 12370 boşanma halları qeydə alınıb. Son illərdə nigahların sayı azalıb, boşanmaların səviyyəsi isə nigahların 50 faizinə çatıb və bu tariximizdə ən yüksək göstəricidir. Bununla paralel olaraq evlənmə yaşı da getdikcə artır, hazırda ölkə üzrə orta evlənmə yaşı 30 faizi keçib.

Bəs bunun əsas səbəbləri nədir? Ailələr niyə boşanır, gənclər nə üçün evlənməkdə maraqlı deyillər? Qeyd etmək lazımdır ki, burada 2 əsas səbəb təsir göstərir: mənəvi deqradasiya və sosial-maddi vəziyyət. Bu yazıda hər iki səbəb toxunacağıq.

Bu tendensiya milli genofonda qarşı çox ciddi bir təhlükədir, demoqrafik vəziyyətin getdikcə ağırlaşması deməkdir. Bunun nəticələri və hara aparıb çıxaracağı məlumdur. Odur ki, buna yol açan səbəbləri aradan qaldırmaq lazımdır.

Evlənmələrin və uşaq doğumunun azalmasında sosial-maddi vəziyyətin rolu böyük olduğu halda, boşanmalarla bağlı bunu demək olmaz- boşanmalarda əsas səbəb mənəvi deqradasiyadır.

Müasir dövrdə sosial problər- işsizlik, gəlirlərin aşağı olması, evsizlik və bu kimi məsələlər gəncləri evlənməkdən çəkindirir. Faktiki olaraq, gənclərimizin bir çoxu işsizdir, işləyənlər isə ortalama 500-700 manat civarında maaş alırlar. Bu vəsait isə ən minimum ailənin- 3 nəfərin belə minimum xərcini ödəmir. Çünki ölkə üzrə yaşayış minimumu 300 manatdan çoxdur. Bu isə 3 nəfərə görə ən minimum halda 1000 manata yaxın vəsaitin lazım olduğu deməkdir. Gənclərin böyük bir hissəsinin evi yoxdur, qalanların isə atadan-anadan qalan evləri var. Evi olmayan 70 faiz gənc evlənəndə kirayədə qalmalıdır, bizdə isə kirayə qiymətləri elə orta maaşa bərabərdir, yəni qazandığını kirayəyə verməlisən. Bu halda ailə sahibi olmaq mümkün deyil. Ev almaq isə daha çətindir- Bakı ətrafında ən ucuz ev 50 min manatdır. Şəhər daxilində normal evlər isə (2-3 otaqlı sadə mənzil) 100-150 min manatdan başlayır. Ona görə gənclər evlənməkdən çəkinir, nə vaxtsa ev almaqlarını gözləyirlər. Bəzən bu mümkün olmur və 30-35 yaşdan sonra da evlənmək problem olur.

Evlənənlərin isə dünyaya uşaq gətirmə istəyi olmur- adətən 1, maksimum 2 uşaqla kifayətlənirlər. Bunun aradan qaldırılması üçün bir çox ölkələrdə müvafiq tədbirlər görülür. Gənclərin xüsusi dövlət proqramları vasitəsilə təhsil alması, müəyyən peşəyə yiyələnməsi, işlə təmin olunması, güzəştli şərtlərlə ev alması və s. imkanları yaradılır. Hətta bəzi ölkələrdə evlənənlərə dəstək məqsədilə dövlət tərəfindən əlavə vəsaitlər ödənilir. Bundan əlavə, normal məbləğdə birdəfəlik doğum haqqı və aylıq uşaqpulu tətbiq olunur.

Bizdə də bu tədbirlər görülməsə, ildən-ilə evlənmə faizi sürətlə aşağı düşəcək, evlənmə yaşı yenə artacaq. Hazırda 30-u keçibsə, tezliklə 40-ı keçə bilər. Belə olduqda bir çox şəxs evlənə bilməyəcək. Bu prosesin qarşısı alınmalıdır. Bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır.

Lakin qeyd etməliyik ki, evliliklərin və uşaq doğumunun azalması təkcə sosial-maddi problemlərlə bağlı deyil. Maddi cəhətdən imkanlı kateqoriya arasında da evliliyə və çoxuşaqlılığa (3 uşaq) maraq azalıb. Bu kateqoriya da evlənməyə maraq göstərmir, evlənəndə isə 1, maksimum 2 uşaqla kifayətlənirlər.

Bu isə mənəvi-psixoloji səbəblərlə bağlıdır. Son dövrlərdə müasir həyat tərzi, eqoizm təbliğatı və s. məsələlər gənclərin psixologiyasını dəyişdirib. Çox gənc artıq yalnız özü üçün yaşayır və ailə məsuliyyətinə girmək istəmir. Baxmayaraq ki, maddi imkanları da var, amma evlənməkdə maraqlı olmurlar.

Son 40 ildə uşaq doğumu 3 dəfə azalıb. Doğum sayı ildən-ilə azalır, artıq bir uşaqlı ailə modelinə keçirik. Bu halda isə əhalinin qocalması baş verir, əhali strukturunda uşaq və gənclərin çəkisi azalır, qocaların çəkisi artır. Bu isə demoqrafik problemlərə gətirib çıxarır.

Bir çox gənclərimiz daha yaxşı həyat üçün xarici ölkələrə üz tuturlar. Bu da işçi qüvvəsinin azalması ilə yanaşı, həm də beyin axını deməkdir. Çünki, gedənlərin bir çoxu istedadlı və intellektual gənclərdir. Bu gənclərin öz istedadlarını və bacarıqlarını ölkəmizin faydasına sərf etmələrinə şərait yaratmalıyıq.

Boşanların artmasında isə sosial-maddi səbəblərin təsiri yox səviyyəsindədir- əsas səbəb mənəvi deqradasiyadır. Çünki, tarixi təcrübədən keçmiş fakt var- maddi dəyərlər əsasında qurulan ailə dağılmağa məhkumdur, mənəvi dəyərlər əsasında qurulan ailə isə heç bir sosial-maddi çətinliklə dağılmır. Bunu həm dünya təcrübəsi göstərir, həm də öz tariximizin təcrübəsi. Boşanmalarda ən yüksək göstərici zəngin ölkələrdədir, ən aşağı göstərici isə yoxsul ölkələrdə. Bizim tarximizdə də belə olub, ən ağır sosial vəziyyətlərdə boşanma minimum olub, daha yaxşı sosial vəziyyətdə isə maksimuma çatıb.

Hər bir halda evlənmələrin və uşaq sayının artması, həmçinin boşanmaların azaldılması üçün 2 istiqamətdə tədbirlər görülməlidir- mənəvi dəyərlərimizə qarşı təbliğatların qarşısı alınmalı, əhaliyə sosial dəstək paketləri tətbiq olunmalıdır. Bunları etsək, Azərbaycan cəmiyyəti sağlam əsasda inkişaf edər və demoqrafik problemlərlə qarşılaşmarıq.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Digər xəbərlər