Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb.
Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır.
"Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - məlumatda qeyd olunub.
Həmçinin qeyd olunub ki, sinoptiklərin məlumatına əsasən iyunun 28-dək davam edəcək yağışlı havanın piyadaların hərəkətində də çətinliklər yaradacaq, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olacaq. Bu səbəbdən onlardan yağmurlu hava şəraitini nəzərə almağı, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinmək xahiş olunur.