PDF Oxu

Sosial

  • 706

Kəsilən hər ağac itirdiyimiz bir qolumuzdur

image

İnsan övladı harada yaşamasından asılı olmayaraq təbiəti, ətraf mühiti qorumaq barədə dəfələrlə fikirləşməlidir. Çünki onun həyatı bilavasitə təbiətlə sıx bağlıdır. Təbiətin, ətraf mühitin qorunması ilə bağlı çoxsaylı günlər təsis edilib ki, onlardan biri də 29 iyunun dünyada Beynəlxalq Tropiklər Günü kimi qeyd olunmasıdır. Bu, 2014-cü ilin eyni günündə BMT-nin ilk genişmiqyaslı "Tropiklər Dövləti" (State of the Tropics) hesabatının təqdim olunması ilə əlaqədardır. Günün məqsədi isə tropik bölgələrin bəşəriyyət üçün əvəzsiz əhəmiyyətini xatırlatmaq, onların üzləşdiyi problemlərə diqqət çəkmək və təbiətin qorunmasının vacibliyini vurğulamaqdır.

Yer kürəsinin tropik əraziləri ekvatorun ətrafında yerləşir və Cənubi Amerika, Afrika, Cənub-Şərqi Asiya, Okeaniya, Mərkəzi Amerika kimi geniş coğrafiyanı əhatə edir. Dünyadakı bütün meşələrin böyük hissəsi də məhz bu zonalarda yerləşir. Amazon, Konqo və Cənub-Şərqi Asiyanın tropik meşələri planetin "yaşıl ağciyərləri" hesab olunur. Tropiklər dünya biomüxtəlifliyinin təxminən 80%-ni əhatə edir və qlobal iqlim tarazlığında mühüm rol oynayır. Dünya əhalisinin təxminən 40 faizi burada yaşayır. Proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin yarısının və uşaqların böyük bir hissəsinin məhz tropik regionlarda yaşayacağı gözlənilir.

Tropik meşələr Yer atmosferindəki karbon qazını udaraq iqlim dəyişikliyinin təsirlərini azaldır, milyonlarla bitki və heyvan növünə ev sahibliyi edir. Alimlərin hesablamalarına görə, dünyadakı canlı növlərinin yarısından çoxu məhz tropik ekosistemlərdə yaşayır. Burada yetişən minlərlə bitki növü tibbdə, qida sənayesində və müxtəlif istehsal sahələrində istifadə olunur.

Bu ərazilər təkcə təbiət baxımından deyil, sosial və iqtisadi cəhətdən də mühüm əhəmiyyət daşıyır. Təxminən 3 milyard insan tropik zonalarda yaşayır. Onların dolanışığı kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı və turizmlə bağlıdır. Tropik bölgələr dünyanın ən böyük kakao, qəhvə, banan, ananas, kokos, manqo və təbii kauçuk istehsalçılarıdır.

Lakin son onilliklərdə tropik meşələr ciddi təhlükə ilə üz-üzə qalıb. Meşələrin qanunsuz qırılması, əkin sahələrinin genişləndirilməsi, mədən sənayesi, urbanizasiya və iqlim dəyişikliyi hər il milyonlarla hektar yaşıllığın məhvinə səbəb olur. Bunun nəticəsində nadir heyvan və bitki növləri yox olmaq təhlükəsi ilə üzləşir, atmosferə daha çox karbon qazı buraxılır və qlobal istiləşmə sürətlənir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, tropik meşələrin məhv edilməsi davam edərsə, gələcəkdə ekstremal hava hadisələri daha da artacaq, biomüxtəliflik azalacaq, su ehtiyatları və ərzaq təhlükəsizliyi üçün ciddi risklər yaranacaq. Bu nəzərə alınan bir çox ölkədə meşələrin bərpası, yeni yaşıllıqların salınması, qanunsuz ağackəsməyə qarşı mübarizə və davamlı meşə idarəçiliyi istiqamətində layihələr həyata keçirilir. Beynəlxalq təşkilatlar hesab edirlər ki, tropik meşələrin qorunması yalnız həmin ölkələrin deyil, bütün dünyanın ortaq məsuliyyətidir.

2016-cı ildə təsis edilən və 2017-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə elan edilən Beynəlxalq Tropiklər Günü hər zaman xatırladır ki, tropik meşələr yalnız müəyyən regionların sərvəti deyil. Onlar Yer kürəsinin iqlim tarazlığını qoruyan, milyonlarla canlıya həyat verən və gələcək nəsillərin rifahı üçün qorunmalı olan qlobal təbii irsdir. Elə bu məqsədlə hər il tropiklərin gələcəyinə həsr olunmuş hesabatlar və tədbirlər təşkil olunur.

Təəssüf ki, insan övladı yaşaması üçün əsas amil olan təbiətlə heç də ədalətli davranmır. Yuxarıda sadalananların, yəni təbiətətdən qoparılanların hər biri insan əli ilə edilir. İnsan zəkası, düşüncəsi nələrinsə əldə olunmasını təbiətdən nələrinsə qoparılması hesabına reallaşdırır. Bilə-bilə ki, ətraf mühit onun sağlamlığı, ömrünün uzunluğu, sərvəti, dolanışığı, çörəyidir, lakin yeri gələndə bütün bunları gözardı edib gəlirini daha önə qoyur. O gəlir, o maddiyyat ki, sağlamlıq olmayan yerdə bir işə yarımır. Bax elə əsas məsələ də budur: biz necə düşünürük?

Tək özümüzü deyil, övladımızı, gələcəyimizi belə düşünmürük. Axı dünya malı şirindir, deyirlər. Bax gözlərimizi elə dünya malı, hansı ki, elə dünyada da qalır, deyirlər, o, bağlayır. Neçə illər yaşayıb səfa görməyimiz üçün neçə-neçə illəri qurban verir, gələcəyimiz, övladlarımız üçün real təhlükə yaradırıq.

Təbiət hər zaman həyacan təbili çalır. Ona qarşı yaradılan təhlükələrə görə haray salır. Lakin təəssüf ki, bəzən gözlərimiz kor olduğu kimi, qulaqlarımız da kar olur. Nəticədə isə təbiəti məhv edirik.Bəlkə gözlərimizi və qulaqlarımızı hərdənbir açaq. Dünyanın yaşıl gözəlliklərini dünya malına qurban verməyək.

Uzun və sağlam ömürlü olmaq üçün bunu bir qədər dərindən dərk etmək və təbiəti qorumaq diəyilə...

Mətanət Məmmədova

Digər xəbərlər