Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır, müraciətləri dinlənilir, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, onlara hər cür qayğı göstərilir. Başçı Araz Əhmədovun Rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri ilə növbəti görüşdə bir daha bunun şahidi oldum.
Şəhid ailələri üzvlərinin , Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı giriş nitqində dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixidir. Birinci Qarabağ müharibəsində, Vətən müharibəsində və antiterror əməliyyatlarında qəhrəmanlıq göstərərək qanı bahasına tarix yazan igid Vətən övladlarının adları xalqımızın yaddaşında əbədi yaşayacaq, əziz xatirələri hər zaman dərin ehtiramla yad olunacaq.
Sonra bu sahədə rayonda görülən işlərlə əlaqədar çıxış üçün söz Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyevə verildi. O, dedi- Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri mütəmadi ziyarət edilir, onların sosial problemlərinin həlli istiqamətində məqsədyönlü işlər görülür. Şəhid ailələrinin üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının Masallı Mərkəzi Rayon Xəstəxanasında, eləcə də özəl tibb müəssisəsi olan Bioloji Təbabət Klinikasında tibbi müayinə və müalicədən keçirilməsi, dərman preparatları ilə təmin olunması daim diqqətdə saxlanılır. Zərurət yarandıqda onlar digər tibb müəssisələr də göndərilir, keyfiyyətli müalicə alırlar.
Həmçinin əlamətdar günlərdə şəhid ailələri və müharibə əlilləri ziyarət olunur, eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin üzvlərini növbədənkənar qəbul edir, onların müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində bütün vacib tədbirlər operativ qaydada həyata keçirilir. Bundan əlavə mütəmadi olaraq şəhidlərin məzarları ziyarət olunur.
Natiq çıxışının davamında bildirdi ki, şəhidlərin adlarını daşıyan küçələrdə asfalt örtüyünün salınması və əsaslı təmir işləri davam etdirilir. Hazırda 99 küçəyə ümumilikdə 131 653 kvadratmetr asfalt örtüyü döşənib. Eləcə Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə yeddi şəhid ailəsi üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilib, indinin özündə daha iki şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisi davam etdirilir. Bundan başqa, şəhid ailələrinin mənzillə təmin olunması məqsədilə yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Rayon rəhbərinin müraciəti əsasında aidiyyəti dövlət qurumu tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və yaxın gələcəkdə yaşayış binasının tikintisinə başlamaq nəzərdə tutulub. Onu da qeyd edim ki, 2026-cı ilin əvvəlindən hazırkı dövrədək şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına ümumilikdə 25938 manat məbləğində maddi yardım göstərilib. Cari ildə Rayon İcra Hakimiyyəti tərəfindən 5 şəhid ailəsi işlə təmin olunub. Ümumiyyətlə, şəhidlər başımızın tacıdır, onların ailələrinin qaysısına qalmaq bizim borcumuzdur. Rayonda şəhid ailələrin rifahına xidmət edən digər işlər də görülüb.
Tədbirin sonunda şəhid ailələrinin müraciətləri dinlənildi və rayon rəhbəri tərəfindən həlli istiqamətində tapşırıqlar verildi.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq etdilər və öz səmimi razılığını bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü