Sağlam ailə həyatı qurmaq bütün ağıllı insanların əsas amalıdır. Ailə bir dünyadır. Bu dünyanın səadəti isə qarşılıqlı məhəbbətdir. Alim-psixoloqları uzun araşdırmalar apardıqdan sonra tam şəkildə əmin olublar ki, ailə həyatının mənası, əbədi xoşbəxtliyi daha çox qadınlardan asılıdır. Bəli, ailə ocağının qoruyucusu qadındır. Yəni evin qadını nəcib, qurucu olanda həmin ailə möhkəm, davamlı olur, illərin qanadlarında saf sevgiyə dönərək fərəh mənbəyinə çevrilir. Vaxtı ilə Onere de Balzak da gözəl demişdir: “Qızların tərbiyəsi çox mühüm bir məsələdir. Çünki millətin gələcəyi anaların əlindədir”. Fəqət, xoşbəxt ailə cəmiyyətin sarsılmaz dayağıdır.
Qadın ailənin xoşbəxtliyi naminə özündə hansı xüsusiyyətlərini birləşdirməlidir. Alimlər bununla bağlı hər bir qadının öz kiçik sirri olmaqla bərabər, onlar üçün bir neçə məsləhət hazırlamışlar. Aşağıdakı göstərilənlərə əməl etməklə qadınlar həmişəlik ailə sədaqətinə tapınarlar.
1. Başlıcası qadın ailəsini, uşaqlarını sənətdən, karyeradan, eləcə də statusdan öndə tutmalıdır. O, qadınlıqla bağlı hər şeyə önəm verməli, öz kişisindən yüksəkdə durmamalıdır.
2. Yaxşı ailə böyük qüvvə, diqqət, qayğı, bacarıq istəyir. Bunlar kişidən daha çox qadından tələb olunur.
3. Bəzən ailədə dava, münaqişə başlanır. Bu zaman qadın günahı özündə axtarmalıdır. Həm də xasiyyət və hərəkətdə kişiyə çevirmək qadına heç də şərəf gətirmir. Qadının səbir etməsi ailədə əmin-amanlıq yaradır.
4.Yeri gələndə ərinizə müsbət keyfiyyətlərindən ürəklə danışın. Bütün xoşbəxtliyinizi onunla bağlayın. Kişilər qadından daha çox məhəbbət, qayğı, mehribanlıq, səmimiyyət gözləyir, bu xoş münasibətlə öz ailəsinə bağlanırlar. Onunla rəqabətə isə girməyin.
5. Ərinizə qarşı heç vaxt narazı, qaşqabaqlı çıxmayın.
6. Ailədə məhəbbət və borc qarşılıqlı fəaliyyət göstərməlidir. Ləyaqətli o qadındır ki, uşaqları atalarına qarşı sevgi və hörmət ruhunda, düzgün tərbiyələndirir.
7. Bir iş tutanda, birinci ərinizlə məsləhətləşin. Həmişə də onun fikirlərinə üstünlük verin.
Bəli, yaşadığımız dünyada bütün gözəlliklər ailə xoşbəxtliyindədir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü