Vətən nədir? Mən bu sualın cavabını tez-tez fikirləşirəm. Dərsliklərimizdə oxuyuram ki, Vətən bizim doğulduğumuz, böyüdüyümüz və addım-addım kəşf etdiyimiz yurdumuzdur. Mənə görə Vətən, həm də qürurlu bayrağımız və sinif yoldaşlarımla birgə oxuduğumuz himnimizdir.
Anamın və sinif rəhbərim Humay müəllimənin mənə öyrətdikləri sayəsində bilirəm ki, I Qarabağ müharibəsi zamanı torpaqlarımızın 20 faizi erməni işğalına məruz qalıb və bu, tariximizin çox ağrılı bir səhifəsidir. Ancaq Azərbaycan heç vaxt işğalla barışmayacağını nümayiş etdirmişdir. Dövlət başçımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı bütöv Azərbaycan üçün bir amal oldu. Bu şüarla da bütöv Azərbaycan xalqı cənab Prezidentin ətrafında 2020 –ci il sentyabrın 27-də Ermənistanın sərhəddə əks hücum əməliyyatına qarşı sıx birləşərək torpaqlarımızın bütövlüyü uğrunda səfərbər oldu. Anam mənə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun necə igidliklə vuruşduğunu, 44 gün ərzində Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını,Şuşanı və daha yüzlərlə kəndi necə azad etdiyimizi sevgi ilə izah edir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixinə "Zəfər salnaməsi" kimi həkk olunmuş, xalqımızın milli iradəsini və birliyini bütün dünyaya nümayiş etdirmişdir. Müəllimimiz bizə öyrədir ki, ordumuz “Dəmir yumruq” kimi birləşərək düşmənə unutmayacağı bir dərs verdi və torpaqlarımızı azad etdi. 8 noyabrda Şuşanın azad olunması dünya tarixinə düşəcək ən böyük qələbələrdən biridir. Müasir hərbi texnika və sursatla silahlanmış Azərbaycan ordusu, peşəkarlığı və ciddi intizamı ilə dünya hərb tarixinə düşdü. Təsadüfi deyil ki, hətta dünyanın ən güclü ordusuna malik ölkələri belə Azərbaycanın Vətən müharibəsindəki təcrübəsini öyrənir və bunun müharibələr tarixində yeni dövrün başlanğıcı olduğunu etiraf edirlər. Şəhid övladlarını “Vətən sağ olsun” deyərək məğrurluqla qarşılayan Azərbaycan xalqı müharibəyə hazır olduğu qədər qələbəyə layiq olduğunu da nümayiş etdirdi.Cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi güclü siyasətin, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. Qəhrəman hərbçilərimizin şücaəti sayəsində Ordumuz düşmənə göz dağı verdi. Hər gün irəliləyərk, yeni zəfərlərə imza atdı.
Anam fəxrlə deyir ki, ordumuz "Dəmir Yumruq" əməliyyatı ilə nəinki torpaqlarımızı azad etdi, həm də bütün dünyaya gücümüzü və birliyimizi nümayiş etdirdi. Müharibə başlayanda ilk günlərdə əsgərlərimiz qəhrəmanlıqla irəliləyərək Füzulini, Tərtəri və Murovdağda strateji yerləri azad etdilər.Daha sonra digər torpaqlarımız düşməndən azad oldu. 3 oktyabrda Suqovuşan azad edildikdə bütün xalqımız sevincə boğuldu. 4 oktyabrda Cəbrayıl, 9 oktyabrda isə Hadrut qəsəbəsi düşməndən təmizləndi.Ən çox qürurlandığımız məqamlardan biri də 18 oktyabrda Xudafərin körpüsü üzərində bayrağımızın dalğalanmasıdır. Bu, tariximizin ən əziz anlarından biridir. Ordumuz "qurd tələsi" kimi məşhur planla irəliləyirdi. Zəngilan, Ağbənd və Qubadlı da azad edildi. Amma ən böyük sevincimiz 8 noyabrda Şuşa şəhərinin azad olmasıdı. Bu xəbərin ölkə başçımız İlham Əliyev tərəfindən xalqa müraciət edilərək verilməsi, hər kəs kimi mənim ailəmə böyük sevinc hissi yaşadıb. Humay müəllimə vurğulayır ki, 10 noyabr bəyannaməsi ilə müharibə başa çatdı. Bəyannaməyə əsasən Ağdam (20 noyabr), Kəlbəcər (25 noyabr) və Laçın (1 dekabr) bir güllə belə atılmadan, siyasi iradə və qətiyyət sayəsində bizə geri qaytarıldı.
Anamla müəllimimin danışdıqlarından öyrənirəm ki, bu zəfər sayəsində tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə güclü Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində torpaqlarımız işğaldan azad edildi və xalqımızın illərlə çəkdiyi həsrətə son qoyuldu. Biz artıq qalib ölkənin uşaqlarıyıq.
Bizim üçün Qarabağ sadəcə torpaq parçası deyil, doğma evimiz, tariximiz və mədəniyyətimizin beşiyidir. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımıza qovuşmaq arzusu hər bir şagirdin, hər bir azərbaycanlının ən böyük xəyalı idi. İbtidai sinif şagirdi kimi mən dərk edirəm ki, müharibənin bizə ötürdüyü ən böyük dərs – vətənpərvərlikdir. Vətəni qorumaq təkcə silaha sarılmaq deyil, həm də onu elmi biliklərlə və zəhmətlə yüksəltməkdir. Bizim bu gün dərslərimizdə göstərdiyimiz yüksək nailiyyətlər, milli-mənəvi dəyərlərimizi yaşatmağımız Vətənə olan ən böyük töhfəmizdir.
Vətən müharibəsində əldə etdiyimiz Zəfər bizim gələcəyimiz üçün bir işıqdır. Biz bu yolda məsuliyyətli, savadlı və öz köklərinə bağlı vətəndaşlar kimi yetişməliyik. Çünki Azərbaycanın gələcək inkişafı bizim bu gün qazandığımız biliklərdən və Vətənimizə olan tükənməz sevgimizdən asılıdır. Mən fəxr edirəm ki, belə bir qalib ölkənin övladıyam.
Müəllimimin hər zaman biz şagirdlərinə öyüdü Vətəni qorumağın bir yolu da yaxşı oxumaqdır. Mən də söz verirəm ki, dərslərimi çox yaxşı oxuyacağam. Gələcəkdə savadlı həkim olub Vətənimiz üçün faydalı işlər görəcəyəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Vətənə xidmət insan üçün ən böyük şərəfdir.” Çünki Vətən bizə əmanətdir. Onu qorumaq, sevmək və daha da gözəlləşdirmək bizim borcumuzdur.
Ulu Öndər Heydər Əliyevin müdrik kəlamını böyük qürur hissi ilə xatırlayıram: “Mən fəxr edirəm ki, azərbaycanlıyam !”
Bizim belə igid əsgərlərimiz və Zəfər tariximiz var. Qələbə bizimdir!
Mirzəliyeva Nuray Vüqar qızı,
Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin 2-ci sinif şagirdi
“Quru yaxtası” olan Rolls-Royce Phantom Regatta necə görünür Bu lüks avtomobil xüsusi sifarişlə hazırlanır...