İşə gəlirəm, bir dəstə gənc oğlan dayanıb yolumun üstündə, aralarında şirin söhbət gedir. Yanlarından keçəndə ta qulağımı bağlamalı deyildim ki, söhbətlərinə qulaq müsafiri oldum. Eşitdim ki, oğlanlardan biri digərlərinə belə bir sual verir: siz heç manikürə getmişiniz? Vallah, bu suala nə təəccüblənən səs eşitdim, nə də heyrət səsi.
Dedim bir oxucularla bu məsələ barədə fikir mübadiləsi edək, bilək, görək, onların da xəbəri varmı ki, bəzi kişilər artıq manikür etdirir? Bilirəm, çoxlarınız oxuyub yenə mənim geridə qaldığım barədə fikirlərinizi bildirəcək, kişilərin manikürü qalacaq bir tərəfdə, başlayacaqsınız məndən danışmağa ki, ay belə geridə qalmısan. Ay belə hər şeyə burnunu uzadırsan. Ay belə sənə nə var, kim nə edir...
Lakin nə deyirsiniz, deyin, heç vecimə də deyil. Mən bu məsələdən yazmasaydım, bağrım çatlayardı. Ona görə də siz də Allah xətrinə, bir cavab verin, görək, sizlərdən də manikür etdirən varmı?
Kişilərdən də lazerə gedənin, tük uğrunda mübarizə aparanın olduğunu bilirdik. Həm də qadınlardan bu məsələdə geri qalmadıqları barədə də az-çox məlumatlı idik. Bu məqsədlə onlar üçün də ayrıca xidmət həyata keçirənlər var. Bunun üçün kişiləri qınayaq, yoxsa qınamayaq?
Axı kişilər hər gün üzlərini taraş etməkdən yorulublar. Həm də gözəl görünmək onların da haqqı deyil? Odur ki, qolları, ayaqları, qulaq-burunları bir kənara qalsın, üzlərini də lazer edirlər ki, canları bu mənasız tüklərdən qurtarsın. Əlbəttə, özləri bilər. Amma bildiyimiz bir məsələ var ki, bu lazer deyilən tük qənimi qadınlar və kişilər üçün eyni dərəcədə zərərlidir.
İndi kimdən soruşsan deyəcək ki, cəhənnəmə zərərlidir, nə edək, tüklərimizlə gəzək...
Əşi, özünüz bilərsiniz. Allahınız var, hər gün lazerə gedin. Mənim sualıma bir cavab verən olsun, görək, bu kişilərin manikür nəyinə gərəkdir? Dırnaqlarını kəsməyə vaxtları yoxdur, bunun üçün gedirlər yəqin, hə? Məqsəd başqa nə ola bilər ki?...
Ha baş sındırdım, cavab tapa bilmədim ki, bir kişi manikürə nə üçün gedər. Deyirəm yenə pedikür eşitsəydim, onları anlayardım ki, bəzən qarınları qoymur əyilib dırnaqlarını kəsməyə. Və yaxud da bəzən onlar da daban-ayaqlarını qadınların ayaq-dabanları, dırnaqları kimi təmiz, gözəl görünüşlü arzulaya bilərlər. Lakin bu manikür məsələsini anlaya bilmədim.
Haradasan, ay Molla Nəsrəddin? Gələsən, görək, bu, nə məsələdir? Sizin də vaxtınızda kişilər bu ədabazlıqları edirdilər, yoxsa indi “müasirləşiblər”. Məncə bu məsələni Molla eşitsə, ruhu da buraları birdəfəlik tərk edər. Odur ki, heç səsimizi eşitməsin, gəlməsin və bu məsələdən agah olmasın.
Özümüz məsələni müzakirə edək: kişilər manikürə nə üçün gedir?..
Mətanət Məmmədova