Xəzər Tibb Mərkəzində çalışan Elnarə Salahova öz peşəsinə ürəkdən bağlı olan, onu dərindən bilən, işıqlı təfəkkürə malik, ona üz tutan hər hansı bir xəstənin taleyini elə öz taleyi kimi düşünən, təvazökarlığı, sadəliyi ilə seçilən həkimlərdəndir. Mərkəzin baş həkimi Mübariz Ağayev deyir ki, bizdə nevrologiya şöbəsinin müdiri olan Elnarə həkim sevib-seçdiyi sənətinin nüfuzunu sağlam əqidəsi, saf düşüncəsi, yüksək insani keyfiyyətləri hesabına həmişə uca tutur.
Yuxu problemləri ilə əlaqədar həkim-nevroloq Elnarə Salahovaya sual verəndə o, dedi:- Stres, emosional gərginlik, gündəlik rejimin pozulması və uzun müddət ekran qarşısında qalmaq yuxunun keyfiyyətinə mənfi təsir göstərir. Yuxuya getməkdə çətinlik çəkmək, gecə ərzində tez-tez oyanmaq və səhərlər kifayət qədər özünü dincəlmiş hiss etməmək davamlı xarakter alırsa, bu vəziyyətə diqqət yetirmək çox vacibdir. Yuxu problemləri uzun müddət davam etdikdə insanın diqqətini, gündəlik fəaliyyətini, eləcə həyat keyfiyyətini aşağı salır.
Həkim onu da bildirdi ki, yuxu probleminin səbəbini müəyyən etmək üçün insanın yuxu rejimi, gündəlik vərdişləri, həmçinin ümumi vəziyyəti qiymətləndirilməlidir. Özbaşına yuxu dərmanları qəbul etmək əvəzinə, problem davamlı xarakter aldıqda mütləq həkimdən məsləhət alınmalıdır. Ən əsası yuxu rejiminə riayət etmək, yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtı azaltmaq, gün ərzində fiziki aktivliyə diqqət yetirmək yuxunun keyfiyyətini yaxşılaşdıran şərtlərdəndir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü