PDF Oxu

Sosial

  • 751

İntiqamın Vətən sevgisi - FOTO

image

21 sentyabrda şəhid İntiqam Abbasovun 48 yaşı tamam oldu
İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək öz adını Azərbaycanın yeni, şərəfli tarixinə yazan İntiqam Yavər oğlu Abbasov Masallı rayonu, Köşəkli kəndində boya-başa çatmışdı. Vətəninə olan sonsuz sevgisi onu İkinci Qarabağ savaşı zamanı şəhidlik zirvəsinə ucaldır. Beləcə yaşadığı həyat gələcək nəsillərə də örnək olmaqla ürəklərdə əbədiləşir. Vətəninə, millətinə baş ucalığı gətirən, mənən diri qalan şəhidimizin əbədiyyət adlı dünyasına həm də dövlət tərəfindən layiq görüldüyü “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” ”Füzulinin azad olunmasına görə” medalları əlavə olunur.
Bəli, Vətənə xüsusi xidmət göstərən, adı bütöv bir xalqın qəhrəman simvoluna dönən İntiqam Abbasov orta məktəbi bitirib Qarabağa dadanan yağıdan qisas almaq məqsədilə 1996-cı ildə hərbi xidmətə yollanır. Doğma Azərbaycana əsgər olan gündən özünü qorxmaz bir igid kimi göstərir, vətənpərvərliyi, dosta sədaqəti onu əsgər və zabitlərin sevimlisinə çevirir. Xidmət müddəti başa çatana qədər Vətənini göz bəbəyi tək qoruyur, hər an yolunda canını, qanını belə fəda edən qeyrətli oğullardan olur. Həmişə ürəyində mənfur erməni dığalarına qarşı nifrət, kin bəsləyən İntiqam özünü hərbiyə bağlayır. Gizirlər məktəbində oxuyub PDM-2 komandiri ixtisasına yiyələnir. N saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində ermənilərdən alacağı qisas gününə hazırlaşır. Bir müddət keçəndən sonra PDM-3 komandiri olur. 2014-cü il sentyabr ayının 27-də isə BTR-82A komandiri vəzifəsində çalışmaqla hərbin sirlərini daha ətraflı öyrənir, vacib təlimlərdə fəallığı rəhbərliyin diqqət mərkəzindən yayınmır və hər əməlində xalq, Vətən üçün yararlı övlad olduğu bilinir.
Köksündə əsl qəhrəman ürəyi döyünən tankçı İntiqamın yağı üstə getməyi 2016-cı il Aprel döyüşlərində başlanır. Elə bu haqq savaşımızda düşmənlə sona qədər döyüşüb hər qarış Vətən torpaqlarının qisasını alacağına and içir. Bu qanlı müharibədə İntiqam kimi qəhrəman oğulların misilsiz şücaəti nəticədə ordumuz qələbə qazanır. Düşmənin neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını məhv edən İntiqam baş gizir rütbəsini alır.
Baş gizir İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşdə savaşa girir. O, ağır müharibə meydanında misilsiz şücaət göstərir. İki gündən qan qusdurduğu dığaların sayı bilinmir. Sentyabrın 29-da elə Füzulidə Vətənini canında əziz bilən İntiqam şəhidlik məqamına yüksəlir.
Onu da bildirim ki, qəhrəmanlığı dillərdə dastana dönən şəhidimiz ailəli idi. İki övladı yadigar qalıb. Qızı Xədicə və oğlu Əli.
Dahilər deyirlər ki, insan həyatının dəyəri illərlə deyil, Vətəninə, xalqına göstərdiyi təmənnasız xidmətlə ölçülür. İntiqam Abbasovda məhz Tanrının ona bəxş etdiyi ömrünü belə yaşadı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər