"Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Hər kəs öz dini inancına uyğun yaşamaqda sərbəstdir. Lakin məktəb təhsil müəssisəsidir və burada şagirdlər üçün müəyyən edilmiş vahid geyim forması, daxili intizam və təhsil qaydaları mövcuddur. Şagirdlərin məktəbə gələrkən həmin tələblərə əməl etməsi təhsil mühitinin ümumi prinsiplərindən biridir." Bu fikirləri SİA- ya Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, məktəbli forması ilə bağlı tələbləri dini inanclara qarşı münasibət kimi təqdim etmək və məsələni süni şəkildə başqa müstəviyə keçirmək düzgün deyil. Söhbət dini etiqad azadlığından deyil, məktəbdə hamı üçün müəyyən edilmiş geyim qaydalarına riayət olunmasından gedir.
Təəssüf ki, bu cür həssas məsələlərin siyasiləşdirilməsi və dini qarşıdurma müstəvisinə daşınması cəmiyyətdə gərginlik yarada bilər. Xüsusilə, sosial şəbəkələrdə dini mövzudan istifadə etməklə Azərbaycana qarşı çağırışların və təzyiq ritorikasının yayılması ciddi diqqət tələb edir. Belə hallarda xarici təsir ehtimalları yüksəlir və paylaşımlarda bu hiss olunur. Bəzən belə hallar ölkəmizi istəməyən qüvvələr tərəfindən idarəolunan prosesə çevrilir.
"Hesab edirəm ki, Azərbaycan dövlətinin maraqları cəmiyyətdə süni qarşıdurma yaratmaqda deyil, qanunlara hörmətin, dini etiqad azadlığının və sağlam təhsil mühitinin qorunmasındadır. Məktəbin qaydası məktəbdə, şəxsi dini seçim isə şəxsi həyatda öz yerini tapmalıdır. Bu məsələləri qarşı-qarşıya qoymaq nə xalqa, nə cəmiyyətə, nə də dövlətə fayda verir."-deyə, B.Quliyev əlavə edib.
Hökumətin açıqlamalarına və təbliğatına etibar edilmir...