Xalqın istəyini tərənnüm edən partiya
Dünən Samux rayonunun mədəniyyət evində YAP Samux rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin növbəti görüşü keçirildi. Görüşdə YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Məlahət İbrahimqızı və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, partiya fəalları, rayonun nüfuzlu şəxsləri və seçicilər iştirak etdilər. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbirdə çıxış edərək, bələdiyyə seçkilərinə hazırlıqla bağlı məlumat verdi. Bildirdi ki, YAP Samux rayon təşkilatı 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə çox ciddi və məsuliyyətlə hazırlaşır: "Partiya tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlər irəli sürülüb. Namizədlərin təxminən 30,5 faizi qadınlar, bir o qədər də gənclərdir. Ümid edirik ki, onlar seçicilərin etimadını qazanacaqlar".
G.Bayramov Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda YAP-ın ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik siyasi partiya olduğunu vurğuladı: "Respublikada keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası həmişə qələbə əldə edib və bununla da, alternativsiz siyasi qurum olduğunu sübuta yetirib. Bu baxımdan da, YAP Samux rayon təşkilatının da bu siyasi kampaniyada mütəşəkkillik nümayiş etdirməsi danılmazdır".
Görüşdə çıxış edən partiyanın səlahiyyətli nümayəndəsi, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, hazırda fəaliyyətdə olan bələdiyyələrin tərkibində qadınların və gənclərin təmsilçiliyi aşağıdır. Məhz ona görə də, builki seçkilərdə, əsasən, gənclərə və qadınlara üstünlük verilib. Çünki hər iki təbəqə cəmiyyətdə böyük potensiala malikdir.
Qadınların ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını söyləyən M.İbrahimqızı onların dövlət strukturlarında təmsilçiliyinin qənaətbəxş olduğunu vurğuladı: "Belə olan halda, bələdiyyələrdə də qadınların yüksək göstəricilərlə təmsilçiliyi vacibdir".
Səlahiyyətli nümayəndə Yeni Azərbaycan Partiyasının 2009-cu il bələdiyyə seçkisi kampaniyasını "Xalqa xidmət naminə" şüarı ilə apardığını bildirdi: "Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz xalqa xidmət etmək üçün partiya tərəfindən seçiliblər".
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələrinin "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən tənzimləndiyini qeyd etdi: "Ümumiyyətlə, son on ildə bələdiyyələrlə bağlı 30-a qədər qanunun hazırlanması, onu deməyə əsas verir ki, bələdiyyələrin fəaliyyətinin, onların statusunun təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası tamamlanıb. Digər tərəfdən, bələdiyyələrlə bağlı aparılan son islahatlar bələdiyyələrin inkişafında mühüm rol oynayacaq. Bələdiyyələrin birləşdirilməsi bu yerli özünüidarə strukturunun daha mütəşəkkil şəkildə işləməsinə imkan verəcək".
Görüşün sonunda bələdiyyə üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər çıxış edərək, hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inandıqlarını və vətəndaşlarımız onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət göstərən Ümummilli Lider Heydər Əliyev siyasi kursuna dəstək verəcəklərinə əmin olduqlarını söylədilər.
Bələdiyyə üzvlüyünə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı tərəfindən namizədlər irəli sürülən partiya üzvü Solmaz Nağıyeva çıxış edərək, bildirdi ki, böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. Bu baxımdan, inanıram ki, Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq".
Tədbirin sonunda seçicilərin sualları cavablandırıldı.