Qarabağın Azərbaycanlı İcması bəyanat yayıb
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Avropanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan "Euronews" televiziya kanalının yayımladığı, Dağlıq Qarabağla bağlı ictimai fikrin yanlış formalaşmasına şərait yaradan qərəzli və qeyri-obyektiv reportaja öz qəti etirazını bildirən bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ bölgəsinə ezam olunan "Euronews" telekanalının əməkdaşları çalışdıqları media qurumunun ənənələrinə zidd olaraq, Azərbaycanın əleyhinə hazırlanan "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı videomaterial təqdim ediblər. "DQR"-in müstəqil dövlət olması ilə bağlı bir neçə dəfə xatırlatmalar edilən bu veriliş başdan-ayağa anti-Azərbaycan xarakterlidir. Reportajda Dağlıq Qarabağdakı kilsə göstərilərək, bölgənin həm dini, həm də mənəvi baxımdan, Ermənistanın tərkib hissəsi olması qeyd olunur. Lakin kilsəni göstərib, Şuşada olan 17 məscid haqqında heç bir məlumatın verilməməsi insanda təəssüf doğurur.
Bəyanatda qeyd olunur ki, ən acınacaqlısı isə bu cür qeyri-obyektiv, birtərəfli və Avropanın ictimai rəyini çaşdırmağa yönəlmiş reportajın telekanalda dəfələrlə təkrarən yayımlanmasıdır.
"Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması adından bir daha bəyan edirik ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Erməni təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal edilmiş, azərbaycanlılara məxsus tarixi və mədəniyyət abidələri dağıdılaraq, erməni vandalizminin qurbanı olmuş, bir milyondan çox insan öz doğma yurdundan qovularaq, qaçqın və məcburi köçkün həyatı sürməkdədir" - deyə bəyanatda bildirilir.
İctimai birlik tarixi-siyasi faktların aşkar və kobud təhrifinə əsaslanan bu tip iddialara qəti etirazını bildirir. Geniş tamaşaçı auditoriyasına malik bir kanalın təxribat xarakterli reportajının Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri azaltdığı bildirilir. "Euronews" telekanalı bu cür qərəzli və qeyri-obyektiv reportajı ilə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan nizamlanma prosesinə ciddi xələl gətirir, regionda sülhün, əmin-amanlığın və qarşılıqlı etimadın yaranmasına ağır zərbə vurur. Bəyanata imza atanlar "Euronews" telekanalının bütün bu yanlışları aradan qaldıracağına, geniş auditoriyasına Azərbaycan ictimaiyyətinin mövqeyini çatdıracağına və tarixi həqiqətləri olduğu kimi işıqlandırmaq üçün tədbirlər görəcəyinə ümidvar olduqlarını bildirirlər.