Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesi davam edir. Siyasi partiyaların və müstəqil namizədlərin təbliğat-təşviqat kampaniyası ilə yanaşı, seçki komissiyalarının üzvləri üçün də treninqlər keçirilir.
Göyçayda məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilib
Bələdiyyə seçkiləri ilə əlaqədar 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələri dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilib. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun olaraq 3 gün ərzində keçirilən kurslar zamanı şəhər, qəsəbə və kəndlərdəki 75 məntəqə seçki komissiyasının sədrləri, katib və üzvləri iştirak ediblər.
Təlim-məşğələlərdə hər iki dairə seçki komissiyasının treninq qrupu tərəfindən "Seçki gününün iş prosedurları və müstəsna hallar", "Seçki günü məntəqə seçki komissiyasının sədr, katib və üzvlərinin rolu və vəzifələri", "Səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolunun doldurulması qaydaları" barədə geniş söz açılmış, videogörüntülər nümayiş etdirilib.
Treninqlərdə məlumat verilib ki, 88 saylı Göyçay Seçki Dairəsinin ərazisində yerləşən 41 seçki məntəqəsində 38 min 107, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə isə 34 məntəqədə 37 min 301 nəfərin adı seçici siyahısına salınıb.
İki dairə üzrə, ümumilikdə, 507 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. Namizədlər arasında 12 siyasi partiyanın təmsilçiləri var. Seçki məntəqələrində fərdi qaydada, eləcə də, siyasi partiya və QHT-ləri təmsil edən 650-dək yerli müşahidəçi fəaliyyət göstərəcək.
Neftçala rayonunda seçkilərə hazırlıq prosesi davam edir
61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasından "Səs" qəzetinə bildiriblər ki, dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə rayonda hərtərəfli hazırlıq görülüb.
Səsvermədə iştirak edəcək 39 min 434 nəfərin adı seçici siyahılarına daxil edilib. Rayondakı 38 seçki məntəqəsinin hamısı zəruri texniki avadanlıqla təmin olunub, komissiya üzvləri üçün təşkil edilən treninqlər vasitəsilə onların peşəkarlıq səviyyəsi xeyli artırılıb.
Qarşıdakı seçkilərdə rayon üzrə 6 müxtəlif siyasi partiyanın və bitərəflərin təmsilçisi olan 288 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb, siyasi təşviqatın təşkili üçün hamıya bərabər imkanlar yaradılıb.
Neftçalada seçkilərin gedişini 380 nəfər müşahidəçi izləyəcəkdir. Artıq namizədlər öz platformalarının izahı ilə bağlı seçiciləri ilə birbaşa canlı ünsiyyət yaratmağa başlayıblar.