2009-cu il Azərbaycan mətbuatının inkişafı üçün nə kimi əlamətdar hadisələrlə yadda qaldı? Sizcə, bu il yaradılan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının fəaliyyətinin müstəqilləşməsində, maliyyə problemlərinin qismən həllində nə kimi rol oynadı? Bu və ya digər suallarmızla qəzetlərin baş redaktorlarına müraciət etdik.
Sevinc Seyidova,
"Həftə İçi" qəzetinin baş redaktoru:
- Bütövlükdə, mətbuatın inkişafından söhbət gedirsə, fikrimcə, bu il onunla yadda qaldı ki, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin, sözügedən bu fonddan KİV-lərə maliyyə vəsaiti ayrıldı. Bütün il boyu ancaq bu layihələrin hazırlanması və təqdim olunmasi ilə onların həyata keçirilməsi prosesi yadda qaldı. Eyni zamanda, dövlət tərəfindən mətbuat işçilərinin peşə bayramı münasibətilə KİV nümayəndələrinə pul vəsaiti ayrıldı. Bu, təbii ki, jurnalistlərimizin sosial vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Amma ümumilikdə, məbuatın problemləri ötənilki kimi, yenə də bu il də mövcud olaraq qalıb. Yəni onların satış, abunə və reklam problemi, təbii ki, ötənilki kimi, bu il də həll olunmamış qaldı. Eyni zamanda, Mətbuat Şurasının işini də qiymətləndirmək lazımdır ki, bu il müddətində bir çox qəzetlərin adları reket qəzetlərinin siyahısına salındı və onların adları qəzetlərdə elan olundu.
Bildiyimiz kimi, fond yeni bir qurumdur və bunların işi də yenidir. Biz özümüz də bir qəzet nümayəndəsi olaraq, "Həftə İçi" dairəsində, ilk dəfədir ki, layihə həyata keçiririk. Fikrimcə, bu fondun yaradılması qəzetlərin müstəqil layihələr həyata keçirmələrinə yardımçı oldu.
Təbii ki, maliyyə problemləri olan qəzetlər də mövcuddur. Bu fondun yaradılması maliyyə problemlərinin həll olunmasına kömək eləməsə də, sadəcə olaraq, müəyyən məsələlərin həyata keçirilməsinə kömək oldu. Yəni layihə çərçivəsində maliyyə vəsaiti olmurdu ki, jurnalisti göndərək regiona. Bunun üçün ona yol xərcini və.s veririk. Yəni bu məsələlərdə yardımlar oldu. Amma bu layihə bütövlükdə, qəzetlərin problemlərini həll edə bilməz.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Fikrimcə, mətbuat üçün ən yaddaqalan əlamətdar hadisə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması olub. Təbii ki, bu fondun yaradılması, birbaşa olaraq, qəzetlərin daha yaxşı inkişaf etməsinə kömək edir. Artıq fondun builki büdcəsi təsdiq olundu ki, gələn ilədək fondun maliyyə büdcəsi artsın. KİV-lərdə daha bir yaddaqalan hadisə isə Mətbuat Şurasının reket qəzetlərlə mübarizə aparması və reketçiliklə məşğul olan qəzetlərin adlarını elan etməsidir.
Fikrimcə, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması qəzetlərin inkişafında kifayət qədər rol oynaya bilər. Yəni bəzi qəzetlərin hansında texniki çatışmazlıq varsa, o problemlər həll olunmaq üzrədir. Bildiyiniz kimi, 22 iyul mətbuat işçilərinin peşə bayramı münasibətilə sözügedən fond tərəfindən jurnalistlərə maliyyə vəsaiti ayrıldı. Fikrimcə, belə bir fondun yaradılmasından hiss olunur ki, həm redaksiyaların, həm də işçilərin maddi durumları yaxşılaşır.