Yeni Azərbaycan Partiyasına xalq dəstəyi güclüdür
Dünən YAP Dəvəçi rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Rəhimli, Gəndob və Pirəbədil kəndlərinin seçicilərilə növbəti görüş keçirdi. Qeyd edək ki, görüşdə 500 nəfərdən çox seçici iştirak etmişdir.
Görüşdə çıxış edən YAP Dəvəçi rayon təşkilatının sədri Mehdi Balabəyov "Partiyamızın digər yerli strukturları kimi, YAP Dəvəçi rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söyləyərək, bildirdi ki, rayonda 35 bələdiyyə fəaliyyət göstərir: "Seçkilərdə 15 bələdiyyəyə üzvlər seçiləcək. Bələdiyyə üzvlüyünə 261 nəfər namizədliyini irəli sürüb ki, onlardan 195 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınanların 32 nəfəri qadın, 57 nəfəri gəncdir. 137 nəfərin namizədliyi YAP Dəvəçi rayon təşkilatı tərəfindən irəli sürülmüşdür".
Dəvəçi sakinlərinin dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirdiyini vurğulayan M.Balabəyov qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söylədi: "Dəvəçililər Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir".
Tədbirdə YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Gülər Əhmədova çıxış edərək bələdiyyə seçkilərinin ölkənin həyatında əhəmiyyətli siyasi kampaniya olduğunu söylədi. Onun sözlərinə görə, əvvəlki seçkilərdə əldə olunan böyük qələbənin bu siyasi kampaniyada da YAP qələbəsi ilə başa vurulacağı şübhəsizdir. Səlahiyyətli nümayəndə partiyanın seçkilərdə müəyyən hədəflərinin olduğunu deyərək, bütün bunların seçki konsepsiyasında əks olunduğunu qeyd etdi. Azərbaycanda bələdiyyələrin 10 ildir fəaliyyət göstərdiyini xatırladan G.Əhmədova bildirdi ki, ötən müddət ərzində bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Millət vəkili onu da qeyd etdi ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir.
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Tahir Süleymanov çıxışında Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı qısa arayış verdi və bu vəzifələrin "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən tənzimləndiyini bildirdi: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Yeni Azərbaycan Partiyası 2009-cu il bələdiyyə seçkisi kampaniyasını da "Xalqa xidmət naminə" şüarı altında aparır. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz xalqa xidmət etmək üçün partiya tərəfindən seçiliblər. Səsləndirilən təkliflər vətəndaşların rahatlığına hesablanıb. Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. İnanıram ki, Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq və formalaşan Azərbaycan bələdiyyələri, Yeni Azərbaycan Partiyasının şüarında qeyd olunduğu kimi, var gücü ilə xalqına xidmət göstərəcək".
Millət vəkili Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan tarixindəki yerindən danışdı və iqtidar partiyasının daima xalq tərəfindən dəstəkləndiyini qeyd etdi: "Bunun ən əsas səbəbi isə bu partiyanın Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradlılmasıdır. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası hər zaman xalqın inamını işi ilə doğruldub. YAP hər dəfə seçicilərlə görüşə yeni proqramları ilə gəlir və problemlərin həllinə çalışır. Təəssüf ki, bəzi siyasi qüvvələr ölkəmizdə yaradılan bu demokratik şəraitdən istifadə etmir. Bunun səbəbi isə həmin qüvvələrin xalqla görüşməyə üzünün olmamasıdır. Mən əminəm ki, seçicilər səs verərkən, hər zaman olduğu kimi, bu amili yüksək qiymətləndirəcək".
Görüşdə, həmçinin, bələdiyyə üzvülüyünə namizədlər üzərilərinə düşən vəzifə barədə çıxış edərək, bildirdilər ki, seçiləcək şəxslər daim insanların arasında olmalı, onların qayğılarının aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak etməli və bu məsuliyyəti dərk edən namizədlər seçkilərə qatılmalıdırlar.
Sonda səlahiyyətli nümayəndələr seçiciləri maraqlandıran sualları cavablandırdılar.