PDF Oxu

Sosial

  • 9

Qarabağ müharibəsi əlilləri şikayət edir

Qarabağ müharibəsi əlilləri şikayət edir

Ölkəmizdə aztəminatlı ailələrə, ahıllara, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən əlillərə dövlət qayğısı ən yüksək səviyyələrdə qurulub. Demək olar ki, hər il sözügedən kateqoriyaya daxil olan insanların yaşayış durumunun yaxşılaşdırılması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilir. Onların yaşayış evləri ilə təmin olunması, pulsuz müalicəsi, eləcə də, istirahətləri dövlətin həyata keçirdiyi tədbirlər siyahısının ana xəttini təşkil edir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda, ümumilikdə, 468 min nəfər əlil var. Onlardan 168 mini qadın, 50 mini uşaq, qalanları isə kişilərdir. Ümumilikdə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olan ölkə vətəndaşlarının sayı 11 min nəfərdir. Birmənalı şəkildə, demək olar ki, əlillərin problemlərindən çox yazılıb, çox danışılıb. Amma bu problemlərin müəyyən hissəsi həll olunsa da, süni şəkildə yaradılan problemlər hələ də qalmaqdadır. Belə süni problemlərdən birini də Zərdab rayonunda yaşayan 88 nəfər Qarabağ müharibəsi əlili də yaşayır. Onların redaksiyamıza ünvanladıqları şikayət məktublarında deyilir: "2006-cı ilin martında Zərdab rayonunun mərkəzində onlar üçün 16 mənzilli ikimərtəbəli binanın inşasına başlanıldı. 2007-ci ilin əvvəlində isə bina istifadəyə verildi. Ancaq mənzillərin paylanılması süni əngəllər səbəbindən problemlərlə qarşılandı. İddia olundu ki, binanın ətrafında zəhərli maddələr mövcuddur ".
Qarabağ əlili Neman Yedigarovun, Əlvan Pirəliyevin, Fərman Qəhrəmanovun, Ədalət Cavadovun, Asif Qəhrəmanovun, Telman Kərimovun bizimlə söhbətində dediklərinə görə, problemin aradan qaldırılması üçün kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirliklərinə, eləcə də, Zərdab rayon icra hakimiyyətinə müraciət ediblər. Zərdab rayonundan Milli Məclisə deputat seçilən Jalə Əliyeva ilə bu barədə söhbətlər aparıblar: "Müraciətlərimizə hələ ki, baxılır. Ümidlərimizi üzmək fikrində də deyilik. Dövlətimiz öz vətəndaşlarına hər zaman sahib çıxıb. Biz Qarabağ müharibəsi əlilləri də dövlət qayğısından kənarda qalmamışıq. Hesab edirik ki, üzləşdiyimiz bu problem həll olunacaq".
Bizimlə söhbətində Milli Məclisin üzvü Jalə Əliyeva əlillərin, həqiqətən də, onlara müraciət etdiyini və bu məsələnin onun nəzarəti altında olduğunu söylədi: "Məndə olan məlumata görə, ekologiya və təbii sərvətlər nazirliyi həmin binanın ətrafında zəhərli maddələrin olmasına dair rəy verib. Məhz bundan sonra rayon icra hakimiyyəti ərazinin zəhərli tullantılardan təmizlənməsi üçün kənd təsərrüfatı nazirliyinə müraciət ünvanlayıb".
J.Əliyeva onu da qeyd etdi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş insanlara diqqət və qayğı göstərmək ən ali məqsədlərdəndir: "Zərdab rayon əlillərinin üzləşdikləri problemin qısa müddətdə aradan qaldırılması üçün tədbirlərimizi davam etdirəcəyik. Lazım gələrsə, əlillərin problemini Milli Məclisdə qaldıracağam".
Kənd təsərrüfatı nazirliyi yanında dövlət fitosanitariya nəzarət xidmətinin rəis müavini Ələddin Eyvazov da problemin aradan qaldırılması üçün xidmət tərəfindən müvafiq addımlar atıldığını bildirdi:"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının 5-11-ci bəndinə görə, respublika ərazisində istifadəyə yararsız, toksid xassəli, pestistli aqrokimyəvi maddələr regionlardan yığılaraq, Bakı şəhərinin 53 kilometrliyində inşa edilən Cəngi pestistli poliqonunda basdırılır".
Bu məsələ ilə bağlı hökumət tərəfindən vəsaitin ayrıldığını deyən Ə.Eyvazov xidmətin nəzarəti altında müəyyənləşdirilən podratçı təşkilatlar vasitəsilə regionlarda aşkarlanan zəhərli maddələrin yığılaraq, basdırıldığını söylədi. Rəis müavininin sözlərinə görə, Gəncə, Ağcəbədi, Goranboy, Zərdab, Ucar, Salyan və digər rayonlardan zəhərli kimyəvi maddələr yığılaraq, dövlət xidmətinin nəzarəti altında Cəngi pestist poliqonunda basdırılıb.
Ə.Eyvazov Zərdab rayonunda inşa edilən, ancaq zəhərli maddələrin əhatə olunduğu 16 mənzilli ikimərtəbəli binanın ərazisinin zəhərli tullantılardan təmizlənməsi üçün geniş tədbirlərin görüldüyünü söylədi. Qeyd etdi ki, bu işin davam etrilməsi üçün maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulur. Yəqin ki, əlillər üçün nəzərdə tutulan binanın ətrafının zəhərli tullantılardan təmizlənməsi prosesi 2010-cu ilin ilk aylarında tamamilə başa çatacaq.
Əlillərin şikayət məktubunda adıçəkilən ekologiya və təbii sərvətlər nazirliyi də Zərdab rayonunda əlillər üçün nəzərdə tutulan yaşayış binasının ətrafında zəhərli maddələrin aşkarlandığını bildirdi. Nazirliyin ətraf mühitin mühafizəsi departamentinin məsləhətçi-müfəttişi Akif Qəhrəmanov "Səs"in müxbiri ilə söhbətində bildirdi ki, Zərdab rayonunun icra hakimiyyəti tərəfindən nazirliyə əlillər üçün inşa edilən ikimərtəbəli 16 mənzilli binanın ətrafında zəhərli maddələrin olub-olmamasına dair monitorinqin aparılması xahişi ilə müraciət edilib: "Nazirlik tərəfindən işçi qrupu yaradılıb. Sözügedən binanın ətrafında monitorinq aparılıb. Məlub olub ki, binanın dörd tərəfinin torpaq səthində yarım metr qalınlığında zəhərli maddələr mövcuddur. Nazirlik bununla bağlı rayon icra hakimiyyətinə ərazinin təmizlənməsinin məqsədəuyğun olmasına dair cavab məktubu ünvanlayıb. Binaya insanların köçürülüb-köçürülməməsi isə müvafiq dövlət qurumlarının öz işidir".

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Digər xəbərlər