PDF Oxu

Sosial

  • 15

Gənclər Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər

Gənclər Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər
Dünən Binəqədi rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək seçicilərlə Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası davam etdiyini vurğulayaraq, bildirdi ki, artıq Binəqədinin müxtəlif ərazilərində, o cümlədən, Binəqədi, Biləcəri, M.Rəsulzadə, Dərnəgül və 8-ci mikrorayon sakinləri ilə görüşlər keçirilib. Bu istiqamətdə növbəti görüşün biri də bu gün 18 yaşına çatmış ilk dəfə seçki hüququndan istifadə edərək, səs verəcək gənclərdir. Rayon təşkilatının sədri yerli özünüidaretmə orqanlarının ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan struktur olduğunu önə çəkdi. Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə olduqca ciddi şəkildə hazırlaşdığını bildirdi. Bunun üçün sakinlər arasında maarifləndirmə işlərinin aparıldığını qeyd etdi. Özünüidarəetmə strukturu olan bələdiyyələr 10 ildir ki, yaranıb. Bələdiyyə sistemi ildən-ilə inkişaf edir, insanların bu struktura inamı artır, onların səlahiyyətləri daha aydın olur.
N.Xəlilov bildirdi ki, rayon ərazisində 5 bələdiyyə fəaliyyət göstərir ki, Yeni Azərbaycan Partiyası tərəfindən bu beş bələdiyyəyə 73 namizəd təqdim edilib ki, onlardan 16-sı qadın, 17-si isə gəncdir. Bu da o deməkdir ki, namizədlərin 50 faizə qədərini qadın və gənclər təşkil edir. YAP-ın bələdiyyə tərkibində gənclərə yer verilməsi onlara göstərilən etimadın təcəssümüdür. Bələdiyyə üzvləri gənclərin asudə vaxtlarının səmərəli keçməsinə üçün onlarla iş birliyi qurmalıdırlar.
Təşkilatın sədri aparıcı qüvvə olan gəncləri partiyanın layiqli namizədlərinə səs verməyə çağırdı. O, gənclərin məhz inkişafa, təminatlı gələcəyə, bələdiyyələrin daha da gücləndirilməsinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə əminliyini bildirdi.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Madar Musayev ölkəmizin son beş ildə inkişaf etdiyini bildirərək, qeyd etdi ki, xalqın böyük sosial dayağına malik olan YAP-ın bələdiyyə seçkilərində inamlı qələbəsini şərtləndirən bir çox faktorlar mövcuddur. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət respublikamızın inkişafını sürətləndirib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. Bu, bir həqiqətdir ki, ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Bu il Milli Məclis tərəfindən bələdiyyələrdə islahatların aparılması ilə bağlı qanun dəyişikliyi bu strukturun daha da inkişaf etməsinə imkan yaradacaq.
Millət vəkili bildirdi ki, demokratik Azərbaycan cəmiyyətində bələdiyyələrin inkişafı qanunauyğun prosesdir və ölkədə ictimai-siyasi sabitlik, insanların hüquq və mənafelərinin müdafiəsi, söz azadlığı, sosial-iqtisadi tərəqqi bu inkişafa hərtərəfli imkan verir. İnkarolunmazdır ki, bələdiyyələrin formalaşmasında və bir çox problemlərin həllində yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər mühüm əhəmiyyət kəsb edir. Demokratik seçkilər, digər tərəfdən bələdiyyələrə savadlı, qabiliyyətli, təşkilatçı insanların seçilməsi müvəffəqiyyətlərin əsasıdır. Bələdiyyəçilik sahəsində qarşıda duran bir çox problemin həll edilməsi bələdiyyə üzvlərinin fəaliyyətindən çox asılıdır. Buna görə də, özünüidəarəetmə strukturu olan bələdiyyələr hər birimizin həyatında xüsusi əhəmiyyət kəsb edir. Səlahiyyətli nümayəndə ilk dəfə səs verəcək gəncləri düzgün seçim edərək, partiyanın irəli sürdüyü namizədlərə səs verməyə dəvət etdi.
Tədbirdə partiyanın səlahiyyətli nümayəndəsi, millət vəkili Rafael Cəbrayılov ilk dəfə seçki hüququ qazanan gəncləri təbrik etdi. O, bələdiyyələrin fəaliyyətlərini izah edərək, qeyd etdi ki, bələdiyyələr seçildiyi ərazidə əhalinin problemlərini həll edən bir qurumdur. Bildirdi ki, Azərbaycan Konstitusiyasında bələdiyyələrin statusu ilə bağlı normalar təsbit olunmuşdur. İnkarolunmazdır ki, bələdiyyələrin formalaşmasında və bir çox problemlərin həllində yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər mühüm əhəmiyyət kəsb edir. Azad, şəffaf, demokratik seçkilər, digər tərəfdən bələdiyyələrə savadlı, qabiliyyətli, təşkilatçı, hörmətli insanların seçilməsi müvəffəqiyyətlərin əsasıdır. Bələdiyyəçilik sahəsində qarşıda duran bir çox problemin həll edilməsi bələdiyyə üzvlərinin fəaliyyətindən çox asılıdır.
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə gənclərə verilən seçki hüququndan istifədə edərək, partiyanın layiqli namizədlərinə səs verməyə çağırdı.
Sonra namizədlərdən Məlahət Həsənova, Qəhrəman Qəhrəmanov çıxış edərək, bələdiyyələrin qarşısında duran vəzifələrindən danışdılar.

Digər xəbərlər