Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı səsləndirdiyi sərt bəyanatı bu gün də ictimaiyyət tərəfindən geniş müzakirə edilməkdədir. Ölkə başçısının bu bəyanatını Ermənistan tərəf necə qarşılayıb və iki ölkə arasında müharibə başlayarsa, bu məsələdə Qərbin və başqa dövlətlərin mövqeyi necə olacaq? Bu və ya digər suallarla müsahiblərimizə müraciət etdik.
Aydın Mirzəzadə,
millət vəkili:
- Şübhəsiz ki, Prezidentimizin bu mövqeyi doğru mövqedir. Həmçinin, bu məsələ yerində olan və günün tələblərinə cavab verən bir məsələdir. Çünki burada söhbət münaqişəli bir ərazinin deyil, Azərbaycanın işğal edilmiş torpaqlarının bu işğaldan azad olunmasından gedir. Ermənistan bilməlidir ki, Azərbaycan torpaqlarını istənilən variantda işğaldan azad etmək fikrindədir. Bu gün isə, hələ ki, diplomatik yol özünü tam imkanlarını tükəndirməyib. Buna görə də, diplomatik yola üstünlük verilir. Ancaq bununla belə, ordu faktoru da gücləndirilir. Ermənistan sözügedən danışıqlarda Azərbaycanın müəyyən haqlı prinsiplərini qəbul edirsə, bu, o deməkdir ki, bizim çox güclü ordumuz var. Əgər Azərbaycan sülh danışıqlarından çıxarsa, ordu vasitəsilə öz problemini həll edəcəyini işğalçı ölkə yaxşı bilir. Bu faktla razılaşma Ermənistanda böyük itkilərin, əsasən də, maddi itkilərin baş verməsi deməkdir. Ermənistan situasiyadan minimum itkilərdən çıxmağa çalışır. Fikrimcə, problemin hərbi yolla həlli ilə bağlı verilən bəyanatlar Azərbaycan ictimaiyyətinin, Azərbaycan dövlətinin bugünkü istəklərini tamamilə düzgün əks etdirir.
Cəmil Həsənli,
Milli Məclisin deputatı:
- Azərbaycan sözügedən məsələdə kifayət qədər təmkinlilik nümayiş etdirib. Bildiyiniz kimi, artıq 20 ilə yaxındır ki, Azərbaycanın torpaqları Ermənistanın işğalı altındadır. Azərbaycan tərəf bu məsələni sülh yolu ilə həll etmək üçün bütün imkanlarından istifadə edir. Amma çox təəssüflər olsun ki, onun bu mövqeyi heç bir nəticə vermir və işğal altında olan ərazilər azad edilmir. Bunu nəzərə alaraq, Prezident İlham Əliyev məsələni bu cür qoyub və çox düzgün qoyub. Fikrimcə, Prezidentin bu mövqeyi xalq tərəfindən də müdafiə edilir.
Bu məsələni şərh etmək mənim üçün çətindir. Ancaq bununla bərabər, Qərbin və Minsk Qrupunun mövqeyi məni qane etmir. ABŞ-ın da təmsil olunduğu Minsk Qrupunun həmsədrlik institutunun siyasəti ona yönəlir ki, Azərbaycanı mövcud reallıqla barışdırsınlar. Fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələ ilə bağlı ortaya effektli bir təklif qoymurlar. Əslində, sözügedən problemin bu qədər yubadılması ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi yaxud bu problemi uzatmaq istiqamətindəki mövqeyi ilə bağlıdır. O ki qaldı, ABŞ-ın mövqeyinə, mənə elə gəlir ki, Birləşmiş Ştatların problemə münasibətdə ikili standartlardan istifadə etməsi dəfələrlə müşahidə olunub və bu da ABŞ-ın öz daxilində müəyyən seçki məsələləri ilə bağlı olan bəzi hissəsi var. Burada Ermənistana münasibətdə müəyyən himayəçilik prinsipləri də əlaqədar problemlərdir. Amma artıq qəti mövqe bildirməyin də məqamı çatıbdır. Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Bunu bütün dünya ABŞ da, digər maraqlı dövlətlər də bilməlidir.